Nyu-Yorkun Kolumbiya Universitetində Azərbaycanın Zəfər Günü qeyd olunub

09.11.2025 03:17 5 baxış sayı 4 dəq. oxuma Report
Nyu-Yorkun Kolumbiya Universitetində Azərbaycanın Zəfər Günü qeyd olunub

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən qabaqcıl ali təhsil müəssisələrindən biri olan Kolumbiya Universitetində 8 Noyabr - Azərbaycanın Vətən müharibəsində Zəfərinin 5-ci ildönümü münasibətilə tədbir keçirildi. "Cəsarət, zəfər, ədalət" adlanan bu mərasim Azərbaycan-Amerika Gənclər Federasiyasının (AAYF), Amerika-Azərbaycan Təşkilatları Alyansının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutdu. Tədbirə Azərbaycanın ABŞ-dəki səfirliyinin müşaviri Vüsalə Mehdiyeva, Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev kimi rəsmilər qatıldı. Həmçinin, Azərbaycan-Amerika Əlaqələndirmə Şurasının nümayəndələri, diaspor fəalları və ABŞ-də təhsil alan tələbələr iştirak etdilər.


Gecə Azərbaycan və ABŞ dövlət himnlərinin səsləndirilməsi ilə başladı. Ardınca Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir Azərbaycan-Amerika Gənclər Federasiyasının prezidenti Leyla Aslanovanın moderatorluğu ilə davam etdi. Çıxış edən rəsmilər bu tarixi hadisənin əhəmiyyətindən danışdılar. Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirdi ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığının, birliyinin və ədalətin bərpasının rəmzidir. O vurğuladı ki, beş il əvvəl Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və Azərbaycan Ordusunun igidliyi sayəsində tarixi Qələbə qazanılmışdı.


Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin xalqımızın sarsılmaz iradəsinin, qəhrəmanlığının və birliyinin təntənəsi olduğunu söylədi. O qeyd etdi ki, bu Zəfər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyi və ərazi bütövlüyünün tam bərpasını təmin etdi. Gecədə "Koloradoda Azərbaycan Diasporu" təşkilatının təsisçisi Nigar Şıxsəfiyeva, Azərbaycan-Amerika Gənclər Assosiasiyasının qurucusu Nabat Eminova və amerikalı Con Teylor da çıxışlar etdilər. Rəsmi çıxışlar tamamlandıqdan sonra zəngin musiqi proqramına start verildi.


Mədəni hissədə Milana Nabiyeva Fikrət Əmirovun "Azərbaycan elləri" mahnısını ifa etdi. Dana və Aline Zoabi bacıları skripkada, Emili Məmmədova isə fleytada maraqlı çıxışlar etdilər. "My Way" Uşaq və Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu Azərbaycan milli rəqslərini təqdim etdi. Proqram çərçivəsində "Dəmir Yumruq" adlı sənədli film nümayiş olundu. Film Birinci və İkinci Qarabağ müharibələrində xalqımızın keçdiyi sınaqları, şəhidlərin qəhrəmanlığını və Azərbaycanın tarixi qələbəsini əks etdirirdi. Tədbir zamanı həmçinin "My Way" Mərkəzinin gənc rəssamlarının əsərlərindən ibarət sərgi də nümayiş etdirildi. Sonda qonaqlar üçün şam yeməyi və tanışlıq görüşü təşkil olundu.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: