Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir?

02.12.2025 05:26 5 baxış sayı 3 dəq. oxuma Trend
Universitetlərdə istiliyin verilməsilə bağlı vəziyyət necədir?

Bakıda və respublikanın müxtəlif bölgələrində rəsmi şəkildə istilik mövsümünün başlanmasına start verilib. Noyabr ayından etibarən artıq yaşayış binaları, sosial obyektlər, məktəblər, xəstəxanalar və digər ictimai təyinatlı müəssisələr mərkəzləşdirilmiş sistem vasitəsilə istiliklə təmin olunmağa başlayıb. Havanın tədricən soyuması fonunda mövsümün başlaması həm paytaxtda, həm də regionlarda yaşayış şəraitinin yaxşılaşmasına xidmət edir. Bu, xüsusilə həssas qruplar üçün daha komfortlu mühit yaradır.


Bu kontekstdə universitetlərdə istilik verilməsi ilə bağlı vəziyyət maraq doğururdu. Tələbələr və heyət istiliyin nə vaxtdan verildiyini, universitetlərin qışa hazırlığının və təchizat məsələlərinin hansı səviyyədə olduğunu bilmək istəyirdi. Təhsil ocaqları bu suallara cavab olaraq mövsümə hazırlıqlarını təsdiqləyiblər. Məsələn, Qarabağ Universitetindən bildirilib ki, istilik mövsümünə hazırlıq vaxtında tamamlanıb. Bütün tədris korpuslarında və inzibati binalarda istilik sistemi tam şəkildə işə salınıb. İstilik təchizatı ölkə üzrə rəsmi qaydada mövsümün başlanması ilə paralel şəkildə verilir. Qış mövsümü üçün lazım olan bütün texniki və təhlükəsizlik tədbirləri həyata keçirilib; sistem mütəmadi nəzarətdə saxlanılır.


Digər ali məktəblər də istiliyin verilməsinə rəsmi tarixdən başlandığını təsdiqləyiblər. Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidməti məlumat verib ki, Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli “İstilik enerjisindən istifadə qaydalarının təsdiq edilməsi haqqında” Qərarına əsasən, istilik mövsümü hər il noyabrın 15-də başlayır və növbəti ilin aprelin 15-də başa çatır. Bu qərar əsas tutularaq, ADU-nun hər üç tədris binasına noyabrın 15-dən etibarən mərkəzləşdirilmiş qaydada istilik təminatı həyata keçirilir. UNEC-in (Azərbaycan Dövlət İqtisad Universiteti) mətbuat xidməti də qeyd edib ki, noyabrın 15-dən etibarən bütün tədris binalarına istilik verilib. Bakı Dövlət Universitetindən (BDU) isə vurğulanıb ki, istilik mövsümü başlayandan BDU-nun bütün korpusları istiliklə təmin olunub və heç bir problem yoxdur.


G
Beynəlxalq təhsil müxbiri

Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.

Bütün məqalələrə baxın
Paylaş: