Qərbi Azərbaycan Xronikası: Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb

12.11.2025 21:07 6 baxış sayı 4 dəq. oxuma Report
Qərbi Azərbaycan Xronikası: Zəngi mahalı adı saxtalaşdırılaraq Zəngəzur adlandırılıb

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında bir veriliş hazırlandı. Bu verilişdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İlhami Cəfərsoy ən maraqlı tarixi iddiaları açıqlayıb. Professor Urartu dili haqqında danışaraq, onun qədim türklərin izlərini daşıdığını bildirib. O qətiyyətlə deyir ki, Urartu erməni yox, məhz türk dövlətidir. Urartu yazılarında hələ də gizlənən türk sözləri mövcuddur. Tarixdən bəzi həqiqətlər silinib, lakin Urartu mənbələri Kür və Araz çaylarının adlarının əsl mənşəyini göstərir. Professorun sözlərinə görə, Urartu mixi yazılarında rast gəlinən Ulduz, Ay, Günəş kimi elementlər türk semantikasının birbaşa sübutudur.


İlhami Cəfərsoy həmçinin Zəngəzur adının uydurma olduğunu bildirib. O qeyd edir ki, qədim xəritələr bu sirri açır. Əslində, Zəngi mahalı adı saxtalaşdırılaraq sonradan Zəngəzur adlandırılıb. Van, Araz və Kür çaylarının yerləşdiyi ərazilər qədim türk nəsillərinin coğrafiyası hesab olunur. Professorun fikrincə, Qafqaz sadəcə bir dağ adı deyil, həm də qədim türk xalqının adıdır. Bu cür toponimik dəyişikliklər Qərbi Azərbaycan ərazilərinə aid tarixi adların saxtalaşdırılması siyasətini bir daha göstərir.


Professor Cəfərsoy daha geniş coğrafi əlaqələrə də toxunub. O, azərbaycanlıların Troyadan İtaliyaya qədər uzanan qədim köç marşrutu haqqında məlumat verib. Alim İtaliyanın Qafqaz şəhərində kimlərin yaşadığını araşdırıb, Siciliyada Karaman şəhəri və türklərin unudulmuş izlərindən danışıb. Müzakirə edilən mövzular arasında Durna şəhəri, Alban irsi, İtaliyanın türk qatları, İspaniyada Kür nəsli və Azərbaycanla bağlı elmi möcüzə də yer alıb. İ. Cəfərsoy öz çıxışında eyni zamanda Van gölü ətrafındakı sirrə və Urartunun əsl sahiblərinin kimliyinə aydınlıq gətirdi. O, "qədim erməni mənbələrində niyə ermənicə söz yoxdur" və "ermənilər niyə akademik Marın adını lənətləyirdi" kimi tarixi sualları cavablandırıb.


Bütün bu tədqiqatlar Qərbi Azərbaycan Xronikası layihəsinin geniş məqsədlərinə xidmət edir. Layihənin əsas hədəfi tarixi qədim torpaqlarımızın adının yaşadılması və tanıdılmasıdır. Layihənin digər məqsədləri azərbaycanlıların ermənilər tərəfindən deportasiya olunması faktlarını, adları silinən toponimləri üzə çıxarmaqdan ibarətdir. Eyni zamanda, həmin ərazidə mövcud olmuş saysız-hesabsız maddi mədəniyyət nümunələri-qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray qalıqları, karvansaralar, körpülər, sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid və pirlər kimi abidələr aşkara çıxarılır. Ən son hədəf isə həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktları dünya ictimaiyyətinə çatdırmaqdır.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: