Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Elektrik təsərrüfatı yenilənir -Bu ərazilərdə

06.11.2025 12:03 7 baxış sayı 3 dəq. oxuma Metbuat
Elektrik təsərrüfatı yenilənir -Bu ərazilərdə

“Azərişıq" ASC Zəngilan rayonunun bir sıra kəndlərində, eləcə də şəhər mərkəzində elektrik təsərrüfatını yeniləyir. Səhmdar cəmiyyəti bu barədə məlumat yayıb.


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Zəngilanda qurulan yeni şəbəkədə "Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrinin infrastrukturu üçün bütün imkanlar yaradılır. Bu yenidənqurma işləri region sakinlərinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədini daşıyır. Sakinlərə qovuşan Ağalı kəndində aparılan işlər artıq yekunlaşıb. Burada tikilmiş 55 fərdi yaşayış evi və 48 mənzilli iki mərtəbəli bina üçün bütün zəruri təminatlar yaradılıb. Bu obyektləri işıqlandırmaq məqsədilə ikidövrəli 35 kV-luq yeraltı kabel xətləri çəkilib və SMS tipli sayğaclar quraşdırılıb. Ağalı kəndində abonentlərə xidmət göstərən ümümilikdə 10 müasir tipli Transformator Məntəqəsi (TM) quraşdırılıb.


Şəhər ərazisindəki yeniliklərə gəldikdə, tikilən 104 mənzilli yaşayış kompleksi 1 600 kVA gücündə 35/04 kV-luq 2 müasir TM-lə təchiz olunub. Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzindən ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib, binalarda da SMS tipli sayğaclar quraşdırılıb. Gələcəkdə Cahangirbəyli kəndinə köç edəcək sakinlərin də elektrik enerjisinə olan tələbatı nəzərə alınıb. Bu tələbatı ödəmək üçün 110/35/10 kV-luq "Zəngilan" yarımstansiyasından istifadə edilərək 11 km ikidövrəli 35 kV-luq kabel hava xətti çəkilib. Xəttin çəkilişində Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN-3) istifadə olunub.


Məmmədbəyli də yaxın gələcəkdə öz doğma sakinlərinə qovuşacaq kəndlərdən biridir. Bu məqsədlə yaşayış məntəqəsində yenidənqurma işləri davam edir. Ağalı kəndinin Paylayıcı Qurğusundan (PQ) Məmmədbəyliyədək 3,5 km ikidövrəli 35 kV-luq yeraltı kabel xətti çəkilib. Kənddə 67 SMS tipli sayğac quraşdırılıb. Abonentlərə xidmət üçün isə 1 000 kVA gücündə müasir tipli 4 TM nəzərdə tutulub. "Azərişıq" ASC istehlakçıların dayanıqlı, fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması üçün çalışır. Şirkət həmçinin elektrik enerjisi itkilərinin minimuma endirilməsini hədəfləyir və ölkənin bütün regionlarında təmir-bərpa və yenidənqurma işlərini davam etdirir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: