Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir - AQTA

03.12.2025 13:55 11 baxış sayı 2 dəq. oxuma Trend
Elektron siqaret düşündüyümüzdən daha təhlükəlidir - AQTA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə olaraq elektron siqaret istifadəsi ilə bağlı qlobal hesabat yayıb. Bu hesabat “veyp” adlandırılan elektron siqaretlərin yayılması barədə narahatedici rəqəmləri ortaya qoyur. Hazırda dünyada 100 milyondan çox insan veypdən istifadə edir. Ən azı 15 milyonu 13–15 yaşlı yeniyetmələrdir. Mövcud məlumatlar təsdiqləyir ki, yeniyetmələr arasında veyp istifadəsi yetkinlərə nisbətən təxminən doqquz dəfə yüksəkdir.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, elektron siqaretlər ənənəvi siqaretlərə alternativ kimi təqdim edilsə də, xüsusilə gənclər və qadınlar arasında geniş yayılıb. Bazar bu məhsulları gənclər üçün daha cəlbedici edən üsullardan istifadə edir. Buna rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadları, habelə marketinq strategiyaları və sosial mediada geniş reklam daxildir. Əsas hədəf auditoriyası siqareti tərgitmək istəyən şəxslər olsa da, son illərin statistikaları fərqli mənzərə yaradır. Veyp istifadəsi əvvəllər siqaret çəkməyən yeniyetmələr və gənclər arasında sürətlə yayılır.


Bundan başqa, elektron siqaretlərin tüstüsünün olmaması və xoş qoxulu aerozolları onların qapalı məkanlarda istifadəsini asanlaşdırır. Bu xüsusiyyətlər veyplərin nəqliyyat vasitələrində, restoranlarda və digər ictimai yerlərdə rahat işlədilməsinə səbəb olur. Nəticədə, zərərlərə passiv şəkildə təsirə məruz qalma ehtimalı artır. ÜST hesabatında ölkələrə çağırış edərək bildirilir ki, yeniyetmələr arasında elektron siqaret və digər nikotin məhsullarının istifadəsini yaxından izləsinlər. Təşkilatın tələbi odur ki, ölkələr bu yeni məhsulların yayılmasına qarşı təsirli tənzimləyici və maarifləndirici tədbirlər həyata keçirsinlər.


E
Elm müxbiri

Elm və tədqiqat mövzularında yazıram. Fizika üzrə təhsil almışam, elmi kəşfləri sadə dillə izah etməyə çalışıram.

Bütün məqalələrə baxın
Paylaş: