"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edilib

20.10.2025 07:06 5 baxış sayı 3 dəq. oxuma Report
"Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqə elan edilib

Dövlət Turizm Agentliyinin Bakı-Abşeron Regional Turizm İdarəsi "Küçə sənətçiləri" layihəsində iştirak etmək üçün müsabiqəyə start verib. Bu layihə sənətçilərin öz istedadlarını və sənətlərini sərbəst şəkildə nümayiş etdirmələri üçün dövlət dəstəyi göstərməyi nəzərdə tutur. Bakının mərkəzində 20 qalib iştirakçı üçün xüsusi çıxış yerləri ayrılacaq.


Layihənin əsas məqsədi müasir dünyada geniş yayılmış küçə sənətinin ("Street Performance") biznes aspektlərini və turizm tendensiyalarında formalaşan rolunu Azərbaycan gəncləri arasında düzgün təbliğ etməkdir. Bu fəaliyyət turistlərin marağına səbəb ola biləcək yeni şəhər fəaliyyəti növlərinin yaranmasına kömək edir. Küçə sənəti vasitəsilə ifaçılıq, rəssamlıq, aktyorluq, dulusçuluq və ya toxuculuq sənətinə dair çıxışlar turistlərə fərqli formatlarda nümayiş etdirilir. Bu, həm Azərbaycan xalqının unikal milli-mədəni irsini təbliğ etmək, həm də küçə sənətçilərinin müəyyən iqtisadi gəlir əldə etməsinə dəstək olmaq məqsədini daşıyır, çünki ərsəyə gələn nümunələrin satışı həyata keçirilə bilər.


Müsabiqə mərhələsində qısa zaman çərçivəsində turistlərin diqqətini çəkəcək və onların əylənməsinə şərait yaradacaq sənət növləri seçilir. Mütəxəssis sənətşünaslar akrobatika, şarlardan müxtəlif formalı əşyaların düzəldilməsi, karikaturalar, klounluq, komediya, rəqs, ifaçılıq, sehrbazlıq, mim və pantomim kimi sahələrlə məşğul olan sənətçiləri qiymətləndirəcək. Həmçinin, canlı heykəllər, musiqi performansları, solo ifaçılar, 2 və 3 nəfərlik kiçik qruplar, kuklaçılıq, hekayə, şeir və ya nəsr oxuyanlar da nəzərə alınır. Eskiz və rəssamlıq, fotoqraflıq, xalça toxuma və küçə teatrı kimi fəaliyyətlər də müsabiqəyə daxildir. Seçilən iştirakçılar fəaliyyətlərinə nəzarət edilməklə müvafiq çıxış yerlərində sərbəst şəkildə yerləşdiriləcəklər.


Müsabiqənin seçim turu iki mərhələdə keçiriləcək. Birinci mərhələdə iştirakçılar öz çıxışlarından ibarət 3 dəqiqəlik videoçarxları onlayn təqdim edirlər. Mütəxəssislər bu videoçarxları müsbət və mənfi rəylər verərək dəyərləndirir. Müsbət rəy almış namizədlər növbəti – əyani mərhələdə iştirak edirlər. Müsabiqənin əyani seçim turunda isə qiymətləndirmə 10 ballıq şkala üzrə aparılır. Müvafiq dayanma yerlərinin sayına uyğun olaraq ən yüksək bal toplayan sənətçilər qalib elan olunur. Bu qaliblər növbəti bir il ərzində Küçə Sənətçiləri layihəsində iştirak etmək hüququ qazanırlar.


M
Turizm müxbiri

Turizm və səyahət sənayesi haqqında yazıram. Azərbaycanda və xaricdə marqlı yerləri kəşf etmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: