Sektor müdiri: Müəllimin elektron jurnaldakı qiyməti dəyişdirməsinə qəti imkan yoxdur - MÜSAHİBƏ

16.10.2025 06:38 14 baxış sayı 16 dəq. oxuma Apa
Sektor müdiri: Müəllimin elektron jurnaldakı qiyməti dəyişdirməsinə qəti imkan yoxdur - MÜSAHİBƏ

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Rəqəmsal İdarəetmə Sektorunun müdiri Fidan Nəcəfovanın APA-ya müsahibəsi


Bu platformaya qoşulacaq müəssisələrin sayı artırılacaq


- Bakıdakı 353 məktəbdə kağız jurnallar ləğv edilərək rəqəmsal sistemə keçid olunub. Bəs digər məktəblərdə elektron jurnala tam keçid nə vaxt tətbiq ediləcək?


“Rəqəmsal məktəb” platformasına tam keçiddən əvvəl 3-4 ay ərzində Bakı şəhərində yerləşən təhsil müəssisələrində layihə pilot rejimdə tətbiq edildi. Bu ilin aprel-may aylarında paytaxt məktəblərində kağız jurnal ləğv edilmədən platforma pilot qaydada istifadə olunurdu. Məqsəd müəllimləri praktiki cəhətdən layihənin tətbiqinə hazırlamaq, platformadakı iş yükünü nizamlamaq, müxtəlif təlimlər keçmək, müəllimlərin və direktorların platformada qeydiyyatdan keçmə faizini artırmaq idi. Bununla da biz bu dövrdə yaşana biləcək potensial texniki problemləri də araşdıra bildik. Sözügedən platforma kağız jurnalla eyni funksiyaya malik olmalı idi. Kağız jurnalda şagirdlərin siyahısı, valideynlərin məlumatları, dərs cədvəlləri necə formalaşıbsa, elektron versiyada da eyni qaydada təşkil edilməli idi. Bu baxımdan pilot dövrü çox vacibdir. May ayının sonlarında aparılan təhlillər onu göstərdi ki, Bakıdakı təhsil müəssisələri buna hazırdır. Kağız jurnallardan rəqəmsal platformaya tam keçid üçün müəllimlərin hazırlığı ilə yanaşı, təhsil müəssisələrinin infrastrukturu da önəmlidir. Məsələn, sinif otaqlarında müəllimlər üçün kompüterlər və internetə çıxış imkanları olmalıdır ki, platformaların daim işlək vəziyyətdə olması təmin edilsin. Hazırda regionlarda 120 məktəbdə “Rəqəmsal məktəb” platformasının pilot dövrü həyata keçirilir. Həmin təhsil müəssisələrində elektron jurnal kağız jurnalla paralel istifadə olunur. Gələn tədris ilindən bu platformaya qoşulacaq müəssisələrin sayının artırılması nəzərdə tutulur. Bu məqsədlə təhlillər aparılacaq. Bütün məktəblərdə ilk növbədə lazımi infrastruktur təşkil edilməlidir, pedaqoji heyət platformada qeydiyyatdan keçməlidir, müvafiq təlimlər keçirilməlidir. Sözügedən təhsil müəssisələri Abşeron rayonu, eləcə də Gəncə, Sumqayıt və s. şəhərlərin böyük şagird kontingenti olan məktəbləri sırasından seçilib. Mərhələli şəkildə digər regionlarda da bu prosesin icrasını planlaşdırmışıq.



Texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var


- Elektron jurnalların tətbiqi yaşlı müəllimlər üçün hər hansı problem yaradırmı?


Təbii ki, texnologiyadan istifadədə çətinlik çəkən müəllimlər var. Amma hər bir müəssisədə platformadan tam istifadə edə bilən İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə laborantlar, yaxud da informatika müəllimləri mövcuddur. İlkin mərhələdə bir neçə ay onlar platformadan istifadədə çətinlik çəkənlərə dəstək göstərəcəklər. Qeyd etməliyəm ki, hazırda platformadan istifadə zamanı müəllimlərdən tələb edilən funksiyalar geniş deyil. Başqa sözlə desək, müəllimlər hazırkı mərhələdə özlərinin dərs dedikləri şagirdləri sistemdə aktivləşdirir, davamiyyət və qiymətləndirmə ilə bağlı qeydlərini aparır. Tədris ili başlayanadək müəllimlər üçün bir ay müddətində intensiv təlimlər keçirmişdik. Yekunda müəllimlərə tapşırıldı ki, onlar da çalışdıqları təhsil müəssisələrində eyni formatda təlimlər təşkil etsinlər və həmkarlarına platformadan istifadə üçün dəstək olsunlar.


- Gələn tədris ilində də pedaqoji heyət üçün bu cür təlimlər keçiriləcəkmi?


Bu təlimləri ilboyu təşkil etməyi düşünürük. Hazırda da təlimlər davam edir. Əməkdaşlarımız məktəblərə gedərək belə təlimlər keçirirlər. Təlimlər Elm və Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir.



Sistemdə qeydiyyatı olmayan şəxslər platformaya heç bir formada daxil ola bilmir


Elektron jurnalların təhlükəsizliyi tam qorunurmu? Məsələn, kimsə sistemə daxil olub məlumatlarda və ya qiymətlərdə dəyişiklik etməsinin qarşısını almaq üçün hansı tədbirlər görülüb?


Platformada ümumtəhsil sistemində qeydiyyatı olmayan şəxs iştirak edə bilmir. Direktorlar da, valideynlər də qeydiyyatdan keçərkən FİN kod daxil edirlər. Bu zaman sistem avtomatik yoxlama aparır. Valideynin uşaqları informasiya sistemində tapılır və qeydiyyat tamamlanır. Sistemdə qeydiyyatı olmayan şəxs platformaya heç bir formada daxil ola bilmir. Bütün platformalar Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən müvafiq serverlərdə yerləşdirilib. Bu vaxta qədər edu.az domenində olan digər informasiya sistemlərimiz necə qorunubsa, “Rəqəmsal məktəb” platforması üzrə də məlumat təhlükəsizliyi eyni səviyyədə təmin olunur. Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq edilir.


Müəllimin yazdığı qiyməti heç bir halda dəyişmək imkanı yoxdur


- Bəs, müəllim elektron jurnalda apardığı qeydləri, qiymətləndirməni daha sonra dəyişdirə bilirmi?


Müəllimin yazdığı qiyməti heç bir halda dəyişmək imkanı yoxdur. Müəllim etdiyi heç bir qeydi “göndər” düyməsini basdıqdan sonra dəyişdirə bilmir. Ümumiyyətlə, indi gündəlik qiymətləndirmə yox, formativ qiymətləndirmə tətbiq olunur. Formativ qiymətləndirmə də müəllimin rəyidir. Biz 5 şkalalı sistemlə hər bir uşağın formativ qiymətləndirilməsini təmin etmişik. Bununla da uşağın hazırlıq səviyyəsi ilə bağlı fənn müəllimi öz rəyini valideynə çatdırır. 5 şkalalıq qiymətləndirmə sistemi hesabatlılıq və təhlil imkanlarını təmin edir. Şagirdin illik və yarımillik göstəriciləri Kiçik və Böyük Summativ Qiymətləndirmələr (KSQ və BSQ) əsasında formalaşır. Kiçik summativ qiymətləndirmələr oktyabrın sonundan başlayır. İldə iki dəfə isə böyük summativ qiymətləndirmə aparılır. Hazırda platformada fənn müəllimlərinə qeyd aparması üçün üç gün vaxt verilir. İndi müəllimlərin yeni sistemə adaptasiya dövrüdür. Bu ayın sonlarında kiçik summativ qiymətləndirmələr başlayanda bu möhlət bitəcək. Müəllimlər günün qeydini növbəti günə saxlaya bilməyəcəklər.



Valideyn direktorun qəbuluna elektron qaydada yazıla biləcək


- Gələcəkdə valideynlər elektron jurnallar vasitəsilə daha hansı məlumatları əldə edə biləcəklər?


Bunun üçün müəyyən zaman tələb olunur ki, uşaqların qiymətləri arasında müəyyən əlaqə qurulsun. Məsələn, hazırda sadəcə şagirdin 1-2 formativ qeydləri aparılır. Ayın sonlarında KSQ-lər, yanvarda isə BSQ-lər əlavə olunacaq. İl sonunda illik qiymətlər və monitorinq nəticələri əlavə olunacaq. Bu məlumatlar toplandıqca valideyn övladının fənn üzrə inkişafını izləmək üçün gözəl imkan əldə edəcək. Orada müxtəlif panellərin ("dashboard"ların), vizual qrafiklərin də istifadəyə verilməsi nəzərdə tutulub. Bu isə son nəticədə valideynlərə vizual şəkildə övladının dəqiq və humanitar fənlər üzrə inkişafını izləmək imkanı yaradacaq. Bununla yanaşı, platformada direktorların qəbuluna yazılmaq üçün şərait yaradılacaq. Nəticədə valideyn direktorun qəbuluna elektron qaydada yazıla biləcək. Proses artıq yekunlaşmaq üzrədir. Qəbul üçün gün və saat aralığı təyin ediləcək və həmin məlumatlar sistemdə yerləşdiriləcək. Valideyn sistemdə qeyd edilən vaxt aralıqlarından birini seçə biləcək. Amma bu funksionallığın əlavə edilməsi valideyni məktəbdən uzaqlaşdırmağı hədəfləmir. İstənilən valideyn istədiyi vaxt təhsil müəssisəsinin direktoru və pedaqoji kollektivi ilə görüşə bilər. Onu da qeyd edim ki, valideynlərin platformadakı funksional imkanları minimuma endirilib. Çalışmışıq ki, onlar sadəcə övladlarının akademik fəaliyyəti ilə bağlı məlumat əldə etsinlər. Bununla paralel, direktorla birbaşa mesajlaşma ("chat") funksiyası da var. Bu funksiya vasitəsilə direktora müraciət edə, problem və şikayətlər bildirilə bilər. Cari yarımilliyin sonunda platformaya məktəb üçün sorğunun yerləşdirilməsini də nəzərdə tutmuşuq. Valideynlər bu sorğu ilə təhsil müəssisəsini dəyərləndirə biləcəklər. Onların köməkliyi ilə məktəblərin idarəedici, pedaqoji, sosial mühitdəki aktivliyini dəyərləndirəcək sorğu formalaşdırmaq istəyirik. Sorğu ilin sonunda platformada yerləşdirilərək qeydiyyatdan keçmiş valideynlərin istifadəsinə veriləcək.



- Elektron jurnallarda davamiyyətsizlik (qaib) limiti necə hesablanacaq? Limit nə qədər olacaq?


“Elektron jurnal”da bununla bağlı heç bir dəyişiklik nəzərdə tutulmur. Əvvəl hansı limitlər var idisə, indi də həmin qayda tətbiq ediləcək. Həmçinin yarımillik və illik qiymətləndirmələr elektron jurnalda avtomatik hesablanacaq.


Valideyn həmin ev tapşırığını görə bilir


- Elektron jurnallarda ev tapşırıqları da qeyd ediləcəkmi?


Valideyn qeydiyyatdan keçəndə elektron gündəlik platformasına yönləndirilir. Burada müəllimin verdiyi ev tapşırığı şagirdə yönəlir. Valideyn həmin ev tapşırığını görə bilir. Həmin hissədə müəllim ev tapşırığını qeyd edə də bilər, etməyə də. Bu müəllimin öhdəliyi deyil. Öhdəlik əsas mövzunun qeyd edilməsi, şagirdlərin davamiyyəti və formativ qiymətləndirilməsidir. Müəllim orada ev tapşırığını qeyd edərsə, valideynlərin həmin tapşırığı görmək imkanları yaranır.


Günay Elşən


Dərslikdə olan bütün mövzular sistem tərəfindən tanınır


- İlk olaraq ibtidai sinif şagirdləri və dərsi çətin mənimsəyən şagirdlər üçün elektron resurslar və “Çatbot” (Chatbot) imkanlarının yaradılacağını demişdiniz. Bəs bütün fənlər və siniflər üçün materialların yerləşdirilməsi nəzərdə tutulurmu? Həmçinin ”Çatbot”, eləcə də internetə çıxış Azərbaycanın bütün məktəblərində tətbiq ediləcəkmi?


Biz həm elektron resurslar, həm də “Çatbot” imkanları yaratmağı nəzərdə tuturuq. Elektron resurslar əsasən ibtidai sinif şagirdləri üçün nəzərdə tutulub, yuxarı sinif şagirdləri üçün isə yalnız mənimsənilməsi çətin olan mövzuları əhatə edəcək. “Çatbot” isə hazırda sadəcə iki fənn – Azərbaycan dili və Azərbaycan tarixi fənləri üzrə nəzərdə tutulub. Daha çox milli mənəviyyatı təmsil edən fənlər olduğu üçün ilkin mərhələdə adıçəkilən fənlərin dərsliklərini sistemə daxil edirik. Dərslikdə olan bütün mövzular sistem tərəfindən tanınır. Şagirdin həmin dərslərlə bağlı hər hansı sualı olarsa, “Çatbot”a ünvanlayıb cavab alacaq. Şagirdin dərsi yaxşı mənimsəməsi üçün bir qədər fərdiləşdirilmiş tədris metodu tətbiq olunacaq. Hər istiqamətdə suala cavab verən ”Çatbot” nəzərdə tutulmur. “Çatbot” tərəfindən yalnız yaddaşında olan mövzularla bağlı suallar cavablandırılacaq. Sadəcə Bakıdakı məktəblərin şagirdləri deyil, ölkə daxilindəki bütün şagirdlər qeydiyyatdan keçərək “Çatbot”dan istifadə edə biləcəklər.


- Elektron resurslara yuxarı siniflər üçün hansı fənlər əlavə edilib? Elektron resursların üstünlükləri nələrdir?


Elektron resurslar yuxarı siniflər üçün biologiya, kimya, fizika, riyaziyyat, Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin daha çox çətin mənimsənilən mövzularını əhatə edəcək. Təbii ki, növbəti mərhələlərdə fənn və mövzuların əhatə dairəsinin genişləndirilməsi hədəflənir. Pandemiya dövründə teledərslər vasitəsilə resurslar hazırlanmışdı. Həmin resurslar vasitəsilə müəllimlər şagirdlərə dərsləri izah edirlər. Bunun sayəsində məktəbli mövzunun izahlı videosuna baxa bilir. Fərq ondadır ki, videoresursların sonunda test tapşırıqları da var. Tədris ilinin sonunadək bu resursların digər fənləri də əhatə etməsi nəzərdə tutulur.



- Bəs “Çatbot”a hansı fənlərin əlavə edilməsi planlaşdırılır?


Hazırda iki fənnə fokuslandığımıza görə, növbəti mərhələnin fənləri hələ seçilməyib. Bu proses yəqin ki, bir neçə aya yekunlaşacaq. Biz əmin olmalıyıq ki, həmin “Çatbot” mövzudan kənar suallara cavab verməyəcək. Hazırda texniki heyət bunun “Rəqəmsal məktəb”ə inteqrasiyası ilə məşğul olur, gələn tədris ilindən digər fənlərə keçid ediləcək.


- Müəllimlər davamiyyət, nizam-intizam və formativ qiymətləndirmə ilə bağlı qeydlər aparırlar. Bu qeydlər mənfi olarsa, Agentlik tərəfindən şagirdlə bağlı hər hansı tədbir görüləcəkmi? Yoxsa qeyd yalnız valideynin övladı haqda məlumat alması üçün aparılır?


Bütün hesabatlar birbaşa Agentliyə və Elm və Təhsil Nazirliyinə ötürülür. İstədiyimiz məktəbdə hansı dərs cədvəlinin formalaşdığını və şagirdlərin necə qiymətləndirildiyini görə bilirik. Məsələn, hansısa məktəbdən müntəzəm şikayətlər gəlirsə, orada hansısa müəllimin dərs üzrə qeydlərini izləyə bilirik. Şagirdlərin keyfiyyət göstəriciləri necədir? Davamiyyət necədir? Sistem imkan verir ki, ayın sonunda və ya 2 aydan sonra davamiyyət göstəriciləri aşağı olan məktəblər, siniflər bizə qırmızı işarə ilə, “SOS” siqnalı şəklində daxil olsun. Bu zaman müəssisə rəhbəri ilə əlaqə yaradıb problemin səbəbini araşdırırıq. Amma müəssisə daxilində müəllim və ya şagirdlərlə işi müəssisə rəhbərliyi icra edir.


Demək olar ki, mobil tətbiqi tamamlamışıq


- Rəqəmsal məktəblərlə bağlı mobil tətbiq nə zaman istifadəyə veriləcək?


Demək olar ki, mobil tətbiqi tamamlamışıq. Yəqin ki, yaxın müddətdə istifadəyə veriləcək. Tətbiq ilkin mərhələdə müəllimlər üçün istifadəyə veriləcək. Çünki bəzən müəllimlər 45 dəqiqə ərzində qeydləri yerləşdirməyə vaxt tapmır. Sonrakı mərhələdə isə valideynlər üçün də mobil tətbiq istifadəyə veriləcək.



- Elektron jurnallara nəzarət mexanizmi necə tətbiq olunur?


Direktor tabeliyində olan müəllimlərin fəaliyyətini görə bilir. Fənn müəllimləri üçün əlavə hesabatlılıq tələb olunmur. Sadəcə sistemə öz şagirdlərinin qiymətlərini əlavə edəcəklər. Agentlik və Nazirlik isə bütün məktəblərin dərs cədvəllərini və davamiyyət nəticələrini görə bilir. Hazırda hesabatlılıq çıxarmaq funksionallığı yalnız Agentlik və Nazirlikdə formalaşdırılıb. Biz müəllimin sertifikasiya balından tutmuş sinfinin təhsil nəticələrinə qədər müxtəlif hesabatlar hazırlayırıq ki, prosesi izləyə bilək. KSQ-yə qədər bu hesabatlar tam yekunlaşmalıdır. Əvvəllər biz gözləyirdik ki, yarımillik qiymətlər formalaşdırılsın, sonra məlumatlar arxivlənsin, monitorinqlər keçirilsin ki, biz uşaqların inkişaf səviyyəsini izləyə bilək. Hazırda isə “Rəqəmsal məktəb” platforması aylıq hesabatlar vasitəsilə həmin ayın məlumatlarını izləməyə imkan verir. Bununla da “SOS” siqnalı görünən məktəblərə tədris ili bitməmiş müdaxilə edə biləcəyik.


Foto: Rüfət Mustafayev ©️ APA GROUP


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: