
Cəbrayılın Horovlu kəndində ağacəkmə aksiyası keçirilib

Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında silsilə tədbirlər həyata keçirilir. Bu çərçivədə bu gün Cəbrayıl rayonunun Horovlu kəndində genişmiqyaslı ağacəkmə aksiyası keçirildi. Tədbir başlamazdan əvvəl kənd ərazisindəki parkda sakinlərlə görüş təşkil olundu, onlara Horovluda aparılan işlər barədə ətraflı məlumat verildi.
Kənddə həyata keçirilən ilk mərhələdə 94 hektar ərazidə ümumilikdə 334 fərdi ev tikilib. Bu evlər 2, 3, 4, və 5 otaqlıdır. Onlar müasir kommunikasiya şəbəkələri, o cümlədən su, işıq, qaz, Günəş panelləri və yüksəksürətli internetlə tam təmin edilib. Kəndin daxili yollarına asfalt döşənib. Horovluda 624 şagird yerlik məktəb binası, 220 yerlik körpələr evi-uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzinin tikintisi başa çatıb. Ən əsası, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Hazırda 94 ailə olmaqla 402 nəfər kəndə qayıdaraq məskunlaşıb və köç prosesi davam edir. Görülən genişmiqyaslı tikinti işləri kəndin həyatını yenidən canlandırır.
Aksiya çərçivəsində kəndin park ərazisində ümumilikdə 1170 ağac əkildi. Əkilənlər arasında 70 ədəd Oleandr, 50 ədəd Zeytun, 450 ədəd Şərq çinarı, 100 ədəd Yapon əzgili, 50 ədəd Gavalı, 200 ədəd Eldar Şamı və 250 ədəd Piramidal Sərv ağacları var idi. Sakinlər də bu yaşıllaşdırma tədbirində fəal iştirak etdilər. Horovluda 4,4 hektar ərazidə park kompleksi inşa edilib, eyni zamanda 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Daha sonra heyət Cəbrayıl şəhərinə gələrək 1980-ci illərin əvvəllərində tikilən və işğal zamanı dağıdılan "Dostluq Bulağı" kompleksinə baxış keçirdi. Şəhərdə artıq 659 ailə, yəni 2856 nəfər məskunlaşıb.
Sonda Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəblə tanışlıq oldu, kollektivlə görüş keçirildi. 960 şagird yerlik olan bu məktəb 2,7 hektar ərazini əhatə edir. Məktəbdə 40 sinif otağı, 5 inzibati otaq, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya, informatika otaqları və 4 STEAM otağı yaradılıb. Təhsil ocağında kitabxana, akt və idman zalları, yeməkxana da fəaliyyət göstərir. Məktəbin həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları hazırlanıb. Hazırda bu müəssisədə 335 şagird təhsil alır, 28 müəllim və 8 texniki işçi olmaqla 36 nəfər çalışır. Məktəbin builki beş məzunundan dördü tələbə adını qazanıb.
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Vahid Hacıyev: Horovlu kəndinə 250 ailənin qayıdış...
Azəri Xəbər

Zəfər Gününə Həsr Olunan Ağacəkmə Aksiyası: Polis...
Bugun.az
Baş prokurorun iştirakı ilə Zəngilanda ağacəkmə ak...
Azəri Xəbər

FHN Ağdamda ağacəkmə aksiyası keçirib
Azəri Xəbər

Naxçıvanda Zəfər Günü münasibətilə ağacəkmə aksiya...
Azəri Xəbər

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu...
Azəri Xəbər



