Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə ikitərəfli əlaqələri müzakirə edib - YENİLƏNİB

25.11.2025 16:08 11 baxış sayı 4 dəq. oxuma Report
Ceyhun Bayramov Vatikanın arxiyepiskopu ilə ikitərəfli əlaqələri müzakirə edib - YENİLƏNİB

Xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Riçard Qallager ilə görüş keçirib. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini ətraflı müzakirə etdilər. Regional və beynəlxalq məsələlər, həmçinin beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində oldu.


Tərəflər inkişaf etməkdə olan Azərbaycan-Vatikan münasibətlərini nəzərdən keçirdilər. Onlar konstruktiv dialoqun, qarşılıqlı hörmətin və dinlərarası anlaşmanın, eləcə də qlobal sülh təşəbbüslərinin təşviqi istiqamətində fəal əməkdaşlığın mövcudluğunu məmnuniyyətlə qeyd etdilər. Siyasi dialoqun daha da gücləndirilməsi, mədəni və humanitar əlaqələrin genişləndirilməsi məqsədilə yüksək səviyyəli təmasların davam etdirilməsinin əhəmiyyəti vurğulandı. Bu çərçivədə, Azərbaycan Prezidentinin Vatikana rəsmi səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin oktyabr ayında Müqəddəs Taxt-Taca səfəri və səfər çərçivəsində həyata keçirilmiş görüşlərin önəmi xüsusi qeyd edildi. Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda indiyədək həyata keçirilmiş və gələcəkdə icrası planlaşdırılan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlandı. Xüsusilə, Mehriban xanım Əliyevanın Vatikana səfəri zamanı Avropanın ən böyük pediatrik xəstəxanası olan "Bambino Gesu"nu ziyarət etməsi və ölkəmizlə bu sahədə əməkdaşlıq əlaqələrinin əhəmiyyəti qeyd olundu.


Görüşdə Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası və etiqadlararası dialoq sahəsindəki uğurları, ölkəmizdə xristian məbədləri də daxil olmaqla, dini abidələrin bərpası və qorunması üzrə görülən işlər haqqında danışıldı. Tərəflər 2027-ci ildə qeyd ediləcək diplomatik münasibətlərin təsis edilməsinin 35 illiyinin əlaqələrin inkişafına əlavə təkan verəcəyinə əminlik ifadə etdilər. Nazir Bayramov eyni zamanda, qarşı tərəfə Azərbaycan-Ermənistan normallaşma prosesi, tarixi Vaşinqton Zirvəsi zamanı əldə edilmiş razılaşmalar və onların icrası istiqamətində həyata keçirilən əməli tədbirlər barədə ətraflı məlumat verdi. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri də müzakirə edildi. Beynəlxalq məsələlər çərçivəsində qlobal iqlim dəyişmələrindən narahatlıq ifadə olundu, ölkəmizin COP29 sədri olaraq gördüyü işlər və irəli sürdüyü təşəbbüslər barədə məlumat verildi. Azərbaycanın enerji təhlükəsizliyinə töhfəsi, nəqliyyat dəhlizlərinin inkişafında rolu və Orta Asiya ölkələri ilə əlaqələr də fikir mübadiləsi mövzusu oldu. Papa II İoann Pavelin 2002-ci ildə, Papa Fransisin 2016-cı ildə ölkəmizə səfərləri də məmnuniyyətlə xatırlandı.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: