"Herend" Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib

29.10.2025 07:38 9 baxış sayı 3 dəq. oxuma Report
"Herend" Azərbaycan üçün Zəfər Günü münasibətilə xüsusi kolleksiya ərsəyə gətirib

Əl işi, lüks sinfə məxsus çininin dünya üzrə aparıcı istehsalçısı "Herend", Azərbaycan üçün xüsusi kolleksiya təqdim etdi. Bu kolleksiya Qarabağ torpaqlarının işğaldan azad olunması uğrunda aparılan müharibədə qazanılmış Zəfərin beşilliyi münasibətilə "Italdizain" şirkəti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Qeyd edək ki, Zəfər Günü hər il 8 noyabrda qeyd olunur.


Servizin bütün hissələrini Xarıbülbül çiçəyinin (Ophrys caucasica) təsviri bəzəyir. Xarıbülbül – Şuşa və ətraf ərazilərdə geniş yayılmış, gözəl, bənövşəyi-qızılı rəngli bir çiçəkdir. Bu simvol 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin rəsmi rəmzinə çevrildi. O, həmçinin Qarabağa aid olmuş torpaqların qaytarılması uğrunda şəhid olan Azərbaycan döyüşçülərinin xatirəsinə ehtiram əlaməti sayılır. Kolleksiyaya çay dəsti, tort üçün qab və güldan daxildir. Bütün bu məmulatlar vahid bədii ideya və incə işlənmiş təsvirlə bir-birinə bağlanır. Yeni kolleksiya üçün eksklüziv şəkildə hazırlanmış eskizlər əsasında çəkilən bu yüksək bədii və realistik rəsmlər "Herend" manufakturasının peşəkar rəssamlarının virtuoz əl işinin nəticəsidir.


Macarıstan manufakturası olan "Herend" 1826-cı ildə təsis edilib və 2026-cı ildə öz 200 illiyini qeyd etməyə hazırlaşır. Bu aparıcı istehsalçı "kralların çinisi" fəxri adını çoxdan qazanıb. Onun müştəriləri arasında Böyük Britaniya, Belçika, Yaponiya və Tailandın hakim sülalələri, həmçinin fərqli dövlətlərin tanınmış aristokratik ailələrinin nümayəndələri var. Brendin əsərləri Ağ Evin, Avropa parlamentinin və Macarıstan prezidentinin malikanəsinin interyerlərini bəzəyir. Çinin yüksək keyfiyyətinin sirri ənənələrə sadiq qalmaqla yanaşı, qabaqcıl texnologiyaları mənimsəməsidir. Brendin fəlsəfəsi dörd ünsürün - torpağın, alovun, suyun və havanın birləşməsində Kainatın ahəngini ifadə edir.


"Herend" öz kolleksiyalarını məhdud seriyalarla istehsal edir və ya şəxsi sifarişlər əsasında xüsusi xətlər yaradır. Hər bir əşya relyef bəzək elementlərinin əl ilə tökülməsi və qəliblənməsindən tutmuş, bişirilməyə, əl ilə rəsm çəkilməsinə və zərvurmaya qədər yirmidəyək fərqli mərhələdən keçir. Çini ilə işin sirləri manufakturanın iki yüz illik mövcudluğu boyunca ustadan birbaşa şagirdə ötürülür. Müştərilərə olan hörmət əlaməti olaraq, manufaktura servizin yenilənməsinə, yəni zədələnmiş və ya sınmış predmetin əvəzlənməsinə ömürlük zəmanət təqdim edir. Bu təklif sayəsində "Herend" pərəstişkarları ailə servizini nəsildən-nəslə ailə yadigarı kimi ötürə bilirlər.


K
Bank sektoru müxbiri

Bank sektoru və maliyyə xidmətləri haqqında yazıram. Əvvəllər bankda işləmişəm, indi isə bu təcrübəmi jurnalistikada istifadə edirəm.

Bütün məqalələrə baxın
Paylaş: