Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

"Kapital Bank" Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

21.11.2025 12:13 10 baxış sayı 4 dəq. oxuma Metbuat
"Kapital Bank" Gəncədə kibertəhlükəsizlik mövzusunda təlimlər keçirdi

Kapital Bank-ın nümayəndə heyəti yaxınlarda Gəncə şəhərində yerləşən üç ali təhsil müəssisəsində genişmiqyaslı maarifləndirici təlimlər təşkil etdi. Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin elmi-pedaqoji heyəti və tələbələri üçün keçirilən bu tədbirlər kibertəhlükəsizlik mövzusuna həsr olunmuşdu. Bu təlimlər bankın cəmiyyətdə məlumatlılığı artırmağı hədəfləyən "Dayan, Düşün, Dəqiqləşdir" kampaniyası çərçivəsində baş tutdu. Təlimlərdə iştirakçılara kiberdələduzluğun fərqli növləri, real fırıldaq nümunələri və müdafiə yolları haqqında geniş məlumat verildi. Bank nümayəndələri vətəndaşların şəxsi məlumatlarını və maliyyə vəsaitlərini qorumaq üçün zəruri olan sadə addımları təqdim etdilər.


Təhlükəsizlik Departamentinin direktor müavini Emil Qasımov, Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin müdiri Nəsib Süleymanov və bankın Gəncə filialının müdiri Vüqar Paşayev tədbirlərdə çıxış etdilər. Onlar bankın təhlükəsizlik mexanizmlərini ətraflı izah etdilər. Xüsusilə vurğulandı ki, fırıldaqçılar real dələduzluq halları zamanı vətəndaşların emosional vəziyyətlərindən sui-istifadə edirlər. Bir çox hallarda vətəndaşlar telefon zəngləri və müxtəlif sosial şəbəkələr vasitəsilə aldadılırlar. Bank nümayəndələri açıq şəkildə bildirdilər ki, plastik kartların 3-cü şəxslərə istifadəyə verilməsi yolverilməzdir. Kart məlumatlarının hər hansı bir şəkildə paylaşılması, dələduzluq hallarının yaranmasına birbaşa şərait yaradır.


Hər kəs sadə kibergigiyena qaydalarına riayət etməklə özünü fırıldaqçılardan qoruya bilər. Maliyyə qurumlarının həyata keçirdiyi təhlükəsizlik tədbirləri ilə yanaşı, hər bir şəxsin öz şəxsi hesablarını qoruması və fərdi məlumatlarını, kartlarını başqa şəxlərlə paylaşmaması olduqca vacibdir. Unutmaq olmaz ki, kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə aiddir. Bu məlumatları heç kimlə bölüşmək olmaz. Təlimlər zamanı həmçinin xatırladıldı ki, heç bir bank işçisi müştəriyə sosial şəbəkə hesabından və ya xarici nömrədən zəng etməz.


Kapital Bank adından zəng edən şəxslərin bank əməkdaşı olub olmadığını yoxlamaq çox asandır. Müştərilər zəng edən şəxsdən bank əməkdaşı olduğunu təsdiqləyən mesaj tələb edə bilərlər. Əgər şəxs həqiqətən bank işçisidirsə, vətəndaş Birbank mobil tətbiqində təsdiq bildirişi alır. Bildirişdə qeyd edilir: “Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik”. Mobil tətbiqdə belə bir bildiriş alınarsa, danışığı davam etdirmək mümkündür, əks halda zəng dərhal sonlandırılmalıdır. Hər üç təlimin sonunda iştirakçılarla interaktiv sual-cavab sessiyası keçirildi, auditoriyanın gündəlik həyatda qarşılaşdığı real dələduzluq situasiyaları müzakirə olundu və bank nümayəndələri tərəfindən cavablandırıldı.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: