
Paşinyan iki qüvvəni zəiflədir – II Qareginin yaya çıxması çətinləşir - ŞƏRH

Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətə müxalif olan iki əsas qüvvəni ardıcıl həbslər vasitəsilə zəiflətməyə çalışır. Bu hədəflər ümumerməni katolikosu II Qareginin ətrafı və rusiyayönlü siyasi müxalifətdir. Ötən gün II Qareginin qardaşı Gevork Nersisyan və oğlu Ambartsum Nersisyan həbs olunublar. Onların vəkili Ara Zoqrabyan sosial şəbəkədəki səhifəsində bildirib ki, 68 yaşlı ata Nersisyan və oğlu xuliqanlıq və təşviqat kampaniyasına maneə törətməkdə ittiham edilirlər. Şikayət ərizəsini Qərbə meyilli Respublika Partiyasının üzvü, Eçmiədzin şəhər meri olmağa namizəd Harutyun Mkrtçyan verib. Bu hadisə Paşinyanın II Qareginə qarşı mübarizəsinin genişləndiyini göstərir. Baş nazir bu addımlarla kilsəyə deyil, məhz Katolikos II Qaregin ilə mübarizə apardığını sübut etməyə çalışır, çünki noyabrın 2-də o, Qaregin tərəfindən rütbədən məhrum edilmiş keşiş Stepan Asatryanın keçirdiyi liturgiyada iştirak edib.
Kilsə rəhbərliyinə qarşı repressiyalar son günlər daha da sıxlaşıb. Bir müddət əvvəl II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb, daha sonra o, istintaq şöbəsinə aparılıb. Ümumilikdə, Araqatsotn yeparxiyasının 13 keşişi, o cümlədən Proşyan, yeparxiyanın mühasibi, xəzinədarı və köməkçisi saxlanılıb. Proşyana qarşı mitinqlər keçirmək və səsvermənin nəticələrinə təsir etməyə cəhd etməklə bağlı ittiham irəli sürülüb. Hökumət rəsmiləri də bu prosesi dəstəkləyir. Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib ki, Erməni Apostol Kilsəsinin rəhbərliyinin dəyişdirilməsi 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər baş verməlidir. Simonyan II Qaregini vəzifəsindən getməyə çağırıb və bu prosesin dayanmayacağını vurğulayıb.
Paşinyan eyni zamanda siyasi müxalifətin yerli nümayəndələrini də hədəf alır. Hökumətə müxalif sayılan Massis şəhərinin meri David Ambartsumyan Moskvadan gələn zaman İrəvanda təyyarədən enərkən həbs edilib. Məhkəmə daha əvvəl onun barəsində qiyabi olaraq xuliqanlıq maddəsi ilə altı il üç ay müddətinə həbs cəzası çıxarmışdı. Başqa bir müxalifət təmsilçisi, Gümrü şəhər meri Vardan Qukasyanın da saxlanıldığı bildirilib. Antikorrupsiya Məhkəməsi onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçib. O, merliyin daha yeddi əməkdaşı ilə birlikdə xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilinir. Bu həbslər, rusiyayönlü müxalifətin bu il keçiriləcək yerli bələdiyyə seçkilərində yenidən uğur əldə etməməsi üçün hökumətin tədbirli hərəkət etmək məqsədini göstərir.
Paşinyanın Partiyası ötən yerli seçkilərdə Gümrüdə və Qorusda müxalifətə məğlub olmuşdu. Məsələn, Gümrüdə "Balasanyan Bloku" partiyası Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyasını qabaqlamışdı. Noyabrın 16-na planlaşdırılan yerli özünüidarəetmə orqanlarına seçkilər, Paşinyanın komandasının 2026-cı ilin yayında keçiriləcək parlament seçkilərinə hazırlığını göstərəcək. Katolikos II Qareginin tutduğu vəzifə ömürlük olsa da, bu kilsənin qaydaları dəyişdirilə bilər. Hakimiyyət bu siyasi kampaniyadan əvvəl Katolikosun dəstəsini zərərsizləşdirməyi və ya sakitləşdirməyi düşünür. Ona görə də II Qareginin yaya qədər təcrid edilməsi ehtimalı az deyil. Əvvəlcə ən fəal keşişlər həbs olundu, sonra onun yaxın ətrafındakı kilsə nümayəndələri saxlanıldı, ötən gün isə növbə Qareginin ailəsinə çatdı.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

II Qareginin qardaşı və qardaşı oğlunun həbsi ilə...
Azəri Xəbər

II Qareginin qardaşı və qardaşı oğlu saxlanılıb
Azəri Xəbər

Paşinyan məğlubiyyətini etiraf etdi -
Son Xeberler

Ermənistanda katolikos II Qareginin qardaşı və onu...
Azəri Xəbər

Paşinyan istefasının anonsunu verdi
Son Xeberler

Paşinyan təlaş içində öz xalqına müraciət etdi
Son Xeberler



