
İflas prosesinə hüquqi baxış
Hər bir sahibkar işini qurarkən uğur qazanacağına inanır. Lakin bazardakı sərt rəqabət və maliyyə çətinlikləri bəzən ən sabit şirkətləri belə çətin vəziyyətə sala bilir. Maliyyə öhdəliklərini yerinə yetirə bilməyən, kreditorların təzyiqi ilə üzləşən müəssisələr üçün iflas qaçılmaz sonluğa çevrilir. Qanunvericilik şəxsin müflisləşməsini borclunun öhdəliklərini ödəmə qabiliyyətinin olmaması kimi izah edir. Bu halda borclu iflas prosesinə məruz qalır. Mövcud qanunvericiliyə əsasən, iflas prosesinə iki əsas hüquqi yolla başlamaq mümkündür: məhkəmə vasitəsilə və ya borclu müəssisənin öz təşəbbüsü ilə.
Məhkəmə vasitəsilə iflas prosesinə başlamaq üçün kreditorlar və ya borclu Kommersiya Məhkəməsinə ərizə təqdim etməlidir. Ərizənin məhkəməyə təqdim edildiyi tarix prosesin hüquqi başlanğıc məqamı sayılır. Məhkəmə işi daxil olduğu gündən etibarən bir ay müddətində araşdırır və müvafiq qətnamə qəbul edir. Əgər qətnamədən maraqlı şəxslər şikayət edərsə, apellyasiya və kassasiya instansiya məhkəmələri də işi bir ay müddətində nəzərdən keçirir. Məhkəmə iclası nəticəsində borclunun müflis elan olunması və əmlak inzibatçısının təyin edilməsi, müvəqqəti əmlak inzibatçısının təyinatının uzadılması və ya borclunun müflis elan edilməsindən imtina edilməsi kimi qərarlar qəbul edilir. Müflis elan olunma barədə qətnamə qüvvəyə mindikdən sonra təyin olunan əmlak inzibatçısı kreditorların ilkin yığıncağını ən geci 15 gün ərzində çağırmalıdır.
İflas prosesinə məhkəmənin iştirakı olmadan da başlanıla bilər. Bu halda təşəbbüs yalnız borclu müəssisənin qərarı əsasında həyata keçirilir. Əgər müəssisə dövlət müəssisəsidirsə, bu proses İqtisadiyyat Nazirliyinin qərarı ilə başlanır. Qərarın qəbul olunduğu tarix məhkəməsiz iflas prosesinə başlanmasının hüquqi məqamı hesab edilir və həmin qərarla eyni zamanda əmlak inzibatçısı da təyin edilir. Bu halda, kreditorların yığıncağı iflas prosesinə başlamaq barədə qərarın qəbul olunduğu gündən ən geci 21 gün ərzində keçirilməlidir. İflas prosesinə başlanılması hüquqi baxımdan mühüm nəticələr doğurur və borclunun sərbəst fəaliyyətinə birbaşa təsir göstərir. İflas prosesinə başlanması məqamından etibarən borclunun mülki hüquq münasibətlərində sərbəst fəaliyyəti məhdudlaşdırılır. Borclu artıq öz təsərrüfat fəaliyyətini əvvəlki qaydada davam etdirə bilmir, öhdəliklərini sərbəst şəkildə icra edə və ya əmlakının hər hansı hissəsi üzərində sərəncam verə bilməz. Borclunun bu cür əməliyyatları yalnız məhkəmənin, əmlak inzibatçısının və ya müvəqqəti əmlak inzibatçısının yazılı icazəsi ilə həyata keçirilə bilər. Bu mexanizm kreditorların maraqlarının qorunması məqsədi daşıyır.
Borclunun müflis elan olunması anından etibarən bir sıra əhəmiyyətli hüquqi nəticələr yaranır. Borcluya qarşı aparılan bütün məhkəmə araşdırmaları, eləcə də borcdan alınmalı məbləğlərin tutulmasına dair digər hüquqi hərəkətlər dayandırılır. Borcluya qarşı irəli sürülən tələblər yalnız qanunda nəzərdə tutulan iflas prosesi çərçivəsində həyata keçirilə bilər. Əmlak inzibatçısına verilən səlahiyyətlər istisna olmaqla, borclu müəssisənin müdiri bütün digər səlahiyyətlərini itirir. İflas prosesinin gedişində əmlak inzibatçısı əsas fiqurdur. O, borclunun əmlakını idarə edir, kreditorlarla hesablaşma mexanizmini təmin edir və məhkəməyə hesabat verir. Əmlak inzibatçısı fiziki və ya hüquqi şəxs ola bilər. Əgər borclu dövlət müəssisəsidirsə, məhkəmə inzibatçını təyin edərkən İqtisadiyyat Nazirliyinin rəyini nəzərə almalıdır. İnzibatçı təyin olunmaq üçün ali təhsilə və ya əməli təcrübəyə malik olmalı, cinayət nəticəsində fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməməli və barəsində iflas prosesi başlanmamış olmalıdır. İflas prosesi həm iqtisadi uğursuzluğun göstəricisi, həm də hüquqi baxımdan ədalətli yenidən bölüşdürmə mexanizmidir.
Bu cür halların yaranmasının qarşısını almaq üçün mübahisələrin erkən mərhələdə həlli xüsusilə vacibdir. Bu baxımdan, mediasiya institutu mühüm rol oynayır. Tərəflər arasında yaranan borc və öhdəliklərlə bağlı fikir ayrılıqları vaxtında mediasiya yolu ilə həll olunduqda, uzunmüddətli məhkəmə çəkişmələri, maliyyə itkiləri və müflisləşmə kimi risklər əhəmiyyətli dərəcədə azalır. Eyni zamanda, məhkəmə sistemində kommersiya mübahisələrinin səmərəli həlli mexanizmlərinin inkişaf etdirilməsi də iflas hallarının sayının azalmasına və biznes mühitində etimadın artmasına xidmət edir. Mediasiya və məhkəmə mexanizmləri bir-birini tamamlayaraq hüquqi sabitliyin və ədalətli iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır.
Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

"Sheffield Wednesday" İflas Proseduruna Başlayır:...
Futbol Neticeleri

Böyük futbol klublarının sahibi olan şirkət iflas...
Son Xeberler

Ekspert: “Sağlamlaşdırma və müflisləşmə haqqında”...
Azəri Xəbər
Türkiyənin "Onur Air" Aviaşirkəti Niyə İflas Etdi?...
Son Xeberler

Bank borcunu ödəyə bilməyənlərin nəzərinə
Bugun.az

"Bild": Almaniyanın demək olar ki, hər bir şəhəri...
Azəri Xəbər



