
Mehdiyevin şəbəkəsində kimlər var? - ADLAR

Prezident İlham Əliyev Azərbaycanın siyasi tarixindəki dəyərlərə, ənənələrə və siyasi irsə həmişə dərin ehtiram göstərib. O, müstəqillik tariximizdə dövlətin maraqları uğrunda çalışan, həmçinin ağır və mürəkkəb bir dövrdə ölkənin inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyevin komandasında olmuş şəxslərə də hörmətlə yanaşıb. Prezident Əliyev Ulu Öndərin komandasının üzvlərinin böyük bir qismi ilə siyasi hakimiyyətini davam etdirdi, onların uzun illər iqtidarda təmsil olunmasına şərait yaratdı. Zamanı gəldikdə, bu şəxslər yüksək dövlət təltifləri alaraq hörmətlə təqaüdə yola salındılar. Məsələn, sabiq baş nazir Artur Rasizadə "Heydər Əliyev" ordeni ilə şəxsən Prezident Əliyev tərəfindən mükafatlandırılıb. O, Rasizadəni Ulu Öndərin və özünün sadiq dostu kimi dəyərləndirdi. Baş nazirin müavinləri Elçin Əfəndiyev, Abid Şərifov, Əli Həsənov və digər məmurlar da diqqətdən kənarda qalmayıb, dövlətin ali mükafatları ilə təltif edildilər. Əsas prinsip həmişə dövlətə, dövlətçiliyə sədaqətlə xidmət və siyasi irsə hörmət olub. Lakin, uzun illər iqtidarda təmsil olunanlardan bəziləri dövlətə xələl gətirdi. Bunlar dövlətə külli miqdarda ziyan vuran, siyasi və iqtisadi əsaslara təhdid yaradan nankor və xəyanətkar məmurlar idilər. Ramiz Mehdiyev barədə aparılan istintaq məhz bu xəyanət hallarını ortaya çıxarır.
Düzdür, məsul vəzifə daşıyan şəxslərin müəyyən qüsurları bağışlanır, amma nankorluq və xəyanət bağışlanmır. Azərbaycanın xüsusi xidmət orqanları son 22 ildə bir neçə dəfə dövlət çevrilişi cəhdini ifşa ediblər. Bu xəyanətkar siyahının "parlaq" nümayəndələrindən biri Baş nazirin sabiq birinci müavini Abbas Abbasov hesab edilir. O da 2006-cı ildə vəzifəsindən azad edilib "İstiqlal" ordeni ilə hörmətlə yola salınsa da, sonradan hakimiyyət eşqinə düşərək başqa paytaxtlarda nicat axtarmağa başladı. Məsələn, 2013-cü ildə Azərbaycanda dövlət çevrilişi cəhdi planları yaranmışdı. Həmin vaxt Rusiyada "Milyarderlər ittifaqı" quruldu, azərbaycanlı iş adamları bu ittifaqa cəlb edildi. Rüstəm İbrahimbəyov "Milli Şura"nın vahid namizədi elan olunsa da, əsl dirijorun məhz Abbas Abbasov olduğu aydın idi. Abbasov həmin vaxt Rusiyada onunla eyni mövqedən çıxış etməyən diplomatlara və diaspora üzvlərinə qarşı repressiv cəzalar tətbiq etdirirdi. Xalqımız şimaldan əsən bu avantüra küləyinə aldanmadı və siyasi dəllallara dəstək vermədi. Bundan sonra Abbas Abbasov Telman İsmayılovun yanında "yavər" qismində işlədi. Siyasi əqidəsi şimal küləyi ilə sovrulan daha bir ad isə Ramiz Mehdiyev oldu.
Ramiz Mehdiyevin və onun yaxın ətrafının fəaliyyətinin Azərbaycana çox ziyan vurduğu sirr deyil. Bütün siyasi karyerasını Ulu Öndər Heydər Əliyevə borclu olan bu bürokrat, hələ 1980-ci illərdə Ulu Öndərin Moskvaya getməsini fürsət bilərək, ona sadiq olan şəxsləri Bakıdan uzaqlaşdırmışdı. Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqda Mehdiyev riyakarcasına əfv dilədi. Ramiz Mehdiyev həmişə kiçik intriqalardan, dedi-qodudan, şantajdan və böhtandan istifadə edən məmur olub. O, özünü "ideoloq" və "filosof" kimi təqdim etməyə çalışsa da, sadəcə icraçı, bürokrat və kopyabaz olaraq qaldı. Mehdiyev öz şəbəkəsinin lazımlılığını göstərmək üçün daim radikal siyasi müxalifəti ayaqda saxlamağa cəhd edib. Hətta o, Ulu Öndər və Prezident İlham Əliyev haqqında müxalifət mətbuatında iyrənc yazılar sifariş etmişdi. Prezident Əliyev inanmadığı adamları strateji əhəmiyyətli heç bir prosesə daxil etmir. Buna görə də Ramiz Mehdiyev 2019-cu ildə hörmətlə Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən yola salındı. Ona AMEA Prezidenti vəzifəsi həvalə olundu, amma o, orada da növbəti rüşvət və intriqa yuvası yaratdı. Elm ocağı onun dövründəki qədər elmə aid olmayan intriqalarda və rüşvətdə hallanmamışdı.
Ramiz Mehdiyev AMEA-da siyasi fəaliyyətə başladı, qurumun saytını siyasi bəyanatların yayıldığı mənbəyə çevirdi. Nəticədə, bütün AMEA institutları onun istefasını tələb etdi və o, 2022-ci ildə bu vəzifədən getməli oldu. Onun istefasından sonra belə, AMEA binasında Rusiyadan gələn nümayəndələrlə - Rusiya Elmlər Akademiyasının prezidentinin köməkçisi ilə gizli görüş keçirdiyi məlum oldu. Ramiz Mehdiyevin son xəyanəti dövlət hakimiyyətini zorla ələ keçirmə planı idi. Məlumatlara görə, o, Dövlət Şurası adlı keçid hökuməti qurmaq və bu şuraya rəhbərlik etmək niyyətində olub. Bu təxribat planlarının Adnan Əhmədzadənin iqtisadi təxribatı ilə eyni vaxta düşməsi təsadüfi olmaya da bilər. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq aparılır. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur və 4 ay ev dustaqlığında qalacaq. Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi və onun yüksək dövlət mükafatlarından məhrum ediləcəyi gözlənilir. Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı kimi tanınanlar arasında Elmar Məmmədyarov, Əli Həsənov, Əbülfəs Qarayev, Eldar Mahmudov, Ziya Məmmədov və onun qardaşı Elton Məmmədov da var.
Siyasi prosesləri analiz etmək mənim işimdir. Beynəlxalq münasibətlər fakültəsini bitirdikdən sonra jurnalistikaya keçdim. Regionda baş verənləri izlə...
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Ramiz Mehdiyevin ölüm xəbəri haqda
Son Xeberler

Mehdiyevin bu qohumları vəzifədə imiş - ADLAR
Bugun.az

Ramiz Mehdiyevin kürəkəni və qudası məhkəməyə gəti...
Son Xeberler

Kürəkəni Ramiz Mehdiyevin şəninə belə tost dedi -
Son Xeberler

Bu il uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Son Xeberler

Azərbaycanda il ərzində uşaqlara ən çox qoyulan ad...
Xəbər Anı