
DİN: Ötən illərdən bağlı qalmış 284 cinayət açılıb

Daxili İşlər Nazirliyində (DİN) oktyabrın 17-də Kollegiya iclası keçirilib. İclasda cari ilin 9 ayının yekunları, qarşıda duran vəzifələr, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və itkin düşmüş şəxslərin axtarışı sahəsində görülən işlər müzakirə edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iclası açarkən müzakirə olunan məsələlərin xidməti fəaliyyətin mühüm sahələrini əhatə etdiyini vurğulayıb. Bu fəaliyyət insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin və hüquqlarının etibarlı qorunması üçün xüsusi əhəmiyyət daşıyır. Cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin təmin edilməsində həyata keçirilən tədbirlər bütövlükdə qənaətbəxş hesab olunub. DİN və prokurorluq üzrə qeydə alınmış cinayətlərin 92,4 faizi açılıb.
Hesabat dövründə cinayətlərin ümumi sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,9 faiz azalıb. Bu azalma qəsdən adam öldürmə, sağlamlığa ağır zərər vurma, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq və informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətləri əhatə edir. Qeyri-aşkar şəraitdə baş verən ağır və xüsusilə ağır cinayətlərin açılması yaxşılaşdırılıb. Ən əsası, keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib. Axtarışa verilmiş şəxslərin 85,1 faizi, itkin düşmüş şəxslərin isə 90%-i tapılıb. Həmçinin, mülki-hüquqi öhdəliklərdən yayındığı üçün axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb. Cinayətkarlıqla mübarizə çərçivəsində ağır və xüsusilə ağır cinayətlər törətmiş 152 cinayətkar qrup (408 nəfər) zərərsizləşdirilib.
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də ciddi nailiyyətlər əldə edilib. Qanunsuz dövriyyədən ümumilikdə 4 ton 663 kiloqram narkotik vasitə çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çoxdur. Digər tərəfdən, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük işlər görülüb. Respublikanın 55 şəhər və rayonundan 6.279 vətəndaş qəbul edilib və əksəriyyətinin müraciəti yerindəcə həll olunub. Ümumilikdə 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib. Həmçinin, yol-nəqliyyat hadisələrinin sayı 126 fakt, qəzalarda ölənlərin sayı 13 nəfər, xəsarət alanların sayı isə 157 nəfər azalıb. “Formula-1 Azərbaycan Qran Prisi” və III MDB Oyunları kimi beynəlxalq əhəmiyyətli kütləvi tədbirlərdə asayiş və təhlükəsizlik yüksək peşəkarlıqla qorunub.
Kollegiya iclasına yekun vuran nazir V.Eyvazov xidməti vəzifələrin bütövlükdə layiqincə yerinə yetirildiyini qeyd edib. O, fəaliyyətin effektivliyini artırmaq üçün qarşıda duran vəzifələri müəyyən edib. Əsas vəzifələrdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir. Nazir ərazi orqanlarının rəislərindən vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını, bütün araşdırmaların keyfiyyətlə aparılmasını və qaldırılan məsələlərin qanuni həlli üçün səylərin gücləndirilməsini tələb edib. O, həmçinin, narkotiklərin internet üzərindən satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə fəaliyyətin səmərəsini yüksəltməyi, antinarkotik təbliğatın gənclər arasında gücləndirilməsini tələb edib. Vilayət Eyvazov informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərə qarşı mübarizənin gücləndirilməsi, maarifləndirmə materiallarının hazırlanması və ictimaiyyətə çatdırılmasının zəruriliyini vurğulayıb. Nazir əldə edilmiş müsbət nəticələrin davam etdirilməsini, arxayınçılığa yol verilməməsini və yeni informasiya texnologiyalarının geniş tətbiqi üçün bütün imkanların səfərbər olunmasını tələb edib.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Əmisinin cinayətini 2 il gizlətdi, həbs edildi
Bugun.az

Ağadadaş Ağayev azadlıqdan məhrum edildi
Bugun.az

74 yaşlı qadına qarşı zorakılıq və quldurluq edən...
Bugun.az

Şahnaz Bəylərqızı saxlanıldı
Bugun.az

Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər
Bugun.az

Bu azərbaycanlı Türkiyədən qovuldu - Digərinə cina...
Bugun.az