Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır - SN (FOTO)

20.10.2025 07:16 8 baxış sayı 5 dəq. oxuma Trend
Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır - SN (FOTO)

Hər il oktyabrın 20-si 1997-ci ildən bəri Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Bu tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyır. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini, baş həkim Nizami Məmmədov osteoporozun yaranma səbəbləri, növləri və müalicə yolları haqqında ətraflı məlumat verdi.


Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan metabolik xəstəlikdir. Bu xəstəlik sümükləri zəif və kövrək edir. Xəstəlik zamanı sümükdə mineral komponentlərin miqdarı azalır, eyni zamanda onun mikroarxitekturası pozulur. Nəticədə sümük mexaniki gücünü itirir və minimal travma ilə belə sınıqlar baş verə bilir. ÜST-nin tərifinə görə, osteoporoz sistemli sümük xəstəliyi olub, əsas klinik əlaməti az travmalı və ya heç travma olmadan baş verən sınıqlardır. Nizami Məmmədovun sözlərinə görə, bu xəstəliyin ən böyük təhlükəsi onun uzun illər simptom verməməsidir. Osteoporoz yalnız sınıq baş verdikdə özünü göstərir və artıq gec mərhələdə aşkar olunur. Buna görə də, o, tez-tez “səssiz epidemiya” adlandırılır.


Osteoporoz əsasən qadınlarda, xüsusilə menopauza sonrası dövrdə daha çox rast gəlir. Qadınlarda hormonal səbəblər önəmli olsa da, kişilərdə yaşlanma, xroniki xəstəliklər və həyat tərzi faktorları əsas rol oynayır. Uzun müddət yataq rejimində qalanlar, qidalanma pozğunluğu olan şəxslər və bəzi xroniki xəstəliklərdən əziyyət çəkənlər də yüksək risk qrupuna daxildir. Xəstəliyin yaranması çoxfaktorlu bir prosesdir. İnsan təbii olaraq 30-35 yaşında sümük kütləsinin ən yüksək səviyyəsinə çatır, sonra isə bu kütlə yavaş-yavaş azalmağa başlayır. Xüsusən qadınlarda menopauza sonrası dövrdə estrogen hormonunun kəskin azalması sümük itkisini sürətləndirir. Genetik amillər də əhəmiyyətlidir; əgər birinci dərəcəli qohumlarda osteoporoz və ya bud boynu sınıqları müşahidə edilibsə, bu, riskin yüksək olduğunu göstərir. Orqanizm kifayət qədər kalsium və D vitamini qəbul etmədikdə sümük toxumasının möhkəmliyi azalır. Hərəkətsizlik, siqaret, alkoqol və bəzi dərmanların uzun müddət qəbulu da sümük metabolizmini pozur.


Xəstəliyin diaqnostikasında sümük mineral sıxlığının ölçülməsi əsas yer tutur. Bunun üçün istifadə edilən densitometriya (DEXA) metodu “qızıl standart” hesab edilir. “T-score” –2.5 və daha aşağı olduqda osteoporoz diaqnozu qoyulur. Rentgenoqrafiya yalnız gec mərhələdə sümük nazilməsini göstərir, bu səbəbdən erkən mərhələlər üçün kifayət qədər informativ sayılmır. Biokimyəvi analizlərdə kalsium, fosfor və paratiroid hormonu kimi göstəricilər qiymətləndirilir. Osteoporozun ən ciddi nəticəsi sınıqlardır. Bud boynu sınıqları xəstələrin böyük bir hissəsində hərəkət məhdudiyyəti və yataq asılılığına səbəb olur. Fəqərə sınıqları isə qamburluğa, boyun qısalmasına və daimi ağrılara gətirib çıxarır.


Osteoporozun müalicəsi həyat tərzinin dəyişdirilməsi ilə başlamalıdır. Kalsium və D vitamini ilə zəngin pəhrizə üstünlük vermək, günəş işığından kifayət qədər faydalanmaq, fiziki aktivliyi artırmaq və zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Dərman müalicəsində sümük rezorbsiyasını azaldan preparatlar istifadə olunur. Profilaktika bu xəstəliyin qarşısını almağın ən təsirli yoludur. Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdır. Bu dövrdə sümük kütləsinin maksimum səviyyəyə çatdırılması gələcəkdə osteoporoz riskini azaldır. Orta və yaşlı dövrdə mütəmadi densitometriya müayinəsi və həkim nəzarəti altında əlavə qidalar qəbul edilməlidir. Osteoporozlu xəstələr evlərində təhlükəsizlik tədbirləri görməli, sürüşkən xalçaları yığışdırmalı və yıxılma riskini azaltmaq üçün tutacaqlar quraşdırmalıdırlar. Erkən diaqnoz, vaxtında müalicə və profilaktika tədbirləri həyat keyfiyyətinin qorunmasında vacib rol oynayır.


Tibb müxbiri

Tibb və səhiyyə xəbərləri üzrə ixtisaslaşmışam. Tibb bacısı kimi işlədikdən sonra jurnalistikaya keçdim.

Bütün məqalələrə baxın
Paylaş: