🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

Kənd təsərrüfatının inkişafı üçün hansı addımlar atıla bilər? - AÇIQLAMA

25.09.2025 13:25 1 baxış sayı 6 dəq. oxuma
Kənd təsərrüfatının inkişafı üçün hansı addımlar atıla bilər? - AÇIQLAMA

2025-ci ilin yeddi ayında aqrar məhsulların ixracı 27,9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7,3% artaraq 178,8 milyon ABŞ dollarına bərabər olub.

Bu göstərici ondan xəbər verir ki, Azərbaycanın ixrac strukturunda kənd təsərrüfatı məhsullarının payı getdikcə genişlənir və ümumi qeyri-neft ixracında əhəmiyyətini qoruyur.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın avqust sayında məlumat verilib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22,1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib. Bu artım bir tərəfdən xarici bazarlarda Azərbaycan məhsullarına tələbin güclənməsini, digər tərəfdən isə ixrac yönümlü istehsal siyasətinin nəticə verməyə başladığını göstərir.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (178,8 milyon ABŞ dolları) birinci olub. Bu fakt onu göstərir ki, qeyri-neft ixracında hələ də xammal məhsullar üstünlük təşkil edir. Siyahıda pomidor (156,9 milyon ABŞ dolları) ikinci, pambıq lifi (108,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Bu isə aqrar sahənin əsas ixrac potensialının hələ də ənənəvi məhsullar üzərində formalaşdığını təsdiqləyir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov mediaya açıqlamasında bu ilin yanvar-avqust aylarında 9 milyard 424 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edildiyini vurğulayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır. Yəni istehsal həcmlərində müəyyən azalma olsa da, ixracda artım qeydə alınır. Yəni daxili bazarda məhsuldarlıq enməsinə baxmayaraq, yüksək dəyərli məhsulların ixracı ümumi gəlirliliyi kompensasiya edir.

Nazir bu geriləmənin iqlim dəyişiklikləri ilə bağlı olduğunu bildirib. Bu amil kənd təsərrüfatında struktur problemlərin mövcudluğunu bir daha göstərir: iqlim faktorları istehsala mənfi təsir göstərsə də, ixrac siyasəti dəyər baxımından sektoru dəstəkləyir.

"Bizim son bir neçə ildə apardığımız siyasət daha çox dəyər yaradan meyvəçiliyə fokuslanıb və bu il meyvə ixracı 40 %-dən çox artıb. Yəni, aqrar sektorda azalma zamanla düzələcək, sadəcə periodik keçidə ehtiyac var", – deyə o qeyd edib.

Bu sahənin daha da inkişaf etdirilməsi perspektivləri barədə Metbuat.az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, əsas addımlar suvarma və torpaq idarəçiliyinin modernləşdirilməsi istiqamətində atıla bilər:

“Texnologiya və innovasiyaların dəstəklənməsi, həmçinin emal sənayesinin inkişafı məhsulların xammal kimi deyil, emal olunmuş formada satışına şərait yaradacaq. Bununla yanaşı, rəqəmsal bazar platformalarının qurulması fermerlərin məhsullarını birbaşa istehlakçılara təqdim etməsinə imkan verəcək, kənd kooperasiyalarının gücləndirilməsi isə kiçik fermerlərin birlikdə daha güclü bazar iştirakçısı kimi çıxış etməsini təmin edəcək.

Mövcud problemlərin aradan qaldırılması üçün suvarma və torpaq idarəçiliyinin modernləşdirilməsi vacibdir. Damcı suvarma sistemlərinin tətbiqi, rəqəmsal idarəetmə texnologiyalarının genişləndirilməsi məhsuldarlığı xeyli artırar. Aqrodronlardan istifadə və aqrotexnika parklarının genişləndirilməsi texnologiya dəstəyini gücləndirə bilər. Bununla yanaşı, emal sənayesinin inkişaf etdirilməsi məhsulların xammal kimi deyil, daha yüksək əlavə dəyərli emal olunmuş formada satışına imkan yaradacaq. Rəqəmsal bazar platformaları fermerlərin məhsullarını birbaşa istehlakçıya və ya alıcılara çıxarmasını təmin edəcək. Kənd kooperasiyalarının gücləndirilməsi isə kiçik fermerlərin birlikdə daha güclü bazar oyunçusuna çevrilməsinə şərait yaradacaq”.

Akif Nəsirli hesab edir ki, elektron sistemlərdən istifadə bacarığının zəifliyi və qeydiyyat problemləri fermerlərin subsidiya alma prosesində çətinliklər yaradır:

“Subsidiyaların yalnız 25%-i nəğdləşdirilə bilir, qalan hissə isə çox vaxt keyfiyyətsiz vasitələrin alınmasına sərf olunur. Kreditlərdə yüksək faiz dərəcələri və sərt girov şərtləri kiçik fermerlərin maliyyə imkanlarını məhdudlaşdırır. Dövlət zəmanətli güzəştli kreditlər mövcuddur, lakin həcmi bütün tələbatı ödəmir. Buna görə də sadələşdirilmiş mexanizmlər tətbiq olunmalı, kənd yerlərində bank filiallarının və maliyyə institutlarının şəbəkəsi gücləndirilməlidir.Bu sahənin davamlı inkişafı üçün yalnız subsidiya mexanizmləri kifayət etmir. Strateji yanaşma çərçivəsində uzunmüddətli struktur islahatların həyata keçirilməsi vacibdir”.

İqtisadçı qeyd edib ki, kənd təsərrüfatı məhsullarının ixrac bazarlarının genişləndirilməsi – Rusiya, Yaxın Şərq və Avropa bazarlarına çıxış mühüm əhəmiyyət daşıyır:

“Dəyər zəncirinin tam formalaşdırılması həm də istehsaldan emala, emaldan ixraca qədər olan prosesin effektiv təşkili sektorun rəqabət qabiliyyətini artıracaq. Fermerlərin aqrotexnologiyalardan istifadə və maliyyə savadlılığı sahəsində maarifləndirilməsi də prioritet istiqamətlərdəndir. Bundan başqa, dövlət-özəl tərəfdaşlıq modeli əsasında iri aqroparklar və kənd təsərrüfatı klasterlərinin yaradılması Azərbaycanın kənd təsərrüfatının beynəlxalq bazarlarda mövqeyini gücləndirə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az

Paylaş: