Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib

12.11.2025 18:06 5 baxış sayı 3 dəq. oxuma Trend
Dövlət Statistika Komitəsində Konstitusiyanın qəbul olunmasının 30 illiyinə həsr edilən tədbir keçirilib

Dövlət Statistika Komitəsində (DSK) Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyi münasibətilə təntənəli tədbir təşkil edilib. Tədbirin başlanğıcından əvvəl Ümummilli Lider Heydər Əliyevin komitənin foyesində yerləşən büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.


Açılış mərasimində müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların, həmçinin bir gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin qəzası nəticəsində həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Konstitusiyasının 30 illiyinə aid sənədli film nümayiş olunub.


Çıxış edən iştirakçılar Konstitusiyanın əhəmiyyətini qeyd ediblər. Onlar vurğulayıblar ki, müstəqil Azərbaycanın Əsas Qanunu ölkədə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesi üçün hüquqi zəmin yaradıb, onun inkişafına güclü təkan verib. Dövlətçilik ənənələrinin bərpası və möhkəmləndirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarıb. Bu islahatlar qanunun aliliyini təmin edən, hüquqi və dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və 1995-ci ildə qəbul edilməsinə şərait yaradıb. Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi əsaslarını təşkil edən, ölkənin müstəqilliyini hüquqi cəhətdən təsdiqləyən fundamental sənəddir. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan bu sənədin hər maddəsi onun Azərbaycanın gələcəyi ilə bağlı strateji baxışlarının təcəssümüdür.


Qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində Konstitusiyada təsbit edilən bütün müddəalar təmin olunur. 2003-cü ildə ali vəzifəyə seçildiyi vaxtdan bəri dövlət başçısının strateji hədəfi Ali Qanunun müddəalarının ölkənin bütün ərazisində təmin edilməsinə yönəlib. Vətən müharibəsi və sonrakı antiterror əməliyyatları ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa edib. Tədbirin sonunda Prezident İlham Əliyevin Sərəncamı ilə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş DSK əməkdaşlarına orden və medallar təqdim edilib. Təltif olunan əməkdaşlar dövlət başçısına minnətdarlıqlarını çatdırıblar.


F
Parlament müxbiri

Parlament xəbərləri və qanunvericilik prosesi üzrə ixtisaslaşmışam. Hüquqşünas kimi təhsil almışam, bu da mənə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: