Bakıda ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

06.11.2025 07:44 11 baxış sayı 3 dəq. oxuma APA
Bakıda ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində ev satmaq adı ilə dələduzluq etməkdə təqsirləndirilən Xanlar Cəfərov, Oqtay Adışov və Xəzər Əliyev haqqında yekun məhkəmə prosesi başa çatıb. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarına görə, Xanlar Cəfərov və Xəzər Əliyev uzunmüddətli həbs cəzası alıblar.


Xəzər Əliyev 6 il 3 ay müddətinə, Xanlar Cəfərov isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Onların hər ikisi cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Hökmə əsasən, Xəzər Əliyev 2 il, Xanlar Cəfərov isə 3 il müddətinə dövlət və yerli özünü idarə orqanlarında maddi və rəhbər vəzifə tutmaq hüququndan da məhrum ediliblər. Üçüncü təqsirləndirilən şəxs, Oqtay Adışov daha yüngül cəza alıb. O, 1 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


İttiham tərəfindən müəyyən edilib ki, hər üç şəxs əlbir olaraq, ev satışını bəhanə edərək 3 zərərçəkəndən ümumilikdə 139 min manata yaxın pulu dələduzluq yolu ilə mənimsəyiblər. Onlar Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən dələduzluqla bağlı külli miqdarda ziyan vurma maddəsi (178.3.2) ilə ittiham olunurdu. Prosesdə dövlət ittihamçısı Xanlar Cəfərovun əvvəlki cəzası toplanılaraq ona 11 il, Xəzər Əliyevə isə 7 il 6 ay həbs cəzası verilməsini təklif etmişdi. Vəkillər isə təqsirləndirilən şəxslərə bəraət verilməsini xahiş etmişdilər.


Xanlar Cəfərovun ağır cəza alması onun əvvəlki məhkumluqları ilə əlaqəli idi. Məlumdur ki, Cəfərov bundan əvvəl dəfələrlə məhkum olunub, sonuncu dəfə ötən il 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2014-cü ildən 2019-cu ilədək “Avro Qrand” MMC-nin direktoru vəzifəsində işləyib. Adışov isə qabaqcadan əlbir olan qrupda iştirak etməkdə və xeyli miqdarda ziyan vurmaqda (178.2.1 və 178.2.4-cü maddələr) təqsirli bilinib. Məhkəmə istintaqı zamanı dəymiş ziyandan 32 min manat hissəsi zərərçəkənlərə ödənilib. Buna baxmayaraq, zərərçəkənlər tərəfindən verilmiş mülki iddia sonda qismən təmin edilib. Məhkəmə üç şəxsin dələduzluq əməlinə yekun verib.


K
İnsan hüquqları müxbiri

İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.

Bütün məqalələrə baxın
Paylaş: