Qərbi Azərbaycan Xronikası: İrəvanlı akademikin faciəvi sonu

20.10.2025 19:37 5 baxış sayı 4 dəq. oxuma Report
Qərbi Azərbaycan Xronikası: İrəvanlı akademikin faciəvi sonu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib. "Report" xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva olub. O, ömrünü Azərbaycan xalqının maariflənməsinə və elmin inkişafına həsr etmiş, Qərbi Azərbaycanda yetişən mühüm şəxsiyyətlərdən biri olan akademik Heydər Hüseynovun həyat və fəaliyyətindən danışıb. Akademik 1908-ci il aprelin 3-də İrəvanda, varlı və savadlı tacir ailəsində dünyaya gəlib. Onun valideynləri tacir Hacı Nəcəf Kərbəlayı Hüseyn oğlu və Məşədi Gülsüm idi.


Ailədəki altı uşağın ən kiçiyi olan Heydər dünyaya gəldikdən qısa müddət sonra atası vəfat edir. Ailənin yükü anası ilə yanaşı, böyük qardaşı Yusifin üzərinə düşür. Təəssüf ki, ailə 1918-ci ildə daha bir faciə ilə üzləşir; Yusif erməni dəstələri tərəfindən öldürülür. F. Səfiyeva qeyd edir ki, Heydər Hüseynov bu ağır dövrdə anasının və qardaşının himayəsi altında böyüyüb. O, 1927-1931-ci illərdə Pedaqoji Universitetin həm şərqşünaslıq, həm də pedaqoji fakültələrində təhsil alıb. Heydər Hüseynov ərəb və fars dillərini mükəmməl səviyyədə öyrənib, tələbəlik illərindən təhsil müəssisəsində işləməyə başlayıb. İrəvanda başlayan bu həyat hekayəsi alimin gələcək geniş elmi fəaliyyətinin əsasını qoydu.


H. Hüseynov elmi fəaliyyətlə yanaşı, bədii yaradıcılığa da böyük maraq göstərib. Onun elmi işləri SSRİ miqyasında yüksək qiymətləndirilib. Bu uğurlar iki dəfə ən mühüm dövlət mükafatı olan Stalin mükafatına layiq görülməsi ilə təsdiqlənir. Elm sahəsində böyük nailiyyətlər əldə edən H. Hüseynovun şöhrəti ona düşmənlər də qazandırır. O dövrdə yüksək vəzifələrdə çalışan bəzi şəxslər akademikin uğurlarından həm qıcıqlanır, həm də qorxurdular. Onlar H. Hüseynovu ölkə rəhbərinin gözündən salmaq üçün müxtəlif yollarla ona qara yaxmağa çalışırdılar. Təəssüf ki, bədxahlar nəhayət buna nail oldular. Akademik Stalin mükafatına layiq görüldüyünü sevinclə Mir Cəfər Bağırova çatdırmaq istəyərkən onun çox pis rəftarı ilə qarşılaşdı.


M.C. Bağırovun qəzəbinə tuş gələn akademik H. Hüseynov bütün vəzifələrini itirdi. Rejimin təbliğat maşını ona qarşı tam gücü ilə işə düşdü. Ən yaxın adamları, dostları, hətta sevimli tələbələri də akademik Heydər Hüseynovun əleyhinə fikirlər səsləndirdilər, iclaslarda və yerli mətbuatda onu sərt tənqid atəşinə tutdular. Bu ağır və dözülməz təzyiqlərə tab gətirə bilməyən görkəmli alim nəticədə intihar edərək faciəvi sonluqla üzləşdi.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: