Biznes dünyasının çıxmazı: Müflisləşmə

07.11.2025 05:38 6 baxış sayı 6 dəq. oxuma Report
Biznes dünyasının çıxmazı: Müflisləşmə

Müasir qloballaşan bazarda biznes dünyası sürətlə dəyişir, rəqabət isə getdikcə sərtləşir. Belə bir şəraitdə kommersiya hüquqi şəxslərin müəyyən səbəblərdən uğursuzluğa düçar olması, nəticədə müflisləşmə və iflas prosesinin baş verməsi qaçılmaz olur. Müflisləşmə sadəcə bir müəssisənin iqtisadi fəaliyyətinin dayanması kimi yox, həm də bazar iqtisadiyyatında risklərin və rəqabətin təbii nəticəsi kimi qiymətləndirilir. Bu proses xüsusilə iqtisadi sabitliyin pozulduğu, durğunluq və ya böhran dövrlərində daha aktualdır. Müflisləşmənin arxasında isə yanlış idarəetmə qərarları, dəyişən bazar tələblərinə uyğunlaşa bilməmək və gəlirlərin azalması kimi kompleks səbəblər dayanır. Müflisləşmə borclunun öz maliyyə öhdəliklərini yerinə yetirə bilməməsi, yəni borc və digər maliyyə vəzifələrini ödəmək gücünün itirilməsi halıdır. Qanunvericilikdə bu, şəxsin ödəmə qabiliyyətinin olmaması kimi izah edilir.


Borclu şəxsin ödəmə qabiliyyətinin olmaması xüsusi qaydada müəyyən edilir. Borclu həyata və ya sağlamlığa vurulmuş zərərin ödənilməsi, alimentin tutulması, əmək münasibətlərindən yaranan öhdəliklər üzrə icra müddəti başladığı andan etibarən ardıcıl iki ay ərzində öhdəliklərini tam yerinə yetirmədikdə, ödəmə qabiliyyətsizliyi yaranır. Eyni zamanda, borclunun vergilər (faizlər və maliyyə sanksiyaları daxil olmaqla) və başqa dövlət ödənişlərini hesablandığı gündən ardıcıl on ay ərzində tam icra etməməsi bu vəziyyətə gətirib çıxarır. Digər kreditorlar qarşısında öhdəliklərin müəyyənləşdirilmiş müddətdə icra edilməməsi də müflisləşmə əlamətidir. Cəmiyyət arasında bir müəssisənin fəaliyyətini dayandıranda avtomatik müflis sayılması barədə yanlış təsəvvür mövcuddur. Əslində, kommersiya qurumu zəif rəqabət qabiliyyəti səbəbindən və ya bazar dəyişikliklərinə adaptasiya ola bilmədiyi üçün könüllü şəkildə fəaliyyətini dayandıra bilər. Əgər şirkətin bu zaman işçilər, tərəfdaşlar və ya maliyyə təşkilatları qarşısında yerinə yetirilməmiş öhdəlikləri yoxdursa, onun müflis elan edilməsindən danışmaq olmaz. Sadəcə fəaliyyətin dayandırılması faktı ilə müflisləşmə eyni mənanı daşımır.


Müflisləşmə qəfil ortaya çıxan təsadüfi bir vəziyyət deyil. Bu, iqtisadi, maliyyə və idarəetmə amillərinin təsiri nəticəsində formalaşan uzunmüddətli prosesin son mərhələsidir. Müflisləşmənin yaranmasına təsir edən amilləri hüquqi aspektdən qiymətləndirdikdə, onları daxili və xarici səbəblərə ayırmaq olar. Daxili səbəblər çox vaxt öhdəliyin pozulması, korporativ idarəetmədə edilən səhvlər və ya hüquqi mexanizmlərin səmərəsiz tətbiqi ilə bağlıdır. Məsələn, müəssisənin müqavilə öhdəliklərini pozması, rəhbərliyin maliyyə hesabatlarını saxtalaşdırması və ya kreditorları bilərəkdən yanlış məlumatlandırması bu vəziyyəti hüquqi cəhətdən dərinləşdirən hallardır. Bu cür hallar gəlirlərin azalmasına və ödəniş qabiliyyətinin zəifləməsinə gətirir. Xarici səbəblər isə müəssisənin iradəsindən asılı olmayan, lakin onun maliyyə vəziyyətinə birbaşa təsir göstərən amillərdir. Bunlar hüquqi baxımdan obyektiv xarakterli risklər kimi qiymətləndirilir və bazar mühitində baş verən dəyişiklikləri, yeni texnologiyaların inkişafını, rəqabətin artmasını və ya qlobal maliyyə böhranlarını əhatə edir.


Müflisləşmə prosesi zamanı əsas məqsəd təkcə borclunun əmlakının bölüşdürülməsi deyil. Əsas hədəf borclunun ödəmə qabiliyyətinin bərpasıdır. Bu hüquqi tədbirlər kreditorların maraqlarını qorumaqla yanaşı, borclunun hüquqlarının bərpasını da nəzərdə tutur. Müflisləşmə barışıq sazişi, borclu müəssisənin yenidən təşkil olunması və ya sağlamlaşdırma kimi mexanizmlərlə aradan qaldırıla bilər. Barışıq sazişi kreditorların payına düşən ödənişlərin təxirə salınması, hissə-hissə ödənilməsi, borclara güzəşt edilməsi barədə borclu ilə kreditorlar arasında əldə edilən razılıqdır. Sağlamlaşdırma metodu isə borclunun ləğv edilməsinin qarşısını almaq məqsədilə mülkiyyətçisi, kreditorlar və ya digər hüquqi və fiziki şəxslər tərəfindən maliyyə yardımı göstərilməsi yolu ilə onun ödəmə qabiliyyətinin bərpası üsuludur. Yenidən təşkil edilmə müəssisənin birləşdirilməsi, bölünməsi və ya hüquqi forma dəyişikliyi ilə borc yükünün azaldılmasına və fəaliyyətini davam etdirməsinə kömək edir. Bu mexanizmlərin effektiv tətbiqi və iş adamlarının hüquqi maarifləndirilməsi ölkə iqtisadiyyatına təsiri minimuma endirə bilər. Müflisləşməni hər zaman mənfi hadisə kimi yox, həm də iqtisadi sistemin özünü tənzimləmə və yenilənmə mexanizmi kimi də dəyərləndirmək lazımdır.


S
İqtisadi analitik

İqtisadiyyat sahəsində 10 ildir analitik işləyirəm. Maliyyə bazarları və investisiya mövzuları mənim ixtisasımdır. BSU-nun İqtisadiyyat fakültəsini bi...

Bütün məqalələrə baxın
Paylaş: