Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Samir Abasov imtina etdi - "Neftçi" istefaya göndərdi

24.11.2025 18:23 10 baxış sayı 3 dəq. oxuma Metbuat
Samir Abasov imtina etdi - "Neftçi" istefaya göndərdi

"Neftçi" futbol klubu baş məşqçisi Samir Abasovla yollarını ayırıb. Bu qərar klub rəhbərliyi və baş məşqçinin iştirakı ilə baş tutan görüşdə verilib. Görüşdə komandanın cari mövsümdəki çıxışı hərtərəfli müzakirə edilib.


Klub rəhbərliyi bildirib ki, Abasova ötən ilin oktyabrında müqavilə bağlandığı vaxtdan bəri hər cür dəstək göstərilib. Ona transfer fəaliyyəti və komanda quruculuğunda tam səlahiyyət verilmişdi. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra edilən 14 transferin hamısı məhz baş məşqçinin istəyi və təsdiqi ilə həyata keçirilmişdi. Həmçinin komandanı tərk edən oyunçularla bağlı bütün qərarları da o vermişdi. Müqavilə bağlanarkən Samir Abasovun qarşısına yaradıcı və hücum futbolu sərgiləmək, eləcə də komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq kimi aydın hədəflər qoyulmuşdu.


Lakin keçən 12 tur ərzində nə komandanın inkişaf dinamikası, nə də turnir cədvəlində qərarlaşdığı yer klub üçün qənaətbəxş sayılmayıb. Baş məşqçi mövsüm ərzində komandanın oyundan oyuna yüksələn xətlə gedəcəyini və noyabr ayında futbolçuların ən yüksək formaya çatacağını vəd etsə də, son qarşılaşmalarda oyun keyfiyyətinin aşağı düşməsi müşahidə edilib. Cəmi 12 oyunda qazanılan 3 qələbə arzuolunan nəticə sayılmadı, "İmişli" ilə görüşdəki məğlubiyyət isə bu enişin kulminasiya nöqtəsi oldu.


Klub Abasovun "Neftçi"də həm oyunçu, həm də məşqçi kimi xidmətlərini, habelə bu mövsüm fəaliyyətində göstərdiyi çalışqanlığı nəzərə alaraq, peşəkar etika naminə ona özünün istefa verməsini təklif etdi. Samir Abasov isə gətirilən arqumentlərlə razılaşmadı. O, cari nəticələrin pis olmadığını və hazırkı uğursuzluqların məşqçi fəaliyyəti ilə deyil, təsadüfi faktorlarla bağlı olduğunu iddia etdi. Abasov mövsümün sonunda komandanın ilk "üçlüy"ə düşəcəyini söyləyərək istefa verməkdən imtina etdi. O bildirdi ki, klub müqaviləyə birtərəfli qaydada xitam verəcəyi təqdirdə tam həcmdə təzminat tələb edəcək. Bütün bunlar nəzərə alınaraq, "Neftçi" Samir Abasovu istefaya göndərdi.


Hazırda klub yeni baş məşqçi axtarışlarını davam etdirir. Komandanı "Turan Tovuz"la noyabrın 28-də keçiriləcək qarşılaşmaya Sənan Qurbanov hazırlayacaq.


S
Şahmat müxbiri

Şahmat və zehin idmanları haqqında yazıram. Azərbaycanın bu sahədə güclü ənənələri var və izləməyə dəyər.

Bütün məqalələrə baxın
Paylaş: