Müəllimlərin yeni əməkhaqqı sisteminə keçidi təhsil üçün nələr vəd edir? - RƏY

15.11.2025 06:06 10 baxış sayı 4 dəq. oxuma Trend
Müəllimlərin yeni əməkhaqqı sisteminə keçidi təhsil üçün nələr vəd edir? - RƏY

Elm və Təhsil Nazirliyi ölkədə müəllim əməyinin təşkili üçün yeni bir model təklif edir. Nazir Emin Əmrullayev bildirib ki, bu sistem müəllimlər üçün daha rəqabətli, dayanıqlı və ədalətli əmək şəraiti formalaşdıracaq. Yeni model müəllimləri heç nəyə məcbur etməyəcək, tamamilə könüllü və rəqabətə əsaslanacaq. Bu sistemə keçən müəllimlər daimi işlə təmin olunacaq və əməklərinin qarşılığı daha yüksək olacaq. Belə müəllimlərin dərs yükü həftədə 18-24 saat təşkil edəcək. Qalan vaxtı isə onlar metodik hazırlığa, şagirdlərlə fərdi işə, həmçinin layihələrdə iştirak kimi fəaliyyətlərə sərf edəcəklər. Nazirin sözlərinə görə, bu modeldə yalnız yüksək peşə göstəricilərinə malik, sertifikasiyada yüksək bal toplamış müəllimlər iştirak edə biləcəklər.


Təhsil eksperti Kamran Əsədovun fikrincə, bu modelə keçid zəruridir. O qeyd edir ki, illərlə davam edən “dərs saatı mərkəzli” köhnə model nə real təhsil nəticələrini yüksəltməyə, nə də müəllimin peşəkar inkişafını təmin etməyə qadir idi. Son illərin beynəlxalq qiymətləndirmələri ölkədəki təhsilin keyfiyyət böhranını açıq göstərir. Şagirdlərin riyaziyyat, oxu və təbiət elmlərində orta göstəriciləri inkişaf etmiş ölkələrdən xeyli geri qalır. Məsələn, riyaziyyatda orta bal 400-ə yaxındır, lakin OECD ortalaması 470-dən yuxarıdır. Bu rəqəmlər mövcud sistemin şagirdə sistemli və dayanıqlı bilik verə bilmədiyini sübut edir. Ekspert hesab edir ki, hökumət həm təhsilin keyfiyyətinə, həm də müəllimin sosial təminatına cavabdehdir. Elm və Təhsil Nazirliyinin təklif etdiyi yeni model məhz bu iki öhdəliyi bir sistemdə birləşdirir. O, müəllimin iş vaxtını 8 saatlıq iş günü prinsipi ilə tənzimləyir və bunun əsasında daha stabil, yüksək və nəticəyə bağlı əməkhaqqı mexanizmi qurur.


Yeni iş modeli beynəlxalq təcrübəyə uyğun gəlir. Təhsil mütəxəssisi Vaqif Fətullayev bildirib ki, OECD-nin apardığı beynəlxalq sorğunun datalarına görə, müəllimlərin bir çox ölkələrdə həftəlik ümumi iş yükü 45-50 saat aralığındadır. Bunun sadəcə yarısı dərs saatları ilə bağlıdır. Qalan hissəsi dərsə hazırlığa, qiymətləndirməyə, şagirdə fərdi dəstəyə və müasir təlim metodları üzərində işləməyə sərf edilir. Məsələn, ABŞ-da müəllim həftədə orta hesabla 46 saat çalışır. Türkiyə və Qazaxıstan kimi ölkələr də dərsdənkənar fəaliyyətləri rəsmi şəkildə tanıyır və bunun üçün əlavə ödəniş mexanizmləri tətbiq edir. Ekspertlər bildirirlər ki, yeni modelə keçid zamanı infrastruktur, siniflərin say həddi, MiQ yerləşmə sistemi, regionlar üzrə diferensial əməkhaqqı kimi məsələlər paralel həll olunmalıdır. Vaqif Fətullayev vurğulayıb ki, modelin tətbiqi mərhələli şəkildə aparılmalıdır. İlk olaraq pilot formada bir neçə məktəbdə sınaqdan keçirilməsi daha məqsədəuyğundur, çünki regionlarda həm müəllim çatışmazlığı, həm də məktəblərin resurs imkanları bir-birindən çox fərqlənir.


V
Peşə təhsili müxbiri

Peşə təhsili və kadr hazırlığı mövzusunda yazıram. Gənclərin hansı peşələrə yönəldiklərini izləmək maraqlıdır.

Bütün məqalələrə baxın
Paylaş: