
Struktur islahatlar idarəetmə və dəyərlər səviyyəsində yenilənməni hədəfləyir - Elçin Mirzəbəyli

Prezident İlham Əliyevin 12 noyabr 2025-ci ildə Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə yeni təyin olunmuş başçılarını qəbul edərkən səsləndirdiyi fikirlər yerli idarəetmədə məmur davranışı, etik mədəniyyət və sosial məsuliyyət haqqında vacib mesajlarla yadda qaldı. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli açıqlamasında bildirib ki, ölkədə həyata keçirilən dərin **struktur islahatlar** yalnız institusional çərçivələri deyil, həm də dəyərlər və idarəetmə fəlsəfəsi səviyyəsində yenilənməni hədəfləyir.
Millət vəkilinin sözlərinə görə, Prezidentin "Rəhbər vəzifədə çalışan hər bir şəxs təvazökar olmalıdır” fikri müasir dövlət idarəetməsində məmur təfəkkürünün ideoloji transformasiyasını göstərir. Bu, inzibati funksiyanın sadəcə texniki icra deyil, eyni zamanda əxlaqi və ictimai məsuliyyət daşıyan bir missiya olduğunu xatırladır. Dövlət başçısı açıq şəkildə bildirir ki, məmurun şəxsi davranışı, hətta onun ailəsinin və yaxın çevrəsinin davranış mədəniyyəti belə dövlətin nüfuzuna təsir edir. Bu yanaşma idarəetmədə yeni bir standartın tətbiqidir. Burada **etik məsuliyyət** dövlət marağı səviyyəsinə qaldırılır.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin "əyri yola gedən hər bir məmur məhkəmə qarşısında cavab verir" fikri, antikorrupsiya siyasətinin emosional deyil, hüquqi və institusional təməldə qurulduğunu göstərir. Dövlət başçısı bildirir ki, qanunsuz hərəkətlər cəzasız qalmır və bu, artıq cəmiyyətin gözləntisinə çevrilib. İllər öncə başlanan "təmizlənmə siyasəti" bu çıxışda idarəetmə fəlsəfəsinin əsas dayağı kimi təqdim olunur. Prezidentin "sizə heç kim qanunsuz tapşırıq verməyəcək" bəyanatı həm idarəetmədə şəffaflıq, həm də məmurların fərdi məsuliyyətinin artırılması baxımından strateji əhəmiyyət daşıyır. Artıq qanunsuz varlanmanı məqsəd hesab edən məmurlar cəzalandırılıb, mərkəzi icra orqanları sağlam idarəetmə mühitinə qovuşub.
Ölkə başçısı "ilk növbədə xalqa xidmət etmək, xalqla bir yerdə olmaq" tezisini bütün təyinatlarında davamlı vurğulayır. Bu prinsip Azərbaycan dövlətçiliyinin əsas ideoloji dayağıdır. Xalqa yaxınlıq, bölgələrdə vətəndaşlarla birbaşa ünsiyyət, yerli problemlərin şəffaf və operativ həlli artıq inzibati tapşırıq deyil, məmur peşəkarlığının əsas meyarına çevrilib. Prezidentin "artıq o məmurlardan əsər-əlamət qalmayıb" fikri **kadr islahatları**nın dərinliyini və sistemliliyini nümayiş etdirir. Məmur korpusunun yenilənməsi, səlahiyyətlərin şəffaf bölgüsü və peşəkar kadrlara üstünlük verilməsi dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsinin göstəricisidir.
Yeni təyin olunan rəhbərlərə göstərilən etimad inzibati üstünlükdən daha çox, ictimai etibarın qazanılması üçün məsuliyyət və borcdur. Əgər əvvəlki dövrlərdə əsas məqsəd institusional strukturun yaradılması idisə, bu gün əsas prioritet idarəetmənin keyfiyyətinin və sosial legitimliyinin artırılmasıdır. Yeni mərhələnin əsas formulu aydındır: xalqa xidmət, şəffaf idarəetmə, ədalətli qərar və məsuliyyətli rəhbərlik. Bu dəyərlər əsasında formalaşan məmur davranışı Azərbaycanın idarəçilik modelini müasir dövrün tələblərinə uyğun şəkildə yenidən formalaşdırır.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Qarabağ Universitetində “Mənəvi Dəyərlər” Günü Tən...
Azəri Xəbər
Vüqar Qurbanov: Xəstəxanalardakı növbə problemləri...
Azəri Xəbər

Bu şəxslər metro və avtobusdan pulsuz istifadə edə...
Bugun.az

Xəstəxanalarda növbə problemlərinin arada qaldırıl...
Azəri Xəbər

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi E...
Azəri Xəbər

Ana Vətən Partiyasının qurultayındakı qalmaqalınVİ...
Bugun.az



