Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

17.11.2025 08:06 9 baxış sayı 3 dəq. oxuma Trend
Nömrəmizə qısa nömrələrdən edilən zənglər təhlükəlidir? - AÇIQLAMA (FOTO)

Son günlər Azərbaycanda "9990" və "7770" kimi qısa nömrələrdən edilən şübhəli zənglərlə bağlı ciddi iddialar yayılıb. Sosial şəbəkələrdə bu zəngləri cavablandıran şəxslərin məlumatlarının oğurlandığı bildirilir. Bu tipli zənglərin hansı risklər yaratdığını aydınlaşdırmaq üçün İT üzrə mütəxəssis Bəhruz Əliyev məsələyə münasibət bildirib. O qeyd edir ki, bu qısa nömrələrdən gələn zənglər əslində heç bir real operatora və ya banka aid deyil. Dələduzlar zəng edilən nömrələrin saxtalaşdırılması kimi tanınan xüsusi bir texnikadan istifadə edirlər. Bu proses İP və internet üzərindən işləyən saxta telefon sistemləri vasitəsilə həyata keçirilir. Dələduzlar internetdə ucuz qiymətə telefon xidməti alaraq, sizin ekranınızda istədikləri nömrəni göstərmək imkanı qazanırlar. Mütəxəssis əlavə edib ki, bu cür zənglər əksər hallarda xarici ölkələrdən edilir.


Bu zənglərin arxasında dayanan məqsədlər fərqli olur. Əsas hədəflərə bank hesablarını ələ keçirmək, sosial media profillərini oğurlamaq və ya sadəcə şəxsi məlumat toplamaq daxildir. Bəhruz Əliyevin fikrincə, zəngi ilk dəfə cavablandırmaq hələ ki, birbaşa risk yaratmır. Zəng edənlər əvvəlcə nömrənin aktiv olub-olmadığını yoxlayırlar. Nömrə aktiv olduqdan sonra isə, əsas təhlükə mərhələsi başlayır. Bu yoxlamadan sonra nömrələrə "fishing" məqsədli zənglər, mesajlar və ya zərərli linklər gələ bilər. Vətəndaşlar göndərilən sms kodlar vasitəsilə yanlış istiqamətləndirilərək ciddi maddi və mənəvi zərərə uğraya bilərlər.


Mütəxəssis belə qısa nömrələrə cavab verməməyi tövsiyə edir. Əliyev bildirir ki, bu tipli zənglər gəldikdə mobil operatora məlumat verilməlidir ki, müvafiq tədbir görülsün. O, həmçinin telefonlarda əməliyyat sistemlərini daimi olaraq yeniləyib ən son versiyanı aktivləşdirməyin vacibliyini vurğulayıb. Vətəndaşlar unutmamalıdırlar ki, bankların və dövlət qurumlarının hər hansı zənglə bizdən şəxsi məlumat öyrənməyə ehtiyacı yoxdur. Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) hazırda "9990" və "7770" nömrələrindən gələn zənglərlə bağlı iddiaları araşdırır. Qurumdan açıqlanıb ki, ilkin araşdırmalar zamanı bank kartlarına müdaxilə, hesablardan pul oğurlanması və ya şəxsi məlumatların ələ keçirilməsi ilə bağlı hələ ki, hər hansı fakt aşkarlanmayıb.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: