Naxçıvandan Türkiyəyə ixracın həcmi 25%-ə yaxın artıb

04.12.2025 06:26 7 baxış sayı 3 dəq. oxuma Trend
Naxçıvandan Türkiyəyə ixracın həcmi 25%-ə yaxın artıb

Bu ilin ilk on ayı ərzində Türkiyə ilə Naxçıvan Muxtar Respublikası (NMR) arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə güclənib. Ümumi ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz artaraq 47,8 milyon ABŞ dollarına çatıb. İqtisadiyyat Nazirliyindən alınan məlumata görə, xüsusilə ixracatda böyük artım müşahidə olunub.


Muxtar respublikadan Türkiyəyə ixracın həcmi 24,8 faiz artıb. Bu yüksəliş region iqtisadiyyatının xarici bazarlara çıxışını göstərir. Türkiyə NMR-in xarici ticarət dövriyyəsində ilk yeri tutur, ümumi dövriyyənin 46,5 faizi bu ölkənin payına düşür. Naxçıvan Türkiyəyə mineral sular, tütün məmulatları, günəbaxan tumu, meyvə qurusu, plastik məhsullar və travertin daş məhsulları ixrac edir. Türkiyədən Naxçıvana isə əsasən ərzaq və kənd təsərrüfatı məhsulları, məişət elektrik əşyaları, mebel, tekstil məhsulları və müxtəlif texnikalar idxal edilir.


Naxçıvanda fəaliyyət göstərən xarici kapitallı şirkətlərin böyük bir hissəsini Türk şirkətləri təşkil edir. Hazırda iqtisadiyyatın fərqli sahələrində Türk iş adamları ilə birgə yaradılmış sahibkarlıq subyektləri aktiv şəkildə işləyir. Sahibkarlığın İnkişafı Fondu və sahibkarların şəxsi təşəbbüsləri hesabına muxtar respublikanın rayonlarında kiçik, orta və böyük həcmli layihələr işə salınıb. Cari ilin 11 ayı ərzində həm Azərbaycan Biznesinin İnkişafı Fondu, həm də Naxçıvan AR Sahibkarlığın İnkişafı Fondu tərəfindən 138 layihəyə dəstək verilib. Bu məqsədlə 22 milyon manatdan çox güzəştli kredit ayrılıb. Verilən kreditlər yeni iş yerlərinin açılmasına şərait yaradıb, bu da sosial rifahın yüksəlməsinə və iqtisadi fəallığın artmasına təsir edir.


Gələcəkdə sahibkarlar üçün daha yaxşı mühit yaratmaq planlaşdırılır. Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər paketi hazırlanıb. Bu güzəştlərin 2026-cı ilin yanvarından tətbiqinə başlanılması nəzərdə tutulur. Bu paket regionda fəaliyyət göstərən iş adamları üçün əlavə üstünlüklər formalaşdıracaq. Həm istehsal, həm də ixrac imkanlarını genişləndirərək daha rəqabətqabiliyyətli biznes mühiti yaradılması gözlənilir.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: