
Hesablama Palatası: Büdcə layihəsində Naxçıvana dair dövlət proqramının maliyyə təminatı açıqlanmayıb

Növbəti ilin büdcə layihəsi üzrə hazırlanmış sənədlərdə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın maliyyə təminatı haqqında məlumat yer almır. Bu, əvvəlki illərin təcrübəsindən fərqli haldır. Hesablama Palatası (HP) bu faktı "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi Rəydə açıqlayıb.
HP-nin rəyinə görə, 2025-ci ilin investisiya xərclərində həmin Dövlət Proqramının icrasına ilkin olaraq 150 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu. Lakin bu məbləğ sonradan azaldılaraq 70 milyon manat səviyyəsində təsdiqlənib. Bu vəsait müxtəlif qurumlar arasında bölüşdürülmüşdü: 27,5 milyon manat Naxçıvanın Nazirlər Kabinetinə, 10 milyon manat Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, 8,2 milyon manat Elm və Təhsil Nazirliyinə, 24,2 milyon manat isə Dövlət Su Ehtiyatları Agentliyinə ayrılmışdı.
Qeyd edilir ki, proqramın icrası zamanı ciddi problemlər yaşanır və bu vəsaitin tam istifadə edilməməsinə səbəb olur. Cari ilin ilk səkkiz ayı ərzində Elm və Təhsil Nazirliyinə ayrılan vəsaitdən ümumiyyətlə heç bir maliyyələşmə aparılmayıb. Digər qurumlar üzrə icra göstəriciləri də aşağıdır: Naxçıvanın Nazirlər Kabineti üzrə 28,2 %, Dövlət Su Ehtiyatları Agentliyi üzrə isə 47,3 %. Hesablama Palatası bu vəziyyətin keçid layihələrinin artmasına və ilin sonunda qalıq vəsaitin yaranmasına zəmin hazırlayacağını düşünür. Bu vəziyyət əvvəlki illərdə də müşahidə edilmişdi. Məsələn, 2023-cü ildə 31 layihə üzrə maliyyələşmiş 39,8 milyon manatın 35,4 milyon manatı 28 layihə üzrə istifadə edilməyərək qalıqda qalmışdı. Bu vəsaitlər Naxçıvan Muxtar Respublikasında infrastruktur və sosial layihələr üçün nəzərdə tutulmuşdu.
2024-cü ilin icra göstəricilərinə baxsaq, vəziyyət daha kəskin görsənir. 52 layihənin maliyyələşməsi üçün ayrılan 249,1 milyon manat vəsait 83,3 % azaldılaraq cəmi 41,7 milyon manat təşkil edib. Ümumilikdə, 21 layihə üzrə sadəcə 13,6 milyon manat vəsait ödənilib. Bu, xərclərin 32,6 %-i deməkdir. Hesablama Palatası qeyd edir ki, 2026-cı il dövlət büdcəsi layihəsi ilə bağlı verilən İzahatda və ya Dövlət İnvestisiya Proqramının bölgüsündə bu Proqramın maliyyə təminatı haqqında ayrıca məlumat verilməsə də, proqram xərclərinin dövlət əsaslı vəsait qoyuluşunun müvafiq istiqamətləri üzrə nəzərdə tutulacağı düşünülür.
Vergi siyasəti və dövlət büdcəsi haqqında yazıram. Rəqəmlərlə işləməyi xoşlayıram və bunu oxuculara anlaşıqlı şəkildə çatdırmağa çalışıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər
                                                                Hesablama Palatası: Dövlət borcu və büdcə gəlirlər...
Azəri Xəbər
                                                                Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy...
Azəri Xəbər

Hesablama Palatasının sədri: "Büdcə sənədləşməsini...
Azəri Xəbər

Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları...
Azəri Xəbər
                                                                Hesablama Palatası: İcmal büdcə ilə bağlı qanunver...
Azəri Xəbər

2026-ci ilin büdcəsi ilə bağlı rəy Milli Məclisə g...
Bugun.az
                                        


