Çində yeni müqavilə imzalandı: Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır (FOTO)

14.11.2025 10:56 3 baxış sayı 3 dəq. oxuma Trend
Çində yeni müqavilə imzalandı: Ölkəmizdə dəmir zavodunun tikintisi və istismarı üzrə əsas mərhələ başlayır (FOTO)

Azərbaycanda illik 2 milyon ton istehsal gücünə malik isti briketlənmiş dəmir (İBD) zavodunun tikintisi üçün vacib addım atılıb. 2025-ci il noyabrın 13-də Çinin paytaxtı Pekində “Daşkəsən Dəmir Filiz” MMC-nin törəməsi olan “Azerbaijan Metal Company” MMC (AzMC) ilə Çin dövlətinə məxsus “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti arasında müqavilə imzalanıb. Bu müqavilə zavodun inşası üçün bank təyinatlı texniki-iqtisadi əsaslandırma sənədinin (TİƏ) hazırlanmasını əhatə edir. Sazişin ümumi dəyəri 1 milyon 510 min ABŞ dolları təşkil edir. Sənədi AzMC-nin baş direktoru Ceyhun Əliyev və “Sinosteel” şirkətinin baş direktoru Hua Guanglin imzaladılar. TİƏ sənədinin hazırlanması Azərbaycandakı Şəmkir rayonunda planlaşdırılan zavodun tikintisi və istismarı üçün əsas mərhələ hesab edilir.


Dörd ay müddətində tamamlanması gözlənilən TİƏ sənədi, layihənin maliyyələşdirilməsi prosesində beynəlxalq institutlar və banklar üçün əsas istinad sənədi rolunu oynayacaq. Bu sənəd zavodun inşası üçün ən uyğun texnoloji həlləri müəyyən edir, tikinti və mühəndislik işlərinin planlaşdırılmasına kömək edir, habelə tammiqyaslı işlənmə üzrə növbəti mərhələlərin həyata keçirilməsini təmin edir. Tərəfdaş “Sinosteel Equipment & Engineering Co., Ltd” şirkəti metallurji xammalın emalı, tədarükü və texnologiyaları sahəsində ixtisaslaşmış, Çin dövlətinə məxsus böyük “Sinosteel Group Corporation Limited” korporasiyasının törəmə şirkətidir. Bu şirkətin dəmir filizi yataqlarının işlənilməsi və emalı sahəsində geniş təcrübəsi var. Şirkət həm Çində, həm də Türkiyə, Avstraliya, Cənubi Afrika, Əlcəzair və Hindistan kimi digər ölkələrdə fərqli sənaye layihələrini icra edib.


“Azerbaijan Metal Company” MMC birgə müəssisəsi bu il sentyabrın 23-də “Azergold” QSC-nin törəməsi olan “Daşkəsən Dəmir Filiz” MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilib. AzMC illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarı ilə məşğul olacaq. Şəmkirdə tikiləcək zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır. Müasir və ekoloji təhlükəsiz texnologiyaların tətbiqi ilə həyata keçiriləcək layihənin ümumi investisiya dəyəri təxminən 700 milyon ABŞ dolları təşkil edir. Bu böyük layihənin Ümumi Daxili Məhsula (ÜDM) illik 694 milyon ABŞ dolları həcmində töhfə verməsi və təqribən 1 600 nəfərin birbaşa və dolayı şəkildə işlə təmin olunması gözlənilir.


L
Biznes müxbiri

Sahibkarlıq və kiçik-orta biznes mövzularında yazıram. Startapların və yerli istehsalçıların uğur hekayələrini izləmək xoşuma gəlir.

Bütün məqalələrə baxın
Paylaş: