“QHT işi” üzrə ittiham olunan Mehriban Rəhimlinin işi ayrıca icraata verilib

23.10.2025 08:44 10 baxış sayı 3 dəq. oxuma APA
“QHT işi” üzrə ittiham olunan Mehriban Rəhimlinin işi ayrıca icraata verilib

“QHT işi” adlandırılan istintaq çərçivəsində ittiham olunan daha bir qeyri-hökumət təşkilatı (QHT) təmsilçisinin cinayət işi ayrıca icraata verilib. Söhbət ABŞ-ın “German Marşal Fondu”nun Azərbaycan üzrə məsləhətçisi olan Mehriban Rəhimlidən gedir. Onunla bağlı cinayət işi fərdi qaydada araşdırılacaq. Bu məlumat Bakı Ağır Cinayətlər Məhkəməsində “Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə keçirilən prosesdə elan edilib.


İttihama görə, Bəşir Süleymanlı ABŞ-ın “German Marşal Fondu”ndan və digər fondlardan sosial layihələr keçirmək bəhanəsi ilə ayrılan ümumilikdə 148 min manatdan artıq qrantı mənimsəyib. O, bu əməli törədərkən Mehriban Rəhimli və başqaları ilə cinayət əlaqəsinə girib. Süleymanlı vəzifə səlahiyyətlərindən sui-istifadə edib, həmçinin alınmış qrantlar haqqında müvafiq nazirliklərə məlumat verməyib. Mehriban Rəhimlinin cinayət işi üzrə hazırda ibtidai istintaq davam edir. Onun işi ayrıldığı üçün məhkəmə prosesi hələ başlamayıb.


Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində geniş cinayət işi başlanıb. İstintaq Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə aparılır. Cinayət işi çərçivəsində yerli və beynəlxalq QHT-lərin, onların rəhbərlərinin, habelə xarici nümayəndəliklərin fəaliyyətlərində qanun pozuntuları araşdırılır. "İştirak Evi" MMC-nin təsisçisi Məmməd Alpay (Məmmədzadə), Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərini sui-istifadə etmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilirlər. Məmməd Alpay və Bəşir Süleymanlı həbs edilib, Sübhan Həsənli isə istintaqdan yayındığı üçün axtarışa verilib. Bundan başqa, Hafiz Həsənov ("Hüquq və İnkişaf” İctimai Birliyi), Asəf Əhmədov (Gəncə Regional İcma Mərkəzi), Zamin Zəki və Əhməd Abbas oğlu Məmmədzadə də bu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: