
Rüşvətdə ittiham olunan sabiq komissarın işi: "27 min manatı komissara çatdırdım"
 
                            
                        Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Xəzər rayon idarəsinin sabiq rəisi Ramin Şükürov, həmçinin həmin idarənin çağırış şöbəsinin baş zabiti Xalid Əzimov və zabiti Emil Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir. Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Abdulla Ələsgərov mühüm ifadələr verib. Ələsgərov özəl şirkətlərdən birində hüquqşünas işlədiyini və təqsirləndirilən Ramin Şükürovla ailəvi dost olduğunu bildirib. Şahid yaxın dostu Nadir Sultanlının səfərbərliyə çağırılmaqdan narahat olduğunu, çünki onun ürəyində problemi olduğunu söyləyib. Nadir Sultanlı bu məsələnin həlli üçün ondan adam tapmağı xahiş edib. Ələsgərov bu məqsədlə Ramin Şükürova müraciət edərək dostuna kömək etməsini istəyib. Şükürov bir neçə gün sonra işin həll olunması üçün maliyyə vəsaitinin lazım olduğunu deyib. Abdulla Ələsgərov Nadir Sultanlıdan aldığı pulu sabiq komissara çatdırdığını təsdiqləyir.
Şahid daha sonra Əhməd Əhmədzadə adlı başqa bir dostunun da əsgərlik məsələsi ilə bağlı Şükürova müraciət etdiyini ifadə edib. Əhmədzadə də xaricdə təhsil almışdı, səhhətində problemlər var idi və məsələni pulla həll etmək istəyirdi. Ələsgərov dostuna görə Ramin Şükürova müraciət etdi və o da yenidən pul tələb etdi. Şahid konkret detalları xatırlamasa da, Əhmədzadənin verdiyi məbləği Şükürova çatdırdığını deyib. Sorğu-sual zamanı Abdulla Ələsgərov Nadir Sultanlıdan təxminən 27 min manat alıb Ramin Şükürova verdiyini deyib. Lakin Ramin Şükürovun vəkilləri zərərçəkmiş Nadir Sultanlının Şükürova çatdırılması üçün Ələsgərova 30 min dollar verdiyini iddia ediblər. Şahid vaxt keçməsi səbəbindən dəqiq məbləği xatırlamadığını, lakin pulun çatdırılması faktını təsdiqlədiyini bildirib.
Təqsirləndirilən Ramin Şükürov isə şahidin ifadələrinə etiraz edib, deyilənlərin hamısının yalan olduğunu vurğulayıb. O qeyd edib ki, Abdulla ona hər iki işlə bağlı müraciət etsə də, o sadəcə qaydaları izah edib. Şükürov dostlarına xəstəlikləri ilə əlaqədar komissiyadan keçmələrini məsləhət gördüyünü, aralarında heç bir pul söhbəti olmadığını iddia edib. Məhkəmə prosesində hakimlər heyəti, iş üzrə sonuncu şahid olan Cəlil Bəhramzadənin ifadəsini elan edib. Həmin şahid hazırda işğaldan azad edilmiş ərazilərdə xidmətdə olduğu üçün məhkəməyə gələ bilməyib. Hakimlər heyətinin qərarı ilə onun ifadəsi oxunub. Proses noyabrın 5-də davam edəcək.
İttihama görə, Ramin Şükürov idarə rəisi vəzifəsində işləyərkən Xalid Əzimov və Emil Nəbiyevlə cinayət əlaqəsinə girib. Onlar çağırışçıların dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə qismən yararlı hesab edilməsi barədə hərbi bilet verilməsi və hərbi qeydiyyatın sürətləndirilməsi müqabilində təkrarən külli miqdarda rüşvət alıblar. Ramin Şükürov öz qulluq mövqeyindən istifadə edərək, Natiq Soltanovdan 30 min manat, Anar Rzayevdən 6 min, Əhməd Əhmədovdan 22 min, Orxan Baxşıyevdən 2 min, Fuad Rüstəmovdan isə 4 min manat rüşvət almaqda ittiham olunur. Ona CM-in rüşvət alma və nüfuz alveri maddələri ilə ittiham elan edilib. İstintaq dövründə həbsdə olan Ramin Şükürov sentyabrın 1-də Bakı Hərbi Məhkəməsi tərəfindən ev dustaqlığına buraxılıb.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

İslam Rzayev barəsində qərar verildi
Bugun.az
 
                                                                Yaponiyanın sabiq Baş nazirinin qatili günahını et...
Azəri Xəbər

Toy görüntülərinə görə Ayseli ittiham etdi
Son Xeberler

Balakənin sabiq icra başçısı barəsində həbs qətimk...
Azəri Xəbər

Gürcüstanın sabiq müdafiə naziri həbs edildi
Bugun.az

MN-nin sabiq vəzifəlilərinə hökm oxundu
Bugun.az
 
                                        


