
Təhsildə keyfiyyət istəyiriksə, müəllimlərə daha yüksək tələblər qoymalıyıq – Nazir

Elm və təhsil naziri Emin Əmrullayev təhsildə keyfiyyəti yüksəltmək üçün müəllimlərə olan tələblərin artırılmasının zəruriliyini bildirib. Nazir bu fikirləri Milli Məclisin komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. Onun sözlərinə görə, 2026-cı ilin sonuna qədər demək olar ki, bütün fənlər üzrə müəllimlərin böyük əksəriyyəti sertifikatlaşdırma prosesini tamamlamış olacaq. 2026-cı ildə uğursuz nəticə göstərmiş müəllimlərin təkrar sertifikatlaşdırılması yalnız 2027-ci ildə həyata keçiriləcək. Həmçinin, 2022-ci ildə ilk dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən növbəti mərhələyə – ikinci dövrə sertifikatlaşdırmaya cəlb ediləcəklər.
Ə. Əmrullayev qeyd edib ki, hazırda birinci mərhələdən keçən müəllimlər sadəcə minimal tələblərə cavab verir. Nazir izah edib ki, birinci mərhələdə tələb olunan standartlar kifayət qədər aşağı və humanist yanaşma ilə müəyyən edilmişdi. O, qəti şəkildə bildirib: "Əslində isə biz təhsildə keyfiyyət istəyiriksə, müəllimlərimizə qarşı daha yüksək tələblər qoymalıyıq." Heç bir təhsil sisteminin keyfiyyəti onun müəllim heyətinin keyfiyyətindən yuxarı ola bilməz. Əgər müəllimə olan tələblər aşağı salınarsa, təhsilin nəticələrinə dair gözləntilər də aşağı salınmalıdır ki, bu, ziddiyyətli və məntiqsiz bir yanaşmadır. Buna görə də, bu standartlar tədricən – xüsusilə də ibtidai təhsildə – artırılmalıdır, baxmayaraq ki, bu proses çətin ola bilər.
Nazir 2027-2030-cu illər üçün əsas hədəflərdən birinin də müəllimlik peşəsinə yeni bir iş modelinin tətbiqi olduğunu dilə gətirib. Bu, yalnız saatla dərs deyən və ya yarımştat işləyən müəllim modeli deyil. Yeni model daimi, gündəlik məktəbə gələn və yüksək əməkhaqqı ilə işləyən müəllimləri nəzərdə tutur. Nazir vurğulayıb ki, bu dəyişiklik məcburi deyil. İstəyən müəllim əvvəlki – saatla işləmə sistemində qala bilər. Yeni modelə yalnız sertifikatlaşdırmadan yüksək nəticə ilə keçmiş müəllimlər cəlb olunacaq.
Yeni yanaşmaya görə, müəllimin həftəlik dərs yükü 18–24 saat təşkil edəcək. Əlavə saatlarda müəllimlər şagirdlərlə, valideynlərlə və məktəb daxilindəki digər təhsil fəaliyyətləri ilə məşğul olacaqlar. Əmrullayev izah edib ki, əməkhaqqının aşağı olmasının əsas səbəbi müəllimlərin həftəlik dərs yükünün az olmasıdır. Hazırda hər dörd müəllimdən biri həftədə cəmi 12 saat dərs deyir. Bu az yük, təbii ki, aşağı maaş deməkdir. Nazir yekun olaraq bildirib ki, əgər biz müəllimin həyatını və statusunu yaxşılaşdırmaq istəyiriksə, bu mövcud iş yükü və maaş yanaşmasını dəyişməliyik.
Xaricdə təhsil imkanları və beynəlxalq proqramlar haqqında yazıram. Özüm Almaniyada magistratura oxumuşam.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Nazir ona vəzifə verdi -
Son Xeberler

Baş nazir Əli Əsədov qərar imzaladı
Bugun.az

Nazir: Saathesabı, yarımştat kimi yox, müəllim tam...
Azəri Xəbər

Təhsildə dəyişiklik dedikdə bunu nəzərdə tuturuq -...
Bugun.az

Baş nazir qərar imzaladı
Bugun.az

Dörd universitetə akkreditasiya verildi - SİYAHI
Bugun.az



