Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib (FOTO)

17.11.2025 09:06 7 baxış sayı 5 dəq. oxuma Trend
Bakıda WUF13 ilə əlaqədar diplomatik korpus üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib (FOTO)

Noyabrın 17-də Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə əlaqədar Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün hibrid formatda məlumatlandırma sessiyası keçirilib. Bakı 2026-cı ilin 17-22 may tarixlərində keçiriləcək bu qlobal tədbirə ev sahibliyi edəcək. Forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlanır. Məlumatlandırma sessiyasında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün milli koordinatoru Anar Quliyev, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Xarici Əlaqələr Departamentinin direktoru Edlam Yemeru çıxış etdilər. UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın video müraciəti də təqdim olundu. Sessiyanın məqsədi WUF13 tədbirinin mahiyyəti, hazırlıq prosesi, planlaşdırılan tədbirlər, tematik dialoqlar və iştirak imkanları barədə diplomatlara məlumat vermək idi.


WUF13-ün milli koordinatoru Anar Quliyev brifinq iştirakçılarını salamlayarkən Forumun qlobal əhəmiyyətini xüsusi vurğuladı. O, dövlət və hökumət başçılarının, həmçinin nazirlərin yüksək səviyyəli tədbirlərdə iştirak edəcəklərini bildirdi. Quliyev qeyd etdi ki, WUF13 ölkəmiz üçün dayanıqlı şəhər inkişafı sahəsində beynəlxalq əməkdaşlığı gücləndirmək üçün unikal bir platformadır. Bu tədbir Azərbaycana urbanizasiya sahəsindəki nailiyyətlərini və gələcəyə dair baxışını dünyaya göstərməyə imkan verir. Azərbaycan bu foruma yeni təşəbbüslər təqdim edib. Ən əsası, Forum tarixində ilk dəfə olaraq dövlət və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün keçirilməsi planlaşdırılır. Bu addım Azərbaycanın qlobal şəhər gündəliyinə sadiq olduğunu və şəhərlərin transformasiyasına dair beynəlxalq proseslərdə fəal liderliyini nümayiş etdirir.


UN-Habitatın icraçı direktoru Anaklaudia Rossbax videomüraciətində bu mühüm toplantının təşkilinə görə Azərbaycan Hökumətinə təşəkkür etdi. Xanım Rossbax bildirdi ki, WUF13 bütün tərəfdaşların “hər kəs üçün layiqli mənzil” təmin etmək öhdəliklərini yeniləməsi üçün əhəmiyyətli bir məqam olacaq. O, bunun insan ləyaqəti, təhlükəsizliyi və iqlim fəaliyyəti üçün zəruri olduğunu, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin əsasını təşkil etdiyini dilə gətirdi. Həmçinin, tədbir “Yeni Şəhər Gündəliyi” sənədinin qəbulunun onilliyini qeyd etmək üçün mühüm fürsət yaradır. Bu, on il ərzində əldə olunan inkişafı nəzərdən keçirməyə və növbəti on il ərzində mənzil təminatı məsələsinə fokuslanaraq fəaliyyət göstərməyə imkan verəcək.


WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov təşkilati işlər barədə ətraflı məlumat verdi. Forumun yüksək səviyyədə təşkili məqsədilə bütün əsas əməliyyat istiqamətləri üzrə hazırlıq və koordinasiya işləri ardıcıl şəkildə həyata keçirilir. Məmmədov tədbirin keçiriləcəyi Bakı Olimpiya Stadionunda müxtəlif funksional zonaların müəyyən edilməsi və müvafiq infrastrukturun qurulması istiqamətində görülən işləri izah etdi. O vurğuladı ki, hazırlıq prosesində dayanıqlılıq, təhlükəsizlik və əlçatanlıq prinsipləri tam nəzərə alınır. Məqsəd Bakıda yüksək təşkilatçılıq standartlarına cavab verən, inklüziv və qlobal əməkdaşlığa xidmət edən nümunəvi bir beynəlxalq platforma yaratmaqdır. Brifinqdə Edlam Yeməru Forumun konsepsiyası və proqramı barədə geniş təqdimatla çıxış etdi. Hibrid formatda təşkil olunan interaktiv sessiyada Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyaların rəhbər nümayəndələri, ümumilikdə 100-ə yaxın diplomat iştirak etdi. Sessiya sual-cavab və açıq müzakirə formatında davam etdi.


O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: