Milli Məclisin üzvləri Kolumbiyada parlament rəsmiləri ilə görüşüblər

20.10.2025 22:07 5 baxış sayı 3 dəq. oxuma Report
Milli Məclisin üzvləri Kolumbiyada parlament rəsmiləri ilə görüşüblər

Milli Məclisin Azərbaycan-Kolumbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Müşfiq Cəfərov və qrupun üzvü Müşfiq Məmmədli Kolumbiyaya rəsmi səfər ediblər. Bu səfər Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun dəvəti əsasında həyata keçirilib.


Səfər müddətində Milli Məclisin nümayəndə heyəti Kolumbiya Konqresinin tarixi binasını ziyarət edib, Nümayəndələr Palatası və Senatın plenar iclaslarında iştirak edib. Plenar iclaslar zamanı hər iki Palatanın sədrləri Azərbaycan nümayəndə heyətini rəsmi olaraq salamlayıblar, onları Kolumbiyada görməkdən məmnun olduqlarını bildiriblər. Səfər çərçivəsində Kolumbiya Konqresinin Nümayəndələr Palatasının Kolumbiya-Azərbaycan dostluq qrupunun rəhbəri Pedro Suares və qrupun üzvləri ilə yanaşı, bir sıra ikitərəfli görüşlər baş tutub. Heyət Senatın baş katibi Dieqo Qonsales, Nümayəndələr Palatasının baş katibinin müavini Raul Avila və "Colombia Humana" siyasi hərəkatının sədri Qloria Floreslə də görüşüb.


Keçirilən görüşlərdə parlament diplomatiyasının və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında önəmli yer tutduğuna diqqət çəkilib. Tərəflər ümumi problemlərlə mübarizədə parlamentlərin iştirak səviyyəsinin artırılmasının vacibliyini müzakirə ediblər. Azərbaycan və Kolumbiya arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsi baxımından parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları və yeni birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.


Görüşlər zamanı Azərbaycan tərəfi Kolumbiya Konqresinə ötən müddətdə tutduğu ədalətli mövqeyə görə minnətdarlığını bildirib. Bu minnətdarlıq Konqresin istər keçmiş münaqişəyə, istərsə də Xocalı soyqırımı ilə bağlı Azərbaycanın haqq səsini dəstəkləyən çoxsaylı sənədləri qəbul etməsinə görə ifadə olunub. Nümayəndə heyəti, həmçinin Kolumbiyanın səhiyyə naziri Qiyermo Xaramiyo və bu ölkənin 2019-2022-ci illərdə Azərbaycanda səfiri olmuş, hazırda Kolumbiya Xarici İşlər Nazirliyi Ofisinin rəisi olan Luis Dimate ilə də görüşüb.


Səfər bitdikdən sonra Azərbaycanlı parlamentarilər Kolumbiya Konqresinin rəsmi televiziyası "Canal Congreso" və "El Mismo" yerli televiziya kanallarına müsahibələr verərək təəssüratlarını bölüşüblər. Nümayəndə heyəti dostluq qrupunun rəhbəri Pedro Suaresin dəvəti ilə Boyoka departamentinə səfər edib. Burada qonaqları Boyoka körpüsündə fəxri qaravul və hərbi orkestr qarşılayıb. Azərbaycanlı deputatlar P.Suareslə birlikdə "Müqəddəs Alov" abidəsinin önünə "Kolumbiya-Azərbaycan qardaşlığı" lenti bərkidilmiş əklil qoyublar. Daha sonra onlar departamentin inzibati paytaxtı Tunxa və Paipa şəhərlərini ziyarət ediblər.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: