KİV: İngiltərədə qatarda sərnişinlərə bıçaqla hücum terror aktı ola bilər

02.11.2025 01:17 8 baxış sayı 2 dəq. oxuma Report
KİV: İngiltərədə qatarda sərnişinlərə bıçaqla hücum terror aktı ola bilər

İngiltərədə qatar sərnişinlərinə bıçaqla edilən hücumun terror aktı ola biləcəyi bildirilir. “The Daily Mail” qəzeti insident zamanı təxminən 10 nəfərin yaralandığını yazıb. Ölkənin şimalındakı Donkaster şəhərindən Londona gedən qatarda baş verən bu hadisəyə cavab olaraq hüquq-mühafizə orqanları xüsusi PLATO kodunu aktivləşdirib. Bu kod Böyük Britaniyada polis və fövqəladə hallar xidmətləri tərəfindən məhz aktiv terror hücumunu göstərmək üçün istifadə edilir. Məlumatda deyilir ki, kod sonuncu dəfə oktyabrın 2-də Mançesterdəki sinaqoqda törədilən terror aktı zamanı işə salınmışdı. Ümumilikdə 30 polis əməkdaşı dərhal hadisə yerinə gəlib.


Hadisə qatar Piterboro platformasından çıxdıqdan təxminən 10 dəqiqə sonra baş verib. Təhlükədən qaçmaq istəyən sərnişinlər tualetlərdə gizlənməyə cəhd ediblər. Qeyd olunur ki, qatar Hantinqdon platformasında dayandıqdan sonra polis bıçaqlı kişini zərərsizləşdirib. Rəsmi məlumata görə, hücumla bağlı iki nəfər saxlanılıb. Bir neçə yaralı xəstəxanalara çatdırılsa da, rəsmilər onların dəqiq sayını açıqlamırlar.


Hadisə şahidləri yaralıların sayı ilə bağlı fərqli məlumatlar verirlər. Bəziləri 6-8 nəfərin yaralandığını desə də, digərləri zərərçəkənlərin sayının 12 olduğunu bildirir. Hazırda qatar hələ də Hantinqdonda saxlanılır. Yerli mətbuatın yaydığı görüntülərdən məlum olur ki, polis əməliyyat araşdırması aparır. Fotolarda sərnişinlərin qatarın hər iki tərəfinə səpələnmiş əşyaları görünür; həmin əşyalar məhkəmə-tibb ekspertləri tərəfindən dəlillər toplanması məqsədilə yoxlanılır. Hüquq-mühafizə orqanlarının PLATO kodunu aktivləşdirməsi bu hadisənin ciddiliyini ortaya qoyur.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: