Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Evini kirayə verənlərin nəzərinə

20.10.2025 19:03 5 baxış sayı 3 dəq. oxuma Metbuat
Evini kirayə verənlərin nəzərinə

Fiziki şəxslər evlərini kirayə verdikdə mütləq vergi ödəməlidirlər. Vergi məsələləri üzrə hüquqşünas Anar Bayramovun sözlərinə görə, evlərin kirayə verilməsi qeyri-sahibkarlıq fəaliyyəti sayılır. Bu gəlir üzrə verginin dərəcəsi 14 faizdir. Bu məbləğ kirayə verən şəxsin gəlirindən hesablanaraq birbaşa dövlət büdcəsinə köçürülür. Verginin ödəniş mexanizmi əsasən kirayəni götürən şəxsin statusundan asılı olur.


Əgər kirayəni götürən şəxs vergi ödəyicisidirsə, məsələn, bir şirkətdirsə, vergi tutulması ödəniş mənbəyində həyata keçirilir. Yəni, kirayəçi tərəf kirayə haqqını ödəyərkən gəlir vergisini tutmalı və büdcəyə köçürməlidir. Bu halda kirayə verən fiziki şəxsin ayrıca vergi hesabatı təqdim etməsinə ehtiyac qalmır, çünki ödənişi edən tərəf artıq hesabat verir. Məsələn, bir fiziki şəxs mənzilini ayda 1000 manata bir şirkətə kirayə verdikdə, şirkət məbləğin 14 faizini, yəni 140 manatı tutaraq dövlət büdcəsinə köçürür. Şirkət yalnız 860 manatı kirayə verənə ödəyir. Vergi bəyannaməsində isə kirayə verənin şəxsiyyət vəsiqəsinin FİN kodu və digər rekvizitləri qeyd edilir. Bu proses işçilərə əmək haqqı ödənilərkən gəlir vergisinin tutulmasına bənzər şəkildə işləyir.


Şərtlər kirayəni götürən şəxs vergi ödəyicisi olmadıqda dəyişir. Məsələn, kirayəçi bir tələbədirsə, onun kirayə verənin gəlirindən vergi tutmaq və hesabat vermək imkanı yoxdur. Belə olan halda, kirayə verən şəxs özü uçota durmalıdır. O, illik gəlir vergisi bəyannaməsi təqdim etməli və əldə etdiyi kirayə gəlirindən 14 faiz vergi ödəməlidir. Məsələn, aylıq 1000 manat gəlir illik 12 min manat edir və bu məbləğdən vergi hesablanaraq dövlət büdcəsinə köçürülməlidir.


A. Bayramov qeyd edir ki, Azərbaycanda mənzillərin kirayə verilməsi üzrə böyük dövriyyələr olmasına baxmayaraq, gəlirlərin əksəriyyəti rəsmi uçota alınmır. Kirayə verənlərin çoxu bu gəlirləri bəyan etmirlər və nəticədə qeyri-rəsmi dövriyyə, yəni “qara bazar” üstünlük təşkil edir. Bu vəziyyətin öz fəsadları var. Əgər kirayə müqaviləsi notarial qaydada rəsmiləşməyibsə, kirayəçi pulu ödəmədikdə və ya mənzilə maddi zərər yetirdikdə, kirayə verən hüquqi müstəvidə iddia qaldıra bilmir. Lakin vəziyyət tədricən dəyişir. Mənzil sahibləri riskləri gördükdən sonra müqavilələri rəsmiləşdirməyə və gəlirlərini bəyan etməyə başlayırlar. Hüquq-mühafizə orqanları da bu sahədə nəzarəti gücləndirir və bu, rəsmi tənzimləmənin genişlənməsinə gətirib çıxarır.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: