Şəhid məzunların xatirəsinə ehtiram – AzMİU-da Zəfər Günü qeyd olundu

06.11.2025 11:25 8 baxış sayı 2 dəq. oxuma Trend
Şəhid məzunların xatirəsinə ehtiram – AzMİU-da Zəfər Günü qeyd olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü ilə əlaqədar şəhidlərin əziz xatirəsini yad etmək və Vətən müharibəsi iştirakçılarına hörmət göstərmək məqsədilə silsilə tədbirlər təşkil edildi.


AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ilk olaraq müharibə iştirakçısı olan qazi tələbələrlə görüş keçirdi. Görüş zamanı Zəfər Gününün tarixi əhəmiyyəti xüsusi vurğulandı, şəhidlərin xatirəsi dərin ehtiramla yad edildi. Rektor qeyd etdi ki, bu böyük Qələbə xalqın birliyinin, dövlətin güclü siyasi iradəsinin və Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığın nəticəsində mümkün oldu.


Tədbirlərin davamı olaraq universitetdə xüsusi anım guşələri açıldı. Tikinti-İqtisad fakültəsində şəhid məzunlar Səmural Fətəliyev və Osman Cəfərovun barelyeflərinin açılış mərasimi baş tutdu. Eyni zamanda, İnşaat fakültəsində də mühüm anım tədbiri keçirildi. Burada şəhid məzunlar Elsəvər Əhədzadə, Zaur Dövlətov və Rauf İbadovun xatirəsinə yaradılmış xüsusi guşəyə baxış oldu. Çıxışlarda şəhidlərin şərəfli həyat və döyüş yollarından danışıldı. Həmçinin vurğulandı ki, onların göstərdiyi igidlik gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir.


AzMİU rəhbərliyi şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində ardıcıl işləri davam etdirir. Onların adını daşıyan barelyeflər və guşələr yaradılır, həmçinin şəhid ailələri mütəmadi olaraq ziyarət edilir. Şəhidlərin doğum və şəhidlik günləri hər zaman qeyd edilir. Bütün bu fəaliyyətlər universitetin şəhidlərə və qazilərə göstərdiyi yüksək ehtiramın təzahürüdür.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: