Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub (FOTO)

09.11.2025 09:56 9 baxış sayı 3 dəq. oxuma Trend
Zəfər Günü Abşeron rayonunda coşqu ilə qeyd olunub (FOTO)

Xalqımıza böyük və şanlı zəfər gətirən 44 günlük Vətən Müharibəsindən 5 il ötür. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və uzaqgörən siyasəti ilə ordumuz düşmən üzərində qələbə qazandı. Bu qələbə 30 illik vətən həsrətinə son qoydu. Qazanılan Zəfərlə ilahi ədalət bərpa edildi, suverenliyimiz və ərazi bütövlüyümüz tam təmin olundu. Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bu şanlı bayram, Zəfər Günü, Abşeron rayonunda böyük iftixar və qürur hissi ilə qeyd edildi.


Qələbənin beşinci ildönümü münasibətilə təşkil edilən mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin deputatları Nigar Məmmədova və Rizvan Nəbiyev iştirak ediblər. Həmçinin, rayonun hüquq-mühafizə orqanlarının və idarə rəhbərləri, şəhid ailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyəti mərasimdə yer aldı. İştirakçılar və vətənə əmanət qalan şəhid övladları ilk olaraq Xırdalan şəhərindəki Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Onlar abidə önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini ehtiramla yad etdilər.


Ardınca, rayon ictimaiyyəti şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdə Şəhidlər Xatirə Kompleksini, II Fəxri Xiyabanı və Xırdalan şəhərindəki Şəhidlər Xiyabanlarını ziyarət etdilər. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, nümayəndəliklər və yerli bələdiyyələr də rayonun bütün kənd və qəsəbələrindəki Şəhidlər Xiyabanlarını ziyarət etməyi davam etdirdilər. Onlar şəhidlərin dəfn olunduğu məkanlara gül dəstələri qoydular və xatirələrini ehtiramla yad etdilər. Şəhid ailələrinin yaşadıqları mənzillərə baş çəkilərək bayramları təbrik edildi, onların qayğıları ilə maraqlanıldı. Zəfər Gününün qeyd edilməsi Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan Parkda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə təşkil olunmuş təntənəli konsert proqramı və möhtəşəm atəşfəşanlıqla başa çatdı.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: