🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Bu dərmanlar xərçəng yarada bilər

17.06.2025 14:25 4 baxış sayı 4 dəq. oxuma
Bu dərmanlar xərçəng yarada bilər

Hər il dünyada milyonlarla insana xərçəng diaqnozu qoyulur. Təkcə ötən il Azərbaycanda 15 min 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlanıb. Onlardan 7 min 113 nəfəri kişi, 8 min 51-i isə qadındır. 2024-cü ildə ölkə üzrə xərçəngdən ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. Bəzi mütəxəssislərin fikrincə, hətta digər xəstəliklərin müalicəsində istifadə olunan bəzi dərmanlar belə xərçəngin yaranmasına səbəb ola bilər. Bəs hansı dərmanlar bu riski daşıyır?

Onkoloq Dr. Aliyə Aslan Metbuat.az-a açıqlamasında bu faktı təsdiqləyib. O bildirib ki, son illərdə ABŞ-ın Qida və Dərman Administrasiyası (FDA) bir sıra dərmanların tərkibində xərçəng riski yaradan kanserogen maddə olan N-nitrosodimetilamin (NDMA) aşkar edib:

“FDA son tədqiqatlarda NDMA-nın miqdarının 96 nanoqramdan çox olmamasına xüsusi önəm verir. Araşdırmalar nəticəsində xərçəng riski yarada biləcək dərmanlar üç əsas kateqoriyaya ayrılır:

- Hormonal preparatlar

- Antidiyabetik və antihipertenziv dərmanlar (təzyiqsalıcı preparatlar)

- İmmunsupressorlar (immun sistemini zəiflədən dərmanlar)”

Həkimin sözlərinə görə, hormonal müalicə qəbul edən qadınlar, xüsusilə menopoz dövründə hormon əvəzedici terapiya alanlar, süni mayalanma icra olunan və müxtəlif hormonal pozuntular səbəbilə bu cür dərmanlardan istifadə edənlər yüksək risk qrupuna daxildirlər:

“Xərçəngin yaranma tezliyi bir çox amildən asılıdır. Bu, istifadə olunan hormonun növündən (yalnız estrogen, yalnız progesteron və ya hər ikisinin birgə istifadəsi) və qəbul müddətindən asılıdır. Estrogen-progesteron müalicəsi alan qadınlarda ən çox endometriyal və süd vəzi xərçəngi riski artır. Müalicə nə qədər uzun sürərsə, risk də o qədər çox olur. Lakin müalicə dayandırıldıqdan 3 il sonra risk səviyyəsi hormon qəbul etməyən qadınlarla eyni səviyyəyə enir. Steroid tərkibli dərmanların uzunmüddətli istifadəsi də orqanizmin hormonal balansını pozaraq xərçəngə səbəb ola bilər. Xüsusilə kişilərdə testis xərçəngi riski artır”.

A.Aslan antidiyabetik və antihipertenziv dərmanların təhlükələrinə də toxunub:

“Bəzi təzyiqsalıcı və şəkər əleyhinə dərmanların tərkibində NDMA-nın miqdarı normadan yüksək olub. Bu səbəbdən FDA 2020-ci ildə həmin preparatların bazardan geri çağırılması qərarını verib. Bundan əlavə, aparılan metaanalizlər antihipertenziv dərmanların böyrək hüceyrəli karsinoma (RCC) riskini artırdığını göstərib”.

Onkoloq bildirib ki, immunosupressiv dərmanlar da xərçəng riski daşıyır:

“Son illərdə orqan transplantasiyasından sonra istifadə olunan immunosupressorların xərçəng riskini artırdığı sübuta yetirilib. Belə xəstələrdə daha çox dəri, dodaq, limfoma və Kaposi sarkoması halları müşahidə olunub. Bundan başqa, bəzi TNF inhibitorları (iltihabəleyhinə dərmanlar), proton pompa inhibitorları (mədə qoruyucu preparatlar) və digər dərmanların normadan artıq istifadəsi də xərçəng riskini artıra bilər. TNF inhibitorları xüsusilə melanoma xaric digər dəri xərçəngi növlərində risk faktoru sayılır”.

Dr. A.Aslan vətəndaşlara xəbərdarlıq edərək bildirib:

“Bütün bu sadalanan faktları nəzərə alaraq, vətəndaşlar həkim tövsiyəsi olmadan özbaşına dərman qəbul etməməlidirlər. İstənilən preparat yalnız həkim nəzarəti və göstərişi ilə qəbul edilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Paylaş: