Qərbi Azərbaycana dönmək istəyimiz humanizm, insan haqqıdır, Ermənistana ərazi iddiası deyil - RƏY

05.02.2026 13:56 19 baxış sayı 3 dəq. oxuma Report
Qərbi Azərbaycana dönmək istəyimiz humanizm, insan haqqıdır, Ermənistana ərazi iddiası deyil - RƏY

İkinci Qarabağ müharibəsində tarixi zəfər qazanıldıqdan sonra Prezident İlham Əliyev Qərbi Azərbaycan məsələsini dövlət siyasətinin vacib hissəsi kimi gündəmə gətirdi. Milli Məclisin deputatı Musa Quliyev bu mövzu ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bu məsələ artıq Azərbaycanın həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissələrindən biridir.


Deputat bildirir ki, Qərbi Azərbaycandakı tariximizin qorunması, doğma yurdundan qovulmuş soydaşlarımızın öz miraslarına sahib çıxması və geriyə dönməsi ən əsas məsələlərdəndir. Musa Quliyev vurğulayıb ki, Prezident İlham Əliyev və Qərbi Azərbaycan İcması dəfələrlə bəyan ediblər: bu geri dönüş istəyi humanizm və insan haqqı məsələsidir. Quliyev əlavə edib ki, bu istək qarşı tərəfin iddia etdiyi kimi, heç bir halda Ermənistana qarşı ərazi iddiası sayılmamalıdır. Baxmayaraq ki, bizim tarixi və mənəvi haqqımız var. Qərbi Azərbaycanla bağlı məsələ həmişə aktualdır və xüsusilə Ermənistanla sülh danışıqları fonunda bu mövzu daha çox diqqətdə qalmalıdır.


Deputatın sözlərinə görə, sülh müqaviləsi imzalandıqdan sonra Ermənistanla diplomatik əlaqələr qurulacaq, iqtisadi və humanitar münasibətlər bərpa ediləcək. Qərbi Azərbaycan İcmasının öz ata-baba yurdlarına dönməsi bu münasibətlərin bir hissəsi olmalıdır. İlkin mərhələdə turistik səfərlər, ən azı müqəddəs yerləri, qəbiristanlıqları ziyarət etmək və qədim tarixin bərpası imkanı yaradılmalıdır. Bu addımlar atıldıqdan sonra, növbəti dövrlərdə orada məskunlaşma, vətəndaşlıq və iş imkanları kimi məsələlər müzakirə edilə bilər. Musa Quliyev həmçinin Ermənistandakı mədəni irsimizin vəziyyətinə də toxunub. O bildirib ki, Qərbi azərbaycanlıların qəbiristanlıqları, məbədləri, abidələri və müqəddəs yerləri dağıdılıb. Bu dağıdılmış irsin bərpası məsələsi də gündəmə gəlməlidir.


Gələcəkdə Ermənistan hökuməti qarşısında tarixi irsimizin yerində araşdırılması, vəziyyətinin yoxlanılması və yenidən qurulması üçün məsələ qaldırıla bilər. Bu, bizim insani haqqımız və hüququmuzdur, bərpası üçün mübarizəmizi aparırıq. Deputat bir daha təkrar edib ki, bu mübarizə sivil yollarla aparılır. Prezident İlham Əliyevin dediyi kimi, biz Qərbi Azərbaycana gedəcəyik, lakin ora tankla, topla, tüfənglə deyil, mülki minik avtomobillərimizdən getməyi arzu edirik.


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: