Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

06.11.2025 11:16 7 baxış sayı 3 dəq. oxuma Trend
Sevil Mikayılova dövlət büdcəsində “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı bölmələrin yaradılmasını təklif edib

Milli Məclisin deputatı və Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti Sevil Mikayılova 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bir sıra mühüm təkliflər irəli sürüb. O, bu büdcə layihəsini dayanıqlı iqtisadiyyatın qorunması və möhkəmləndirilməsi üçün Prezident İlham Əliyevin hökumət qarşısında qoyduğu vəzifələrə çatmaq üçün etibarlı bir sənəd adlandırıb. Millət vəkili qeyd edib ki, büdcənin tərtibatında beynəlxalq gündəlikdə istifadə olunan yeniliklər nəzərə alınmalıdır. Mikayılova dövlət büdcəsi sənədlərinə “süni intellekt” və “mavi iqtisadiyyat”la bağlı ayrıca bölmələrin əlavə edilməsini təklif edir.


Parlamentari çıxışında “mavi iqtisadiyyat” termininin əhəmiyyətini izah edib. O, BMT-nin Minillik Hədəflərinə dair hesabatlarında da bu terminin geniş şəkildə tətbiq olunduğunu vurğulayıb. Mikayılova bildirib ki, bu məsələnin aktuallığı ekoloji problemlərlə birbaşa bağlıdır. Prezident İlham Əliyev Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlərin ölkəmiz üçün ciddi çağırışlara səbəb olduğunu bildirmişdi. Biz eyni zamanda digər su hövzələrinin idarə olunması ilə bağlı da oxşar problemlərlə rastlaşırıq. Əgər BMT öz büdcəsində "mavi iqtisadiyyat"la bağlı bölmələrə yer verirsə, Azərbaycanın da gələcək büdcə sənədlərində su ehtiyatlarının idarə edilməsi istiqamətinə xüsusi yer ayırması faydalı olar.


Sevil Mikayılova, həmçinin maliyyə nazirinin çıxışında bəhs etdiyi əsaslı xərclərin effektivliyinin daha önəmli olması məsələsini dəstəklədiyini bildirib. O, düşünür ki, məhz bu aspektdən 2026-cı il dövlət büdcəsinin reallaşması regionlarda mövcud olan problemlərin həllində əsas amil olacaq. Millət vəkili sonda qeyd edib ki, 2026-cı il dövlət büdcəsi layihəsi kifayət qədər düşünülmüş, çevik və müasir çağırışlara cavab verən sənəddir. Buna görə də, o, təqdim olunan layihəni dəstəkləyəcəyini söyləyib.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: