Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Bu universitetlərin diplomları ölkəmizdə tanınmır

20.10.2025 19:13 3 baxış sayı 4 dəq. oxuma Metbuat
Bu universitetlərin diplomları ölkəmizdə tanınmır

Sentyabr ayında xaricdə təhsil alan şəxslərdən 751 nəfər diplomunun tanınması üçün müraciət edib. Təəssüflə bildirilir ki, bu müraciətlərin 108 nəfərinin diplomu ölkəmizdə tanınmayıb. Bəs hansı hallarda xarici təhsil müəssisələrinin diplomları Azərbaycanda qəbul edilmir? Təhsil eksperti Rizvan Fikrətoğlu bu məsələlərə aydınlıq gətirib. O qeyd edir ki, Dövlət Proqramı çərçivəsində xaricə göndərilən tələbələrdə belə problemlər demək olar ki, müşahidə olunmur, çünki həmin proqram çərçivəsində bütün proseslər qanuni və nəzarət olunan şəkildə həyata keçirilir. Əsas çətinliklər daha çox bəzi xarici təhsil şirkətləri ilə bağlıdır. Bu şirkətlərin verdiyi yalan vədlər, ya da prosedurları tam bilməmələri tələbələr üçün müəyyən problemlər yaradır.


Ümumiyyətlə, diplomun tanınmaması halları daha çox akkreditasiyası olmayan, dövlət tərəfindən tanınmayan universitetlərdə təhsil alan tələbələrdə baş verir. Təbii ki, əgər universitetin akkreditasiyası yoxdursa, onun verdiyi diplom da tanınmayacaq. Bəzi hallarda bu universitetlər heç bir beynəlxalq reyestrdə yer almır və hətta ölkənin öz Təhsil Nazirliyi tərəfindən belə qəbul edilmir. Belə qurumların təhsil keyfiyyətinə zəmanət olmadığına görə, onların diplomları Azərbaycanda etibarlı sayılmır. Ekspert həmçinin vurğulayır ki, bəzi universitetlər əslində yalnız kommersiya məqsədilə yaradılır. Onlar real təhsil vermədən sadəcə pul qarşılığında diplom təqdim edirlər. Belə universitetlərin sənədləri də Azərbaycanda tanınmır.


Tədris formasının özü də diplomun tanınmasına ciddi təsir göstərir. Azərbaycan qanunvericiliyinə əsasən, uzaqdan (distant), onlayn və ya hibrid təhsil sistemləri qəbul edilmir. Bu formatlarda təhsilin keyfiyyətinə nəzarət etmək çətin olur. Digər tərəfdən, proqram müddəti ilə bağlı uyğunsuzluqlar da problemlər yaradır. Məsələn, bəzi ölkələrdə bakalavr təhsili iki-üç il, magistratura isə bir ildən də az davam edir. Halbuki, Azərbaycanda bakalavr təhsili dörd il, magistratura isə iki ildir. Əgər təhsil proqramının həcmi və tələbləri bu standartlara uyğun gəlmirsə, nostrifikasiya çərçivəsində diplom tanınmır. Bəzən də müraciət zamanı saxta diplomlar və ya natamam sənədlər təqdim edilir. Elm və Təhsil Nazirliyinin Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) belə halları aşkarlayanda, dərhal diplomun tanınmasından imtina edir.


Xarici diplomların tanınması üçün bir neçə əsas meyar var: universitetin rəsmi akkreditasiyası olmalıdır; təhsil forması mütləq əyani olmalıdır; təhsil proqramı və müddəti Azərbaycanın təhsil standartlarına uyğunlaşmalıdır; sənədlər orijinal və düzgün təqdim edilməlidir. Bu şərtlər ədalətlidir, çünki burada çətinliklə ali təhsil alan şəxslə, saxta yollarla diplom alan şəxsin bərabər tutulması doğru olmaz. Diplomun tanınması üçün ərizəçi əvvəlcə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) rəsmi saytına daxil olmalıdır. Orada "Xarici diplomların tanınması və ekvivalentliyinin müəyyən edilməsi" bölməsini seçərək onlayn müraciət formasını doldurur. Müraciət zamanı diplomun özü və əlavəsi, pasportun surəti, xaricdə təhsili təsdiqləyən sənədlər (viza, miqrasiya sənədi, bilet və qeydiyyat sənədləri və s.), eləcə də təhsil müəssisəsinin rəsmi akkreditasiya sənədi tələb olunur. Bütün tələblər yerinə yetiriləndə, diplom tanınır.


G
Beynəlxalq təhsil müxbiri

Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.

Bütün məqalələrə baxın
Paylaş: