İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan Zəfər Muzeyindən - REPORTAJ

21.11.2025 11:15 6 baxış sayı 4 dəq. oxuma APA
İzləyicini “44 gün”ə aparan, qələbə dastanından danışan Zəfər Muzeyindən - REPORTAJ

Azərbaycan xalqının illər boyu arzuladığı doğma torpaqlara qayıdışın, birliyin, gücün və səbrin simvolu olan Zəfər Muzeyi şanlı qələbənin hekayəsini nümayiş etdirir. Muzeyə daxil olan ziyarətçi dərhal qələbənin rəmzinə çevrilmiş “Dəmir yumruq” instalyasiyası ilə qarşılaşır. Burada, həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından sitat və 44 günlük Vətən müharibəsində həlak olmuş 2914 şəhidimizin adlarının həkk olunduğu divar yerləşir. İçəri addım atan hər kəs qürur, fəxarət, fərəh, eləcə də kədər dolu hisslərin qarışığını yaşayır, 44 günlük müharibənin hüzn və sevinc dolu anları gözlər önündə canlanır.


İlk zalda ziyarətçilərə müasir texnologiyalarla hazırlanmış monitorlarda Qarabağ mədəniyyətinin gözəllikləri, memarlıq zənginliyi və əsrlərlə formalaşmış ənənələr təqdim edilir. Bu məkanda bölgənin qədim tarixi abidələrini əks etdirən barelyeflər və Qarabağın memarlıq irsindən bəhs edən videomateriallar var. Bələdçi xanım interaktiv kitabları göstərir; bu kitablarda Qarabağın təbiəti, ədəbi irsi, musiqisi və xalq sənətləri nümayiş olunur. İkinci zal, “Ermənistan-Azərbaycan münaqişəsi” adlanır, Qarabağ münaqişəsinin ağrılı səhifələrini əks etdirir. Burada dağıdılmış binaları simvolizə edən kompozisiya, eləcə də Ağdamdan gətirilmiş daşlardan yaradılan “Sənsiz tənha qalmışdım...” əsəri diqqət çəkir. Zalda qaçqın və məcburi köçkünlər, Xocalı soyqırımı, mina qurbanları, həmçinin Heydər Əliyevin və İlham Əliyevin sülh prosesindəki mühüm rolu haqqında tam məlumatlar verilir.


Reportaj zamanı muzeydə İstanbuldan gələn Deniz Didem Tuğba adlı bir ziyarətçi ilə söhbət edildi. O, Azərbaycana tez-tez gəldiyini, Vətən müharibəsi gedişatını izlədiyini söylədi. Xanım, Azərbaycanın bizim qardaş ölkəmiz olduğunu, nələr yaşandığını bildiyini və bu səbəbdən çox kövrəldiyini deyib. O, həmçinin Şuşaya səfər etdiyini qeyd edib. Üçüncü zal “44 Günlük Vətən müharibəsi” adlanır və azadlıq uğrunda aparılan qəhrəmanlıq mübarizəsinə həsr olunub. Mərkəzdəki LED monolitlər və süni intellektlə hazırlanmış videomateriallar ziyarətçi üçün döyüş atmosferi yaradır. İnteraktiv monitorlar vasitəsilə 44 gün ərzində baş vermiş bütün önəmli hadisələri, eləcə də dövlət başçısının xalqa müraciətlərini izləmək mümkündür. Balaca məktəbli Hüseyn Abdullayev, böyüyəndə atası kimi polkovnik-leytenant olmaq istədiyini, ən çox Şuşada olmağı arzuladığını deyib.


“Şanlı Zəfər” adlanan dördüncü zal misilsiz taktiki bacarıqla həyata keçirilmiş Şuşa əməliyyatını göstərir. Zalın mərkəzindəki Şuşa maketi döyüş meydanını əks etdirir; interaktiv monitorlar əməliyyatın gedişatını ardıcıl izləməyə imkan yaradır. Məktəbli Məhəmməd Şuşa maketini çox bəyəndiyini və ən çox yadında qalanın hücum taktikaları olduğunu bildirib. Digər bir şagird, Laçınlı Tuncay Məmmədli isə Laçını və Kəlbəcəri görmək istəyini dilə gətirib. “QARABAĞ AZƏRBAYCANDIR!” adlanan altıncı zal Zəfər Gününü və ümumxalq sevincini əks etdirir. Zalı bəzəyən Murano şüşəsindən hazırlanmış Xarıbülbül çiçəyi instalyasiyası Qarabağın dirçəlişinin simvoludur. Səkkizinci zal Qarabağın bərpasına və gələcək inkişafına həsr olunub, şəhid övladlarının səsi ilə ümid dolu mesajlar verir. Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən yaradılan muzey, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi daşıyır. Muzey həftənin beş günü saat 11:00-dan 18:00-a dək açıqdır, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və əlilliyi olan vətəndaşlar üçün giriş ödənişsizdir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: