Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İlham Əliyevin paraddakı çıxışının TAM MƏTNİ

08.11.2025 12:04 6 baxış sayı 5 dəq. oxuma Metbuat
İlham Əliyevin paraddakı çıxışının TAM MƏTNİ

Bakının Azadlıq meydanında Vətən müharibəsində Zəfərin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak ediblər. Dövlət başçısı bu münasibətlə çıxış edərək, bütün Azərbaycan xalqını şanlı Zəfərimizin ildönümü münasibətilə təbrik etdi.


Prezident Əliyev dəvətini qəbul edən qardaş ölkələrin rəhbərlərini salamladı. O, qeyd etdi ki, Qardaş Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanı hörmətli Rəcəb Tayyib Ərdoğan İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana siyasi və mənəvi dəstəyini göstərirdi. Onun "Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!" deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq. Müharibədən bir il sonra, tarixi Şuşa şəhərində imzalanan Bəyannamə ilə əlaqələr müttəfiqlik səviyyəsinə qalxdı. Bu gün Türkiyə hərbçilərinin paradda iştirakı birliyimizin növbəti təzahürüdür. Həmçinin, ilk dəfə olaraq qardaş Pakistanın hərbçiləri də Azadlıq meydanında bizimlə bərabər iştirak edirlər. Bu, Azərbaycan, Türkiyə və Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür.


1990-cı illərin əvvəllərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdü. Xocalı soyqırımı törədilmiş, bir milyon vətəndaşımız qaçqın və köçkün vəziyyətinə salınmışdı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində olmadı. Biz sülh danışıqlarını apararkən, eyni zamanda, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycanın istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi torpaqlarını azad edəcəyini bəyan edirdik. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi, çünki Ermənistan bir qarış torpağı belə xoşluqla azad etmək niyyətində deyildi. Bizim siyasətimiz isə ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi. Biz güc topladıq, güclü iqtisadiyyat qurduq və iqtisadi müstəqillik qazandıq. Bu amil bizə daha böyük siyasi güc verdi. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik və Zəfərimizin hüquqi əsasını təşkil edən bir çox qərar qəbul edildi. Ölkədə ictimai-siyasi sabitlik, vətəndaş birliyi bərqərar oldu. Biz gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etdik. Ordu quruculuğu hər zaman prioritet məsələ olaraq qalırdı; biz güclü Silahlı Qüvvələr yaratdıq və ordumuzu ən müasir silahlarla təchiz etdik.


Müharibə ərəfəsində Ermənistan daha da azğınlaşmış, bizi yeni müharibə ilə hədələmişdi. Hətta onların tanklarının Bakı küçələrində olacağını deyirdilər. Bu arzuları gerçəkləşdi: onların tankları bu gün Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. 44 gün ərzində şanlı Silahlı Qüvvələrimiz hər gün irəli getdi, bir gün də geri addım atmadı. Böyük peşəkarlıq, qəhrəmanlıq və fədakarlıq göstərildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. 300-dən çox şəhər və kənd düşməndən azad edildi. Nəhayət, noyabrın 8-də "alınmaz qala" sayılan Şuşa şəhəri işğalçılardan azad edildi. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı. Noyabrın 10-na keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza atdı. Biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, "Böyük Qayıdış" Proqramı icra edilir. Artıq 60 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır və çalışır. Bundan sonra Azərbaycan xalqı qəhrəman, müzəffər xalq kimi, Azərbaycan dövləti isə qalib dövlət kimi əbədi yaşayacaq. Qarabağ Azərbaycandır!


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: