Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

17.10.2025 10:15 8 baxış sayı 5 dəq. oxuma Trend
Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.


Müraciətdə qeyd olunub:


"Hörmətli tədbir iştirakçıları!


Sizi Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Asiya Mədəniyyət Şurasının “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusuna həsr olunmuş 4-cü iclasında ürəkdən salamlayıram.


Asiya qitəsi zəngin mədəni irsi, tarixi müxtəlifliyi və dinamik inkişaf potensialı sayəsində qlobal transformasiya proseslərini irəli aparmaq üçün geniş imkanlara malikdir. Bu coğrafiyanın xalqlarını təmsil edən siyasi partiyalar təkcə milli mədəni dəyərləri qoruyub saxlamır, həm də beynəlxalq əməkdaşlıq, qarşılıqlı hörmət və sivilizasiyalararası anlaşmanın təşviqində fəal iştirak edirlər.


ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialını ortaya çıxaran əhəmiyyətli bir platformadır. Asiya Mədəniyyət Şurasının bu iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşür. Bu mövzu yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına yardım edir.


Azərbaycan tarix boyu müxtəlif sivilizasiyaların qovuşduğu unikal bir məkan olub. Mədəniyyətlər, dinlər və ənənələr burada qarşılıqlı təsir mühitində formalaşıb. Çoxmillətli və çoxkonfessiyalı ölkəmizin ictimai-siyasi inkişafında bütün dinlərin və etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, etimad və sülh şəraitində birgə yaşayırlar. Multikulturalizm və tolerantlıq ənənələrinin qorunması Azərbaycan cəmiyyətinin sosial-mədəni əsaslarının ayrılmaz tərkib hissəsidir. Bu, həm də dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir.


Azərbaycan beynəlxalq müstəvidə fərqli mədəniyyətlər arasında ahəngdar münasibətləri təbliğ edir. Ölkə sivilizasiyalararası dialoq zəminində davamlı olaraq bir sıra təşəbbüslər irəli sürür. Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyət vasitəsilə sülhün təşviqinə yönələn beynəlxalq təşəbbüsləri dəstəkləyən önəmli platformaya çevrilib.


Müasir dövrdə bəşəriyyət dərin bir transformasiya mərhələsi yaşayır. Mövcud qlobal nizam silahlı münaqişələr, ekoloji böhranlar və sosial-iqtisadi bərabərsizliklər kimi bir çox çağırışla sınağa çəkilir. Belə bir şəraitdə mədəniyyət insanları və cəmiyyətləri ali bəşəri dəyərlər ətrafında birləşdirir, sosial inteqrasiyanı irəli aparan əvəzsiz bir amil rolunu oynayır. Milli ənənələri qorumaqla yanaşı, dialoqa və qarşılıqlı anlaşmaya açıq olmaq vacibdir. Bu yanaşma müasir beynəlxalq münasibətlərdə ortaq gələcəyin kollektiv şəkildə formalaşdırılmasını şərtləndirir. Mədəniyyət qlobal sabitliyə yardım edən mühüm bir alətə çevrilir.


Keçən ilin noyabrında Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbiri keçirməsi ölkəmizin qlobal dialoq, əməkdaşlıq və konsensus mərkəzi kimi rolunu bir daha təsdiqlədi. İqlim dəyişikliyi ilə mübarizə bəşəriyyətin ortaq səylərini tələb edir. Eyni şəkildə, beynəlxalq sülhün, mədəni qarşılıqlı anlaşmanın və qlobal həmrəyliyin qorunması da eyni miqyasda kollektiv öhdəlik gətirir. Hər iki çağırış ölkələri qlobal məsuliyyət və kollektiv öhdəlik prinsipləri əsasında tədbirlər görməyə sövq edir.


Əminəm ki, Şuranın ölkəmizdə təşkil edilən 4-cü iclası Asiyada və onun hüdudlarından kənarda xalqlar arasında dialoq ənənələrini daha da möhkəmləndirəcək. O, həmçinin qlobal mədəni inteqrasiyaya yeni təkan verəcəkdir.


İnanıram ki, bu iclasda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qlobal dialoqu zənginləşdirəcək. Onlar beynəlxalq ictimaiyyətə həmrəylik və birlik mesajını çatdıracaq, xalqlarımız və ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.


Sizə ən xoş diləklərimi çatdırır və tədbirin işinə uğurlar arzulayıram".


S
Beynəlxalq münasibətlər analitiki

Xarici siyasət və regional təhlükəsizlik mövzularında yazıram. Dünya siyasətini izləmək və Azərbaycanla əlaqələndirmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: