ICGB investisiya qərarının qəbulunun sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyinə ümid edir

24.11.2025 13:57 8 baxış sayı 3 dəq. oxuma Report
ICGB investisiya qərarının qəbulunun sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyinə ümid edir

Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti, qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yekun investisiya qərarının qəbulunu sürətləndirmək üçün ABŞ fondlarının dəstəyinə ümid edir. Şirkətin icraçı direktoru Teodora Georgiyeva bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.


O bildirib ki, şirkət kəmərin ötürücülük qabiliyyətini hazırkı 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırmağı strateji hədəf seçib. Bu böyük addım onları 2027-2028-ci illərdə Rusiya qazından mərhələli şəkildə imtina etməyə hazırlayacaq. T.Georgiyeva qeyd edib ki, bütün zəruri prosedurlar yerinə yetirilib və şirkət irəliləmək niyyətindədir. Məhz bu səbəbdən onlar yekun investisiya qərarının qəbul edilməsinin sürətləndirilməsi üçün ABŞ fondlarının dəstəyini görməyə ümid edirlər. Enerji bağlantısı regionun təhlükəsizliyi və dayanıqlığının əsas amili olaraq qalır.


İcraçı direktor əlavə edib ki, ICGB Şaquli Qaz Dəhlizinin Route 2 və Route 3 marşrutlarının inkişafında maraqlıdır. Bu marşrutlar Aleksandrupolis LNG terminalından və Trans-Adriatik Qaz Boru Kəmərindən (TAP) gələn təbii qazın IGB vasitəsilə nəqlini, daha sonra isə Trans-Balkan qaz kəməri ilə Rumıniya, Moldova və Ukraynaya çatdırılmasını nəzərdə tutur. T.Georgiyeva vurğulayıb ki, bu istiqamətlər təkcə bazarların inteqrasiyası üçün deyil, eyni zamanda şaxələndirilmiş təchizata çıxışın genişləndirilməsi hesabına Ukraynanın dəstəklənməsi üçün də mühüm əhəmiyyət daşıyır. O, həmçinin ABŞ Prezidenti Donald Trampdan təşəkkür məktubu aldığını bildirib və bunu ICGB komandasının Şərqi Avropaya LNG tədarükü üçün IGB-ni strateji marşruta çevirmək səylərinin tanınması adlandırıb.


İcraçı direktorun sözlərinə görə, Bolqarıstan üçün etibarlı, rəqabətli və sabit qaz təchizatının təmin edilməsi daim şirkət fəaliyyətinin mərkəzində olub. IGB qaz kəməri Yunanıstanın qaz nəqli sistemini (DESFA) və Komotini bölgəsindəki TAP-ı Stara Zaqora bölgəsində Bolqarıstan qaz nəqli sistemi ("Bulgartransgaz") ilə birləşdirir. Kəmərin uzunluğu 182 km, borunun diametri isə 813 mm-dir. IGB-nin layihə gücü ildə 3 milyard kubmetr qaz təşkil edir. Bazar marağı və texniki şərtlərdən asılı olaraq, bu həcmin illik 5 milyard kubmetrə qədər artırılması mümkündür.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: