DYP: Sükan arxasında telefonla danışmaq, video çəkilişi ciddi risk yaradır

17.11.2025 07:43 9 baxış sayı 2 dəq. oxuma APA
DYP: Sükan arxasında telefonla danışmaq, video çəkilişi ciddi risk yaradır

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) şöbə rəisi Rövşən Tağıyev sükan arxasında telefon istifadəsinin ciddi təhlükə yaratdığını bildirib. O qeyd edib ki, sükan arxasında hər saniyə önəmlidir. Telefonun istənilən formada istifadə edilməsi, istər danışmaq, istər yazışmaq, istərsə də video çəkilişi aparmaq, həm sürücünün öz həyatını, həm də yolda olan digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyur.


Bu açıqlama idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət olaraq verilib. Rövşən Tağıyevin sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, ciddi fəsadlar yaradır. Bu qısa diqqət yayınması nəticəsində sürücü yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməyə bilər. Sürücünün gözünü yoldan ayırdığı 2-3 saniyə ərzində avtomobil onlarla metr nəzarətsiz irəliləyir. Məhz avtomobilin bu şəkildə nəzarətsiz irəliləməsi qəzaların başlıca səbəblərindən biridir.


Şöbə rəisi xüsusilə qeyd edib ki, sükanı tək əllə saxlamaq və digər əllə telefonla video çəkmək yol hərəkəti təhlükəsizliyinə birbaşa təhdid yaradır. O bildirib ki, bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir. Sükan arxasında diqqətin yayınmasına səbəb olan hərəkətlərdən qaçmaq vacibdir.


A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: