🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu elektromobil sahibləri problemlərlə qarşılaşır - AÇIQLAMA

25.02.2025 14:25 3 baxış sayı 4 dəq. oxuma
Bu elektromobil sahibləri problemlərlə qarşılaşır - AÇIQLAMA

Son illərdə dünya üzrə, eləcə də Azərbaycanda elektromobillərin populyarlığı artıb, lakin hələ də onlarla bağlı bir sıra problemlər mövcuddur və sürücüləri narahat edir.

Bu barədə elektrobloger, elektrikli avtomobillər üzrə ekspert İlkin Mustafayev Metbuat.az-a danışıb.

O bildirib ki, hazırda elektromobillərlə bağlı əsas problemlərdən biri ölkəyə uyğun faktiki standartın təyin edilməməsi və bu standartlara uyğun şarj stansiyalarının davamlı işlək olmamasıdır:

“Məlumdur ki, ölkə prezidenti tərəfindən elektromobillərə olan marağın artırılması üçün xaricdən idxal edilən 3 yaşa qədər elektromobillər gömrük və idxal rüsumlarından azad edilib. Hazırda Azərbaycana istənilən ölkədən istər istehsalçı ölkənin öz daxili standartları üçün nəzərdə tutulan və qlobal standartlara cavab verməyən, istərsə də fərqli standartlı şarj portları olan avtomobillər idxal edilir. Bu zaman həmin avtomobillər servis, ehtiyat hissələri və şarj problemləri yaşayır. Bu da ümumi olaraq digər özünü doğrultmuş və qlobal elektromobillərə də mənfi təsir göstərir, nəticədə "elektromobillər problemlidir" kimi ümumiləşdirilmiş fikir formalaşır”.

Elektroblogerin sözlərinə görə, şarj stansiyaları ilə bağlı yaşanan problemlər də çoxdur:

“Ötən il ölkə başçısının fərmanı ilə ölkədə şarj stansiyalarının artırılması üçün tapşırıqlar verildi və bütün ölkəni əhatə edən bir şəbəkə üzrə stansiyalar quraşdırıldı. Lakin quraşdırılan stansiyalar kifayət qədər keyfiyyətli olmadığı və proqram təminatında boşluqlar olduğu üçün bəzi istiqamətlərdə stansiyaların işləməməsi halları müşahidə edilir. Ötən günlərdə elektromobillərlə etdiyimiz Xankəndi səfəri zamanı eyni problemlə qarşılaşdıq və "Azərişıq" tərəfindən quraşdırılan stansiyaların heç biri işlək vəziyyətdə deyildi”.

İ.Mustafayev elektrikli avtomobil ustalarından da bəhs edib. O vurğulayıb ki, rəsmi servislər də artıq bu sahədə öz ustalarını təkmilləşdirir və bununla bağlı ciddi problemlər yaşanmır:

“Əsasən, daxili bazardan gələn avtomobillər usta və ehtiyat hissələri məsələsində problem yaşayır. Buna nümunə kimi hətta Çinin daxili bazarından gələn elektromobilləri göstərmək olar. Çünki Çin bu avtomobilləri yalnız öz bazarı üçün istehsal edir, onları öz qapalı proqramlaşdırmasına və yerli şəraitinə uyğunlaşdırır, daxili standartlarına cavab verəcək şəkildə hazırlayır, lakin ixracını nəzərdə tutmur. Bu avtomobillər müxtəlif yollarla Azərbaycan, Rusiya, Qazaxıstan kimi ölkələrdə satışa çıxarılır və təmirə ehtiyac yarandıqda ehtiyat hissələri və ya proqram təminatının yenilənməsi ilə bağlı problemlər ortaya çıxır”.

Ekspertin sözlərinə görə, ölkədə bu istiqamətdə atılan addımlarda mütləq şəkildə keyfiyyətə və özünü doğrultmuş brendlərə önəm vermək lazımdır – istər elektromobil alışı zamanı, istərsə də şarj stansiyalarının quraşdırılması zamanı. Əgər bütün bu məqamlara diqqət yetirilərsə, bu sahədə problem yaşayan olmayacaq.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: