YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

21.11.2025 12:07 9 baxış sayı 5 dəq. oxuma Trend
YAP – Yeni reallıqların formalaşmasında həlledici siyasi aktor

Milli Məclisin deputatı Sevil Mikayılova Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin ölkənin ictimai-siyasi həyatında böyük əhəmiyyət daşıdığını bildirib. Deputat qeyd edib ki, 1990-cı illərin əvvəlləri Azərbaycan üçün son dərəcə mürəkkəb və təhlükəli bir dövr idi. O vaxt dövlət institutları zəifləyir, iqtisadi və hərbi böhran dərinləşirdi, ölkənin müstəqillik perspektivləri ciddi risk altına düşürdü. Belə bir şəraitdə ölkənin məsuliyyətli ziyalıları və tanınmış ictimai-siyasi xadimləri mövcud siyasi proseslərin gedişindən narahat idilər. Onlar ölkəni xaosdan çıxara biləcək, milli dövlətçilik prinsiplərinə əsaslanan yeni intellektual siyasi qüvvənin yaradılmasını zəruri hesab etdilər. Bu təşəbbüs Azərbaycanın müasir siyasi tarixində əsl dönüş nöqtəsi oldu.


1992-ci ilin oktyabrında 91 tanınmış ziyalının Heydər Əliyevə ünvanladığı müraciət sadəcə bir qrupun çağırışı yox idi. Bu müraciət xalqın geniş təbəqələrinin ümumi istəyinin ifadəsi idi. Onlar dövlətçiliyin xilası üçün məsuliyyətli addım ataraq Ulu Öndərdən yeni yaranacaq partiyaya rəhbərlik etməyi xahiş etdilər. Bu, milli iradənin institusional formaya çevrilməsinin əsas mərhələlərindən biri oldu. Həmçinin bu müraciət dağıdıcı proseslərin qarşısını almaq üçün güclü liderliyə ehtiyac olduğunu bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyev bu çağırışa cavabında YAP-ın yaranmasını obyektiv tarixi zərurət kimi qiymətləndirdi. Bu, dövrün tələbi idi, təsadüfi siyasi qərar deyildi. Ölkədə demokratiya, siyasi plüralizm və müstəqil dövlət quruculuğu üçün yeni bir siyasi institutun mövcudluğu lazım idi. YAP məhz həmin boşluğu dolduraraq milli dövlətçilik konsepsiyasının siyasi dayağına çevrildi.


Yeni Azərbaycan Partiyasının rəsmi şəkildə yaranması 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında bəyan edildi. Konfransın Naxçıvanda keçirilməsi simvolik əhəmiyyət daşıyırdı, çünki həmin vaxt Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan MR sabitlik adasına çevrilmişdi. 550 nəfər nümayəndənin iştirak etdiyi konfrans YAP-ın proqram və nizamnaməsini qəbul etdi, Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Bu qərar Azərbaycan siyasətində yeni bir mərhələ açdı. Qısa müddətdə YAP geniş ictimai dayaqlara sahib oldu və ölkənin aparıcı siyasi qüvvəsinə çevrildi. Bunun əsas səbəbi Heydər Əliyevin dövlət idarəçiliyindəki təcrübəsi və partiyanın real problemlərin həlli üçün konstruktiv mövqeyi idi. Ulu Öndər YAP-ı xalq partiyasına çevirdi və onu “dünənin, bu günün və gələcəyin partiyası” kimi formalaşdırdı. Partiyanın hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərpa olundu, iqtisadi islahatlara start verildi və sistemli idarəetmə yanaşması yarandı. YAP-ın son 30 ildə dövlət quruculuğundakı rolu Azərbaycanın müasir tarixinin əsas sütunlarından biridir.


Partiyanın genişlənməsi və xalq tərəfindən dəstəklənməsi onun ümumxalq partiyasına çevrildiyini göstərir. 2005-ci ildə III qurultayda Prezident İlham Əliyevin partiya sədri seçilməsi siyasi institutlar səviyyəsində varislik prinsipinin möhkəmləndirilməsi demək idi. Ulu Öndərin siyasi xətti müasir inkişaf tələblərinə uyğun şəkildə davam etdirildi, nəticədə Azərbaycan regional və qlobal müstəvidə daha da gücləndi. Prezident İlham Əliyevin dediyi kimi, son illərin tarixi uğurları YAP-ın siyasi strategiyasının düzgünlüyünü təsdiqləyir. Partiyanın təşəbbüsü ilə ölkədə siyasi dialoq mühiti yaranıb. Bu proses demokratik siyasi mədəniyyətin inkişafı və milli həmrəyliyin güclənməsi baxımından yeni mərhələ açıb. 2021-ci ildə qəbul edilmiş YAP-ın yeni Proqramı partiyanın müasir çağırışlara uyğun fəaliyyət konsepsiyasını müəyyənləşdirir. Bu gün YAP təkcə siyasi təşkilat deyil, Azərbaycan dövlətçiliyinin ideoloji dayağı və ölkənin gələcək inkişaf strategiyasının başlıca aparıcı qüvvəsidir.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: