Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür - Vüqar Rəhimzadə

25.11.2025 07:37 10 baxış sayı 7 dəq. oxuma Trend
Kəlbəcər Şəhəri Günü şanlı Zəfərimizin təcəssümüdür - Vüqar Rəhimzadə

Çoxəsrlik tariximizin Zəfər səhifəsinin yazılmasından sonra ölkəmizin həyatında başlayan yeni mərhələnin əsas hədəflərindən biri işğaldan azad edilmiş ərazilərimizin bərpası və Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Azərbaycan şanlı Qələbəmizin ilk günündən təkmil dirçəliş modeli ilə dünyanın diqqətində oldu. Tarixi sahibinə qovuşan torpaqlarımızda aparılan bərpa-quruculuq işlərinin miqyasını təsəvvür etmək üçün son beş ildə altı şəhərin, iki qəsəbənin və iyirmidən artıq kəndin doğma sakinlərinə qovuşduğunu xatırlatmaq kifayətdir. Bu şəhərlərdən biri də Kəlbəcərdir. Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən addımları sırasında işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna uyğun olaraq, 25 noyabr Kəlbəcər Şəhəri Günüdür.


Kəlbəcər Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, bir güllə belə atılmadan Azərbaycana qaytarıldı. Həmin sənəddə bu ərazilərimizin boşaldılması günləri də qeyd edilmişdi. Kəlbəcərin 15 noyabr tarixində boşaldılması nəzərdə tutulsa da, qarşı tərəf əlavə 10 gün vaxt istədi. Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən, Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər simasının və erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcəri boşaldanlar rüsvayçı hərəkətləri ilə yadda qaldılar. Onlar evlərə, bağlara və digər mülki obyektlərə od vuraraq öz vəhşi xislətlərini nümayiş etdirdilər ki, bu yurdun əzəli sakinləri olan azərbaycanlılara heç nə qalmasın. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni barbarlığını dünyaya göstərdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.


Milli Məclisin deputatı qeyd edib ki, Kəlbəcər rayonu 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və ya itkin düşdü. Nəticədə Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. Onlarla tarixi-mədəniyyət abidəsi, məktəb, uşaq bağçası, kitabxana, muzey, xəstəxana və minlərlə mənzil talan edildi, dağıdıldı. Rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşındı. Beynəlxalq hüquqa zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanılmışdı. Bu günlər işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Kəlbəcər də bərpa-quruculuq dövrünü yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə 2021-ci ilin 16 avqust tarixində reallaşdırdıqları ilk səfər Azərbaycan Bayrağının ucaldılması ilə tarixə yazıldı. Ötən beş ildə Prezident İlham Əliyev bu rayona yeddi səfər edib. Hər bir səfər mühüm sosial obyektlərin açılışı, təməlqoyma mərasimlərinin keçirilməsi və görülən işlərlə tanışlıqla yadda qalıb. Prezident Əliyev ilk səfəri zamanı bura heç vaxt erməni torpağı olmadığını və heç vaxt olmayacağını, bura Azərbaycan torpağı olduğunu qeyd etmişdir.


Millət vəkili Kəlbəcərdə həyata keçirilən bərpa işlərindən geniş bəhs edərək Nazirlər Kabinetinin 2024-cü il 1 may tarixli Qərarı ilə “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təsdiq edildiyini bildirib. Şəhərin ərazisi və əhalisinin sayı (əvvəl 7500 nəfər) bu konsepsiyaya uyğun olaraq iki dəfədən çox artacaq. Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan, ətraf isə fərdi yaşayış evlərinin tikintisindən ibarət olacaq. Ümumi yaşayış fondu 488 min kv.m təşkil edəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə təmin olunması nəzərdə tutulub. Plana əsasən, şəhər ərazisinin 22 faizi yaşıllıqlardan ibarət olacaq. Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi tikilir. Artıq dördmərtəbəli altı bina və “townhouse” tipli ikimərtəbəli 39 ev inşa olunub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu ilin 21 avqustunda burada yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Həmin vaxt 20 ailəyə mənzillərin açarları təqdim edildi. Bu günədək Kəlbəcərə 81 ailə, 338 nəfər köçürülüb.


Vüqar Rəhimzadə vurğulayıb ki, görülən işlər Azərbaycan dövlətinin gücünü və qüdrətini nümayiş etdirir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir. Birinci mərhələdə Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Təbii ki, lazım olan bütün digər infrastruktur layihələri də icra edilib: işıq, su, təbii qaz çəkilib, yollar salınıb, minalardan təmizləmə işi aparılıb. Kəlbəcər artıq canlanır, buraya həyat qayıdır. Azad edilmiş bütün ərazilərimizdə, o cümlədən Kəlbəcərdə görülən bərpa-quruculuq işlərinin miqyası böyükdür. Soydaşlarımızın mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdışı hər birimizi sevindirir. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvalarına qayıdışını təmin etməkdir. Azərbaycanın gücü və potensial imkanları bu hədəfə yüksək səviyyədə nail olunmasını təmin edəcək.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: