🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Ağasəlim Mircavadov XXIV turun oyunlarını şərh etdi

25.02.2025 12:25 4 baxış sayı 6 dəq. oxuma
Ağasəlim Mircavadov XXIV turun oyunlarını şərh etdi

“Qış fasiləsindən sonra bəzi komandaların çıxışında eniş hiss olunur. Bu, son turda da özünü büruzə verdi. Fikrimcə, klublarda enişin səbəbi qış hazırlığının qısa çəkməsi, təlim-məşq toplanışının ölkə daxilində keçirilməsi ilə əlaqədardır”.

Metbuat.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Azərbaycan Premyer Liqasının XXIV turunun oyunlarını şərh edərkən deyib.

78 yaşlı mütəxəssis “Neftçi” – “Sumqayıt” (1:0) matçında qonaqların daha əzmkar oyun nümayiş etdirdiyini bildirib: “Sumqayıt” Vaqif Cavadovun gəlişindən sonra uğurlu çıxış edirdi. Lakin bu, qış fasiləsinə kimi davam etdi. Artıq neçə oyundur qələbə qazana bilmirlər. Amma nəzərə almaq lazımdır ki, bu komandanın heyəti elə də geniş deyil. Buna baxmayaraq, son dəqiqələrə kimi mübarizə aparırlar. Samir Abasovun isə “Neftçi”də hələ istədiyi heyəti formalaşdıra bilmədiyini düşünürəm. Bəzi legionerlərin gedişi ilə müəyyən problemlər yarandı. Amma hazırda hər iki komanda ölkə kubokunun matçlarına kökləniblər. “Sumqayıt”la matçdan öncə komanda daxilində psixoloji durumun yaxşı olmadığı qənaətində idim. Lakin doğma meydanda əldə olunan qalibiyyət “Neftçi”də ruh yüksəkliyini artıracaq. Klub kuboku qazanmağa istəklidir. Çünki hazırda Premyer Liqada tutduqları mövqe hansısa iddialarının olmadığını deməyə imkan verir”.

Azərbaycan millisinin sabiq baş məşqçisi “Səbail”lə evdə qolsuz heç-heçə edən “Araz-Naxçıvan”ın oyununda geriləmənin hiss olunduğunu söyləyib: “Düşünürəm ki, qış hazırlığını yaxşı keçmədilər. Ölkədə qalıb Azərbaycan klubları ilə yoldaşlıq görüşü keçirmək komandanın hazırkı oyununa pis mənada təsir etdi. Naxçıvanlıların əvvəli və indiki performansı arasında fərq çoxdur. Onlar mövsümün əvvəllərində əllərinə düşən bütün fürsətlərdən istifadə edib qol vura bilirdilər. İndi isə real qol epizodlarından yararlana bilmirlər. Rəqibləri isə onların səhvlərindən çox yaxşı istifadə edirlər. Bu arada, “Zirə” ard-arda qələbələr qazanaraq “Araz-Naxçıvan”la xallarının sayını barəbarləşdirdi. Amma qış fasiləsinə qədər bu iki kollektiv arasında kifayət qədər xal fərqi var idi. “Səbail”ə gəldikdə isə bu komanda bütün qarşılaşmalarda istəklidir. Hansı rəqiblə üz-üzə gəlmələrinə baxmayaraq, xal əldə etmək üçün çalışırlar. Uduzduqları görüşlərdə belə döyüşüb və qol vəziyyətləri yaradıblar. Fikrimcə, klub keyfiyyətli oyunçuları az olduğu üçün hazırda turnir cədvəlinin son pilləsində qərarlaşıb”.

A.Mircavadovun sözlərinə görə, “Qarabağ” – “Sabah” matçında (1:1) üstünlük meydan sahiblərinin tərəfində olub: “Fikrimcə, hər iki tərəf nəticədən razı qaldı. “Qarabağ” hər zaman öz oyununu nümayiş etdirir. Komandanın ehtiyat skamyasında belə keyfiyyətli futbolçuları olduğu üçün əvəzetmələrdə problem yaşamır. Braziliyalı yarımmüdafiəçi Kadi Borgesin qayıdışından sonra ağdamlıların oyun üslubunda irəliləyiş var. Bir çox hallarda qol vəziyyətləri yaratdığına görə bu futbolçunun əziyyəti danılmazdır. Qurban Qurbanovun kollektivi son saniyələrdə qələbə qolunu vura bilərdi. Futbolda belə bir ifadə var ki, oyunçu hər şeyi etdi, lakin lazım olanı edə bilmədi. Məhz bu səbəbdən 3 xal qazana bilmədilər. Təbii ki, soyuq hava da futbolçulara mənfi təsir edir. Komandalarımız əlverişsiz hava şəraitində oynamağa hələ öyrəşməyiblər. Bunun üçün zaman lazımdır”.

O, “Şamaxı”ya minimal hesabla qalib gələn “Turan Tovuz”un künc zərbələrindən məharətlə istifadə etdiyini qeyd edib: “Şamaxılıların görüşün gedişində üstünlükləri də oldu, amma qol vura bilmədilər. Aydın görünür ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdiyevin oyun sistemi tamamilə fərqlidir. Rusiyalı çalışdırıcı gənclərə daha çox şans verir. Futbolçulara inam və motivasiya aşıladığı üçün bu gün “Turan Tovuz” avrokuboklara əsas namizədlərdən hesab olunur. Analizlərimə əsasən, qolların əksəriyyətini məhz künc zərbələrindən vurublar. Bu, baş məşqçinin taktikasıdır. Bu komanda Avropada mübarizə aparmaq üçün çox əziyyət çəkir və orada olmağa da layiqdir. Çox sevindirici haldır ki, bölgəmizdə belə bir klub var və inkişafa doğru addımlayır. Bu tempi qoruyub saxlasalar, Avropada oynaya bilərlər”.

Mütəxəssis “Zirə” – “Kəpəz” qarşılaşmasında (2:0) qeydə alınan hesabın ədalətli olduğunu vurğulayıb: “Zirə”də qış fasiləsində sonra irəliləyiş nəzərə çarpır. Hazırda stabil çıxış edirlər və kifayət qədər səviyyəli futbolçuları var. Həm yerli, həm də əcnəbi oyunçuları çox keyfiyyətlidir. Komanda var ki, tələsmir, amma hər epizoddan da istifadə edir. “Zirə” də məhz bu xüsusiyyətə malik kollektivdir. Müdafiədə özlərini yaxşı tərəfdən göstərirlər. Sürətlərindən də görünür ki, futbolçuların fiziki durumu ideal vəziyyətdədir. “Kəpəz” isə hər görüşə son oyun kimi çıxmalıdır. AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, sonuncu yeri tutan klub aşağı dəstəyə düşəcək. İdman prinsiplərinin qorunub saxlanması gözəl haldır. Bu baxımdan bizi qarşıda çox gərgin matçlar gözləyir”.

Qeyd edək ki, Misli Premyer Liqasında turnir cədvəlinə 57 xalla “Qarabağ” başçılıq edir. 45 xala malik “Zirə” və “Araz-Naxçıvan” klubları isə müvafiq olaraq, 2-ci və 3-cü pillələrdə qərarlaşıblar.

Paylaş: